Vestminster abbatlığı
Vestminster abbatlığı | |
---|---|
Westminster Abbey The Collegiate Church of St Peter, Westminster | |
51°29′57″ şm. e. 0°07′38″ q. u.HGYO | |
Ölkə | Birləşmiş Krallıq |
Şəhər | London |
Yerləşir | Vestminster borosu[3] |
Sifarişçi |
Benedikt Mömin Eduard |
Əsas tarixlər |
960 - əsası qoyulub 1517 - yenidənqurma XVII əsr - qüllələr inşa edilib |
Tikilmə tarixi | X əsr[1] - 1745 |
Üslubu | qotika |
Sahəsi | 3,000 m2 (32,000 ft2)[2] |
Zəngləri | 10 |
Qüllələri | 2 |
Vəziyyəti | Fəaliyyətdə olan kollegial kilsə, XI əsrdən ingilis monarxlarının tacqoyma mərasimlərinin keçirildiyi yer |
Rəsmi sayt | westminster-abbey.org |
Rəsmi adı: Palace of Westminster and Westminster Abbey including Saint Margaret’s Church | |
Tipi | Mədəni |
Kriteriya | i, ii, vi |
Təyin edilib | 1987 |
İstinad nöm. | 426 |
Dövlət | Böyük Britaniya |
Region | Avropa |
İngiltərənin qeydiyyata alınmış abidələri | |
Rəsmi adı: Westminster Abbey (The Collegiate Church of St Peter) | |
Təyin edilib | 24 fevral 1958 |
İstinad nöm. | 1291494 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Vestminster abbatlığı (ing. Westminster Abbey), rəsmi olaraq Vestministerdə Müqəddəs Pyotr Kollegial kilsəsi (ing. Collegiate Church of St Peter at Westminster) — Londonun Vestminster şəhəri ərazisində, Vestminster sarayının qərbində yerləşən böyük qotik kilsə. Böyük Britaniyanın ən mühüm və tanınmış dini məbədlərindən biri olan Vestminister abbatlığı İngiltərə, daha sonra isə Böyük Britaniya monarxlarının ənənəvi tacqoyma və dəfn yeridir. 1540–1556-cı illər arasında abbatlıq kafedral statusuna malik olmuşdur. 1560-cı ildən kilsə həm abbatlıq, həm də kafedral statusundan məhrum edilərək Anqlikan kilsəsinin "Kral xası" statusu daşımağa başlamışdır. Kilsə binası özü isə abbatlıq formasına malikdir.
İlk dəfə Silkard tərəfindən 1080-ci ildə qeyd edilən tarixi ənənəyə görə, kilsənin əsası indiki ərazidə (o zaman Torni adası adlandırılırdı) VII əsrdə, Mellitin London yepiskopu olduğu dövrdə qoyulmuşdur. Hazırkı kilsənin inşasına 1245-ci ildə kral III Henrinin tapşırığı ilə başlanılmışdır.[4]
1066-cı ildə Harold Qodvinson və I Fateh Uilyamın tacqoymasından sonra İngiltərə və Britaniya monarxlarının tacqoyması daima bu kilsədə keçirilmişdir.[4][5] 1100-cü ildən bu vaxta kimi kilsədə 16 kral toyu keçirilmişdir. Onlardan ikisi hakimiyyətdə olan monarxların (I Henri və III Riçard) toyu olsa da, 1919-cu ilə kimi 500 il ərzində kilsədə toy olmamışdır.[6]
Tarixi
[redaktə | mənbəni redaktə et]Abbatlıq haqqında ilk məlumatlar bir qədər sonrakı ənənəni əks etdirir və bu məlumatlarda qeyd edilir ki, Oldriç adlı balıqçı Temza çayında balıq tutarkən kilsənin yerləşdiyi yerin yaxınlığında Müqəddəs Pyotru görüb. O zamanlar bu, abbatlığın Temzadan balıq tutan balıqçılardan hədiyyə alması üçün nəzərdə tutulmuşdu. Müasir dövrdə "Fishmonger's Company" hər il abbatlığa balıq bəxşiş edir. Tarixi əsası olan məlumatlara əsasən isə 960 və ya 970-ci illərdə Kral Edqarın göstərişi ilə Dunstan kilsənin yerləşdiyi ərazidə Müqəddəs Benedikt ordeninin əsasını qoymuşdur.
