Şahrux

Vikipediya, azad ensiklopediya
(Sultan Şahrux səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Şahrux Mirzə Barlas
شاهرخ
bayraq
Teymurilər dövlətinin 3-cü hökmdarı
1409 – 1447
ƏvvəlkiƏmir Teymur
SonrakıUluqbəy
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Səmərqənd
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Rey
Dəfn yeri
Fəaliyyəti hərbi lider[d]
Atası Əmir Teymur
Anası Tuqay Türkanağa
Həyat yoldaşları
Uşaqları
Ailəsi Teymurilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahrux Mirzə (20 Avqust 1377, Səmərqənd-13 Mart 1447, Rey; fars. ‎: شاهرخ (Šāhrukh Mīrzā) ) — Teymuri imperiyasının 3-cü hökmdarı.

Şahrux Mirzə Əmir Teymurun 4-cü və kiçik oğludur. Anası Qarakitay qızı Tuqay Türkanağadır. Uşaq yaşlarından elmə, sənətə yüksək qiymət vermiş, incəsənətlə məşğul olmuşdur. Digər mirzələrdən fərqli olaraq gənc yaşlarında siyasi məsələlərdən uzaq olmuş, ordu işlərinə maraq göstərməmişdir. Bu səbəbdən atası tərəfindən çox sevilsə də, vəliəhd olaraq təyin edilməmişdir. 1397-ci ildə Əmir Teymur mərkəzi Herat şəhəri olan Xorasan əyalətinin idarəsini ona tapşırmışdı.[1]

Hökmdarlığı

[redaktə | mənbəni redaktə et]

Taxta çıxması

[redaktə | mənbəni redaktə et]

Teymur ölümündən əvvəl nəvəsi Pir Məhəmmədi vəliəhd təyin etmişdi. Onun bu vəsiyyəti oğlanları arasında narazılığa səbəb oldu. Onun vəfatından sonra hakimiyyət uğrunda oğlanları Miranşah və Şahrux Mirzə arasında uzun müddətli çəkişmələr Şahruxun Teymuri taxtına çıxması ilə nəticələndi. Teymurun vəfatı ilə yarımçıq qalan Çin səfərinə onun nəvəsi Xəlil Sultan başçılıq edirdi. O Azərbaycanİraqın hakimi Miranşahın oğlu idi. Babasının ölümündən istfadə edən Xəlil Sultan Səmərqənd və Mavəraünnəhrin idarəsinin ələ keçirərək Rey şəhərinə doğru yola düşsə də, Şahrux bu hücumun qarşısını alaraq Xəlil sultanı Səmərqənddən uzaqlaşdırdı. Səmərqəndin idarəsi isə oğlu Uluqbəyə tapşırıldı. Bir müddət sonra Miranşahın oğulları ilə İranın cənubunda məskunlaşan Şeyx Mirzənin oğulları arasında münasibətlərin gərginləşməsindən istifadə edən Şahrux qərbdə VanDiyarbəkirdən, şərqdə QaşqarYarkəndə, şimalda Aral dənizindən və Sırdəryadan, cənubda Sind çayına qədər uzanan ərazilərdə öz hakimiyyətini elan etdi. O Teymuri imperiyasını 43 il, Xorasanı isə 50 il idarə etmişdir.[2]

Daxili siyasəti

[redaktə | mənbəni redaktə et]