Kral Mömin Eduardın tikinti işləri
[redaktə | mənbəni redaktə et]Özünü kral dəfn kilsəsi ilə təmin etmək məqsədi güdən İngiltərə kralı Mömin Eduard 1042–1052-ci illər arasında Müqəddəs Pyotr abbatlığının yenidən qurulmasına başladı. Bu kilsə, İngiltərədə Roman memarlığı üslubunda inşa edilmiş ilk kilsə idi. Təxminən 1090-cı illərdə kilsənin inşası hələ tamamlanmasa da, Mömin Eduardın ölümündən bir həftə əvvəl 28 dekabr 1065-ci ildə kilsəyə xeyir-dua verilmiş, 5 yanvar 1066-cı ildə isə Mömin Eduard vəfat etmişdir.[7] Ölümündən bir həftə sonra kral bu kilsədə dəfn edilmişdir. Doqquz il sonra onun həyat yoldaşı Edit də yanında dəfn edilmişdir.[8] Onun varisi II Haroldun tacqoyma mərasimi də ehtimal ki, kilsədə keçirilmişdir, lakin kilsədə sənədləşdirilmiş ilk tacqoyma mərasimi həmin il I Fateh Uilyam tərəfindən keçirilmişdir.[9]
Mömin Eduardın sifarişi ilə inşa edilmiş kilsənin dövrümüzə çatmış yeganə təsviri Bayo qobeleni üzərində saxlanmışdır və birada kilsə Vestminster sarayına bitişik təsvir edilmişdir. Monastır yataqxanasının aşağı hissələrinin bəzi bölmələri, cənub transeptinin genişləndirmələri Normand dövrü Böyük məktəbinin qalıqlarıdır, qapı isə Sakson abbatlığından qalmışdır. Dunstan tərəfindən əsası qoyulmuş on monax sayı bəxşişlərin çoxluğuna görə on səkkizə qədər artırılmış[10], həmçinin monastır əşyaları və fəaliyyətinə nəzarət edən çoxsaylı qardaşlar da burada yaşamışlar.
Müasir kilsənin tikintisi
[redaktə | mənbəni redaktə et]Müasir kilsənin tikintisinə Kral III Henrinin[11] sifarişi ilə 1245-ci ildə başlanmış və kral bu kilsəni özü üçün dəfn məkanı kimi seçmişdir.[12]
Krallara məxsus Vestminster sarayına çox yaxın yaşayan abbot və monaxlar Normand istilasından yüz il sonra, XII əsrdə kral sarayına böyük nüfuz qazanmışdılar. Tez-tez kral xdsmətində çalışan abbotlar, zamanlar Lordlar Palatasında da hüquqi yerlərini tuta bilmişdilər.[13]
X əsrin ortaların Kluniak hərəkatının təsiri ilədini rəhbərliyin təsirindən azad olmuş Müqəddəs Benedikt ordeninin üzvləri cəmiyyətin ictimai həyatında, xüsusilə də yüksək rütbə üzvləri arasında xüsusi hörmət qazanmağa başladılar. Lakin, yüksək sosial mövqe və kral ailəsi ilə əlaqələr abbot və monaxların həyat tərzinə təsir etmədi; Müqəddəs Benedikt ordeninin Vestminster sarayına yaxın üzvləri də digər üzvlər kimi sadə həyat sürməyə davam edirdilər. Abbot iki-üç min arası sakini olan Vestminster şəhərinin mülkədarı olaraq qalırdı: böyük istehlakçı və işverən olan monastır şəhər iqtisadiyyatının yaxşılaşdırılmasında mühüm rol oynamışdır.[14] Temzanın qərb sahilində abbatlıq çoxlu mağaza və yaşayış yerləri inşa etdirmişdi.
Vestminster abbatlığı Normand krallarının tacqoyma mərasiminin keçirildiyi yer olmuşdur. III Henriyə kimi abbatlıqda heç kim dəfn olunmamışdır, lakin Henri Mömin Eduarda hörmət əlaməti olaraq kilsəni anqlo-fransız qotik üslubunda yenidən inşa etdirmiş və öz məzarının da İngiltərənin ən hündür qotik nefi altında olmasını istəmişdir. Mömin Eduardın məzarı sonradan kilsənin kanonlaşdırılmasında mühüm rol oynamışdır. İnşaat işləri 1245–1517-ci illər arasında davam etdirimiş və II Riçardın hakimiyyəti zamanında memar Henri Yevele tərəfindən tamamlanmışdır. III Henri həm də yüksək altar qarşısında unikal Kozmati trotuarının inşasını maliyyələşdirmişdir (Trotuar təmizləmə və konservasiya işləri zamanı bərpa edilmiş və 21 may 2010-cu ildə yenidən həsrlə açılmışdır).[15]
VII Henri abbatlıq binasına perpendikulyar stildə inşa edilmiş kapella binası əlavə etdirmişdir. 1503-cü ildə inşa edilmiş kapella Müqəddəs Bakirə Məryəmə həsr edilmişdir (lakin, daha çox VII Henri kapellası kimi tanınır). İnşaat zamanı inşa edilmiş daşlar Fransanın Kan şəhərindən (Kan daşı), Portlend adasından (Portlend daşı) və Fransanın Luar vadisi ərazisindən (Tüffe qumdaşı) gətirilmişdir.