Səmərqəndin idarəsindən uzaqlaşdırılan Xəlil sultan Şahrux tərəfindən Reyə hakim təyin edildi. Ona Teymur tərəfindən  vəsiyyət edilən Arran, GürcüstanŞirvanı yenidən tabe etməsi üçün ordu təsis edildi. Lakin Xəlil Sultan bunların heç birindən istifadə etmədi. Sonralar Şahrux bu əyaləti nəvəsi Sultan Məhəmməd Mirzənin tabeliyinə verdi. Oğlu İbrahim Mirzəni isə Şiraz hakimi təyin etdi. Daxili siyasətdə əsas diqqəti bir tərəfdən ordunun yenidən qurulmasına, digər tərəfdən isə ticarətin inkişaf etdirilməsinə yönəltmişdi. Ordu quruculuğu-Xaraktercə yumşaq təbiətli, münaqişələri sülh yolu ilə həll edən bir insan olmasına baxmayaraq Şahruxun hakimiyyəti illərində Teymuri ordusunun daha ehtişamlı və böyük olmasına diqqət göstərilmişdir. Dönəmin qaynaqlarında Şahruxun Azərbaycana və İraqa səfərlərindən bəhs olunarkən onun ordusunda 700 min nəfərin olduğu qeyd edilir. Teymurilərin rəsmi şəcərəsi olan “Muiz-ül ənsab” da oğulları istisna olmaqla sadəcə Şahruxun rəhbərliyi altında nə qədər qoşun olduğu haqqında məlumat verilmişdir. Bu qoşun 10 mindən az olmayaraq 22 tümənə bölünürdü. Bundan başqa Əmir Firuzşah, Mir Loğman Barlas, Alikə, Sufi Tərxan və Qiyas Tərxan kimi məşhur sərkərdələrin fəaliyyətləri də ordunun keyfiyyəti barədə xəbər verir. Herat şəhərində top emalı və və bu topların şahzadələr qarşısında test edilməsi də tarixi qaynaqlarda öz əksini tapmışdır. Bir topun ağırlığı təxminən 319 kq-a bərabər idi. Təsərrüfat sahəsində də Şahrux və vəziri Alikə Kükəltaşın böyük səyləri olmuşdur. Bu səylər nəticəsində Herat və Mərv məntəqələri, Hərərud və Mürgab ətrafı hövzələr təsərüüfat üçün əlverişli hala gətirilmişdir. Bu ərazilərə şahzadələr və xanımları tərəfindən su kanalları çəkilmiş və qaçqınlar yerləşdirilmişdir.  Həfiz Əbrunun Şahrux Mirzəyə həsr etdiyi Coğrafiya əsərində göstərilir ki, sırf Alikə Kükəltaşın nəzarəti altındakı əkin sahələrindən ildə 100 min harvar məhsul toplanırmış. Bu da orta hesabla 29 min tona bərabəridi.

Şahrux Mirzə zamanında kəsilmiş pullar

Ticarətin inkişafına xüsusi diqqət yetirən Şahrux Mirzə Çin, MisirHindistan ilə ticari əlaqələr saxlamış, Misir Məmlükləri ilə dostluq münasibətləri yaratmışdır. Bunun ən böyük səbəbi beynəlxalq ticarətdə, gömrük və damğa üsullarında sabitliyin təmin edilməsi və sikkələrin keyfiyyətinin qorunması idi. Osmanlı dövrünün tarixçilərindən Məali Şahruxun zamanında istifadə edilən pullardan bəhs edərək yazır:

“Şahruxun qızıl və gümüş pulları hər yerdə keçərli idi. Hər kəs onu öpüb alnına qoyardı. Çünki pullar saf və təmiz idi”.

Herat və Xarəzm dönəmin ticarət mərkəzləri sayılırdı.

Maarif və incəsənət-  Bu dövrdə islami elmlər və fəlsəfə ilə yanaşı riyaziyyata və Türk incəsənətinə də xüsusi diqqət göstərilmişdir . Bundan başqa tarix sahəsində Şahrux Mirzənin sifarişi əsasında Taci Selmani və Hafiz Əbru tərəfindən əsərlər ərsəyə gətirilmişdir.[3] Hafiz Əbrunun “Məcmue-ye Hafiz-e Əbru” əsəri Fəzlullah Rəşidəddinin "Came-ət-Təvarix" əsəri əsasında yazılıb. Kitabın Topqapı sarayında olan nüsxəsində Şahrux Mirzənin sifarişi ilə onun şəkilləri rəsm edilmişdir. O, Türk ədəbiyyatını da himayə etmişdir. Belə ki, Çağatay şairi Səqqaqi, Lütfi, Durbik və maruf Seydi Əhməd kimi şairlərin Şahrux haqqında yazdıqları şeirlər günümüzə qədər gəlib çatmışdır.

Gövhərşad məscidi

Böyük oğlu Uluqbəy dövrünün məşhur riyaziyyatçı, astronomlarından olmuşdur.  1420-ci ildə onun adına Uluqbəy rəsədxanası inşa olunmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Digər oğulları Baysunqur Mirzə və ibrahim Mirzə hələ kiçik yaşlarından Şahruxun öz yanında yetirşidirlmiş, dini və dünyəvi elmlər üzrə yüksək təhsil almışdılar. İbrahim Mirzə dövrünün görkəmli xəttat və tarixçilərindən biri olmuşdur. Memarlıq.  Şahruxun hakimiyyəti illərində Teymuri memarlığı özünün yüksəliş dövrünü yaşadı. Onun tərəfindən inşa etdirilən Şeyx Abdullah Ənsari türbəsi, yoldaşı Gövhərşadın inşa etdirdiyi bir neçə minarə və oğlu Baysunqurun sifarişi ilə inşa olunan bir neçə türbədən ibarət qübbə günümüzə qədər gəlib çatmışdır. Dövrün ən görkəmli əsərlərindən biri də Məhşəddəki “Gövhərşad məscidi”dir. Məscidin günbəz şəkilli tağları və onun xüsusi bəzəyə malik minarələri qabarıq üsulla bəzədilmiş, həmçinin divarın naxış və xətləri gips üzərində Teymurilər dövrünün ən yaxşı kaşıları bu binaya təkrarolunmaz gözəllik vermişdir. Bu qədim bina İran incəsənətinin kamil və seçilmiş nümunələrindən sayılır və qədim memarlığın bütün xüsusiyyətləri burada işlədilmişdir.[4] Bundan başqa Uluqbəy tərəfindən Səmərqənd, Buxara və Şəhrisəbzdə bir sıra mədrəsələr tikilmişdir. Bunlardan sonuncusunun inşası zamanı Şahrux Mirzə artıq vəfat etmişdi.

Xarici siyasəti

[redaktə | mənbəni redaktə et]

Qaraqoyunlu dövləti ilə münasibətlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycana I yürüş Teymurun vəfatından sonra 7 il ərzində Teymurilər dövlətində daxili çəkişmələr baş verdi. Vəziyyətdən yararlanan Qara Yusif Azərbaycanın idarəsinin ələ keçirsə də Diyabəkir valisi Ağqoyunlu bəyi Əmir Şəmsəddin, İvnik qalasını və Əhləti idarə edən Doladay və Şirvan şahları Mərkəzi Teymur dövlətinə yəni Şahruxa sadiq qaldı. Hakimiyyəti tamamilə ələ aldıqdan sonra Şahrux Azərbaycan yürüşlərinə hazırlıq görməyə başladı. Səfərə çıxmazdan əvvəl diplomatik münasibətlər yaratmağa çalışdı. Bu məqasədlə məktub yazaraq elçisini Qara Yusifin sarayına göndərmişdir. Məktubda Qara Yusifdən Qəzvin və Sultaniyə şəhərlərini tərk etməsini, Miranşahın ailsəini və mülkünü qaytarmasını və adına sikkə kəsdirib, xütbə oxutdurulmasını tələb etdi. Lakin Şahruxun tələbləri Qara Yusif tərəfindən rədd edildi. Nəticə də Şahrux Mirzə 1-ci Azərbaycan yürüşünə hazırlaşmağa başladı. İlk səfər avqustun 25-i 1420-ci ildə baş tutdu. Artıq 12 sentyabrda Şahrux Mirzə 90 minlik ordu ilə Rey şəhərinə çatır. Mənbələrdə göstərilir ki, heç kəs Qara Yusifin məğlub ola biləcəyinə inanmırdı. Burada Şahrux 2-ci dəfə öz elçisini Qara Yusifin yanına göndərək sülh təklif etsə də, Qara Yusif Teymuri elçisini həbs etdirərək döyüş üçün hazırlıqlara başladı. Digər tərəfdən Qara Yusif, Osmanlı Sultan I Mehmedə məktub yazıb, bildirdi ki,  Şahrux bütün Anadolunu boğazlara qədər işğal edəcək və Balkanlardan Dəşt-i Qıpçağa keçərək ,Dərbənd keçidindən Azərbaycana qayıdacaq. Bu məktubla Osmanlıları yaxınlaşan təhlükə qarşısında səfərbər etməyə çalışırdı. Çox keçmədən Qəzvin şəhəri Əmir Yusifin rəhbərliyi ilə Teymuri ordusu tərəfindən ələ keçirildi. Lakin Qara Yusifin vəfatı ilə hər şey dəyişir. Qara Yusifin oğlu Mirzə Cahanşah qiymətli hədiyyələrlə Şahruxun hüzuruna çıxaraq ona bağlılığını bildirdi.. Qara Yusifin ölüm xəbərini eşidən Şahrux Sultaniyə şəhərinə doğru yola çıxdı. Oğlu Baysunqur Mirzəni isə böyük bir ordu ilə Təbrizə göndərdi. Digər oğlu Sultan İbrahimi də Marağaya göndərən Şahrux Mirzə 21 noyabr 1420-ci ildə Sultaniyə şəhərinə daxil oldu. Qalada olan yerli əhaliyə zərər verilməməsini əmr edib, ordusuna şəhəri yağmalamağı qadağan etdi. Qalaya vali təyin edərək, MiyanəƏrdəbildən keçib Qarabağa gəldi. Mirzə Baysunqurun ordusu da heç bir çətinliklə üzləşmədən Təbrizə daxil oldu. Daha sonra o da atasının yanına-Qarabağa yola düşdü. Qışı burada keçirən Teymuri ordusu 1 aprel 1422-ci ildə ölkəsinə qayıtdı. Çox keçmədən Azərbaycanın ayrı-ayrı bölgələrində Teymurilər əlehyinə üsyanlar başladı. Gəncə və Bərdə hakimi Əmir Yarəhməd Qaraman ayağa qalxdı. Lakin bu üsyan Mirzə Baysunqur tərəfindən yatırıldı.[5] Beləliklə, heç bir müqavimətə rast gəlməyən Şahrux Azərbaycanı zəbt etdi, lakin Qaraqoyunlu dövləti dağılmadı. Qala Yusifin böyük oğlu İsgəndər Şahruxa qarşı inadlı mübarizəyə başladı. Qaraqoyunlu tayfalarını öz ətrafına yığmış İsgəndər Ələşkert vadisində üç gün davam edən (30 iyul - 1 avqust 1421) qanlı döyüşdə Teymurilər tərəfindən məğlub olundu. Sayı 50 mindən çox olmayan Qaraqoyunlu qoşunları sayca 4-5 dəfə artıq olan Şahruxun hərbi qüvvələrinə qalib gələ bilməzdilər. Teymurilərin qoşununda Hindistandan gətirilmiş döyüş filləri də vardı. Ağqoyunlu əmiri Qara Osman da öz qoşunu ilə Şahruxun ordusuna qoşulmuşdu.[6]

II Yürüş

Qərbə etdiyi səfəri tamamlayıb qayıdan Şahrux burada Qaraqoyunlu Mirzə İsfəndin Təbrzi ələ keçirməsi xəbərini eşitdi. Daha sonra qardaşı Qara İsgəndər Kərkük mövqeyindən hücum edərək onu şəhərdən çıxartdı. Beləliklə Azərbaycanda Qaraqoyunlu hakimiyyəti yenidən bərqərar edildi. Qara İsgəndər Teymurilərə tabe olan Qara Qoyunlu oymaqlarının üzərinə ordu göndərərək onları məğlub etdi və ələ keçirdiyi bəyləri cəzalandırdı. Sultaniyə, Zəncan, Qəzvində Qaraqoyunlu hakimiyyətini bərpa etdi. 1427-ci ildə Şirvanşahlar üzərinə yürüş edərək Dərbəndə qədər olan əraziləri ələ keçirdi. Qərbdən gələn bu xəbərləri eşidən Şahrux Mirzə yenidən Qaraqoyunlu üzərinə yürüşə başladı. Şahrux Azərbaycana ikinci səfərini 100 minlik ordu ilə 1429-cu ilin yayında başladı. Qaraqoyunlu İsgəndərlə Şahrux arasında həmin ilin sentyabrın 17-də baş vermiş Səlmas vuruşması iki gün davam etdi. İsgəndərin qəhrəmanlıq göstərməsinə baxmayaraq, Şahruxun ehtiyat qüvvələri bu döyüşü də onun xeyrinə həll etdilər. I

II Yürüş

Şahruxun Azərbaycana 3-cü yürüşü 1433-1436-cı illərdə baş verdi. Şahrux Azərbaycanda Qaraqoyunluların hakimiyyətini aradan qaldırmağa qadir olmadığını anlamışdı. Buna görə də o, Qara Yusifin oğulları arasında gedən rəqabət və düşmənçilikdən istifadə etməyi münasib bildi. Şahrux İsgəndərə qarşı Qara Yusifin ən kiçik oğlu Əbu Səidə arxalanmağı qərara aldı. 1430-cu ildə Qarabağda qışlayan Şahrux yanına gəlmiş Əbu Səidi Azərbaycanın hakimi təyin etdi. Lakin Əbu Səid Azərbaycan taxtında ancaq 5-6 ay otura bildi. Azərbaycana gəlmiş İsgəndər Əbu Səidi ələ keçirib öldürdü və yenə hakimiyyəti öz əlinə aldı (1431-1435).[7] 1434-cü ilin ortalarında İsgəndər Şirvan üzərinə qarətçi yürüş etdi. Şirvanşah I Xəlilullah sığındığı Mahmudabad qalasından Şahruxun yanına öz adamını göndərdi, ölkənin görünməmiş surətdə viran və qarət edildiyini ona xəbər verdi. Xəlilullah eyni zamanda Qara Osmandan da yardım istəmişdi. Ağqoyunlu bəyi dərhal böyük qoşunla Diyarbəkirdən hərəkət etdi və Ərzurumu mühasirəyə aldı. 1435-ci ilin fevralında Reydə qışlayan Şahrux Vanda olan Cahanşahı öz yanına dəvət etdi. Cahanşahın qardaşı İsgəndərə dəfələrlə itaətsizlik göstərdiyini Şahrux yaxşı bilirdi. 1436-cı ilin mayında Şahrux Qarabağı tərk etdi, Ucana gəldi və burada vassallığı qəbul etmək şərti ilə Azərbaycan hökmdarlığını Cahanşaha verdi.

Qızıl Ordu dövləti ilə münasibətlər

[redaktə | mənbəni redaktə et]

Teymurun vəfatından sonra Qızıl ordu bəyləri Xarəzmi ələ keçirmişdi. Şahrux Mirzə Xarəzmə hücum edərək buranı Şah Məliyin idarəsinə verdi. Qızıl Ordu xanı Barak xan 1419-cu ildə Səmərqəndə gəlib Uluqbəydən yardım istəyir. Nəticə də Uluqbəy onu böyük bir ordu ilə ölkəsinə yola salıb, xan elan edir. Lakin Barak xan qarşılığında 1427-ci ildə Sirdərya hövəzəsinin Sabran vilayətinə hücum edir və Uluqbəy tərəfindən məğlub edilir. Həmin illərdə Sabran böyük mədəniyyət mərkəzlərindən biri idi. Atasının hakimiyyəti illərində Uluqbəyin Qaşğar vilayəti uğrunda Çağatay ulusu xanlarından Şirməmməd xanla döyüşə girmiş və qalib gəlmişdir. O bu səfərini Səmərqəndlə Cizak arasında İlan Ötü adlanan qayalara həkk etdirmişdir. Şahruxun , Uluqbəyin və Əmir şah Məlikin Qızıl Ordu dövlətindəki nüfuzu dönəmin əl yazmalarında , yazılıq qaynaqlarında öz əksini tapmışdır.

Çinlə münasibətlər

[redaktə | mənbəni redaktə et]

Şahrux dövründə Çin ilə də geniş ticarət əlaqələri saxlanırlırdı. Bu haqda həm çin, həm də Teymuri qaynaqlarında məlumat olduqca çoxdur. Çin elçisi AN-Çi-Tao ilə birgə 1409-cu iləd göndərilən Teymuri elçləri səfərdən qayıtdıqdan sonra hər 2-3 ildən bir Şahrux, oğulları və Xazərm valisi Əmir Şah Məlik Çinə elçilər göndərmişdilər. Şahrux özünü “Şahrux Bahadur” deyə adlandırdığı üçün Çin qaynaqlarında da onu “ Şa-hur-lu Ba-du-ru” deyə qələmə alıblar. Çin imperatorunun 1410-cu ildə Şahrux Mirzəyə yazdığı məktublar çin qaynaqlarında olduğu kimi Teymuri qaynaqlarında da öz əksini tapmışdır. Şahrux və oğulları tərəfindən yazılan məktublar çin, fars və uyğur dillərində yazılmışdır. Şahruxun ərəbcə bir məktubu da günümüzə qədər gəlib çatmışdır. Çin imperatorunun yazdığı məktublarda Şahruxu özündən asılı bir hökmdar kimi qəbul etidyi açıqca görülsə də, Şahrux Mirzə də məktublarında bu fikrə qarşı çıxmamışdır.O cümlədən məktublarda 1417-ci ildə gələn Çin elçilərinə Heratda geniş süfrələr açılıb, ziyafətlər verilməsi haqqında da məlumatlar öz əksini tapmışdır.

Xanımları

Qızları

  • Məryəm Sultan Ağa
  • Qutluq Türkan Ağa
  • Qutluq Sultan Ağa
  • Tağay Türkan Ağa
  • Səadət Sultan Ağa
  • Payanda Sultan Ağa

Oğlanları

  • Uluqbəy -  Mavəraünnəhr valisi, Şahrux Mirzənin böyük oğlu
  • Sultan İbrahim Mirzə (1394–1435) - Fars valisi , Şahrux Mirzənin 2-ci oğlu.
  • Baysunqur (1397–1433)- Şahrux Mirzənin 3-cü oğlu. Səmərqəndin idarəsində mühüm rol oynamışdır. Atasından əvvəl vəfat etmişdir.[8]
  • Soyurqatmış Mirzə (1399–1426)- Şahrxun Mirzənin 4-cü oğlu. Hindistan və Qəznə valisi
  • Məhəmməd Cüki Mirzə (1402-1444) – sonuncu oğlu. Qarmşir və Xuttal hakimi.
Şahrux Mirzənin qəbri

1446-cı ildə nəvəsi Sultan Məhəmmədin İsfahana yürüşü haqqında xəbəri eşidən Şahrux Mirzə vəziyyəti araşdırmaq üçün Şiraza doğru yola düşdü. Onun bu səfərə çıxması səhhəti üçün böyü təhlükə idi. Lakin Gövhərşah bəyimin təşviqi ilə sağlığına məhəl qoymadı. Belə ki heç bir müqavimətlə rastlaşmadan çox asanlıqla Rey şəhərinə daxil olan Şahrux Mirzə buradan 30 minlik bir ordu ilə Sultan Məhəmmədin üzərinə yürüş edir. Çox keçmədən Sultan Məhəmməd babasının qoşunları qarşısında geri çəkilmək məcburiyyətində qaldı. Novuz yaxınlaşdığı üçün burada qısa müddət qalaraq, yığıncaqlar təşkil edən Şahrux Mirzə ,3 günlük səfər üçün hazırlıqlar görməyə başlasa da, səfər zamanı, 12 mart 1447-ci ildə vəfat etmişdir.[2]

  1. Roemer, Hans Robert. "Timurlular". İslam Ensiklopedisi. Milli Eğitim basımevi. 12 (1). 1974: 346–370.
  2. 1 2 Aka, İsmail. Timur ve devleti. Ankara: Türkiye Tarih Kurumu. 2000.
  3. "ḤĀFEẒ-E ABRU". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
  4. "Gawharshad Musalla Complex". 2020-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
  5. Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
  6. Azərbaycan Tarixi III cild. Bakı: Elm nəşriyyatı. 2005.
  7. Sümer, Faruk. Karakoyunlular. Ankara: Türk Tarih Kurumu Basım evi. 1967.
  8. "BĀYSONḠOR, ḠĪĀṮ-AL-DĪN". 2019-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-29.