XVI–XVII əsrlərin inşaat işləri
[redaktə | mənbəni redaktə et]1535-ci ildə Tüdor sekulyarizasiyası zamanı illik £2400–2800 gəlirə malik olan (2015-ci il ekvivalenti £1,320,000-£1,540,000 arası) Vestminster abbatlığı bu göstəriciləri ilə yalnız Qlastonberi abbatlığından geri qalırdı.
1540–1550: 10 illik kafedral dövrü
[redaktə | mənbəni redaktə et]1539-cu ildə VIII Henri kilsələr üzərində birbaşa kral idarəsini ləğv etdi, 1540-cı ildə Vestminster abbatlığı kafedral statusu almış və Vestminster arxiyepiskopluğu yaradılmışdır. Abbatlığa kafedral statusu verən VIII Henri bu yolla onu dağılma və qarətdən xilas etmiş, həmin dövrdə əksər İngiltərə abbatlıqları isə dağıdılmışdır.
1550-ci ildən sonra: çətin vaxtlar
[redaktə | mənbəni redaktə et]1550-ci ildə Vestminster arxiyepiskopluğu ləğv edildi, lakin abbatlıq 1556-cı ilə kimi London yepiskopluğunun ikinci kafedralı kimi fəaliyyət göstərdi.[16][17][18] Həmin dövrdən "Pavelə ödəniş üçün Pyotru qarət et" ifadəsi anlamını itirməyə başlayır və Müqəddəs Pyotr üçün ödənilən xərclər artıq Müqəddəs Pavel kafedralının xəzinəsinə yönləndirilmədi.
Katolik I Mariyanın hakimiyyəti dövründə Müqəddəs Benedikt ordeni üzvlərinə abbatlıqda restavrasiya işləri aparmağa icazə verilsə də, I Elizabet 1560-cı ildə onlara qadağa qoymuşdur. 1560-cı ildə I Elizabet Vestminster abbatlığını "Kral xası" olaraq bərpa etdi – Anqlikan kilsəsinin yeparxiya arxiyereyinə deyil birbaşa dövlət başçısına tabe olan kilsəsi – və Müqəddə Pyotr Kollegial kilsəsi adlandırıldı (bu, kafedral kilsə olmayıb dekanın başçılıq etdiyi və kanonlarla idarə olunan kilsədir). I Mariyanın dövründə xidmət etmiş son abbot I Elizabet tərəfindən ilk dekan təyin edildi.
1640-cı illərin üsyanları zamanı kilsə puritan ikonaklastlarının hucumuna məruz qalsa da, İngiltərə respublikası dövründə onun dövlət ilə sıx əlaqələri bərpa edilmişdir. 1658-ci ildə Oliver Kromvel abbatlıqda dəfn edilsə də, 1661-ci ildə ekskumasiya edilərək ölümündən sonra Tayberndə asılmışdır.
Qərb qüllələrinin inşası və sonrakı dövr
[redaktə | mənbəni redaktə et]Abbatlığın qərb fasadında yerləşən iki qüllə 1722–1745-ci illər arasında memar Nikolas Hoksmur tərəfindən Portlend daşından inşa edilmiş və neoqotika memarlıq cərəyanının ən erkən nümunələrindən biri hesab edilir. Abbatlığın divarlarının üzlənməsi və döşəməsinin işlənməsi üçün Purbek mərməri istifadə edilmiş, lakin müxtəlif məzar daşları fərqli mərmərlərdən hazırlanmışdır. XIX əsrdə abbatlıqda Ser Corc Gilbert Skottun rəhbərliyi ilə bərpa və yenidənqurma işləri aparılmşdır.
XX əsrin ortalarında Ser Edvin Laçens tərəfindən qərb frontu üçün narteks (portiko və ya giriş zalı) layihəsi hazırlansa da, tikinti işlərinə başlanılmamışdır. Binanın qüllələrin inşasından əvvəlki görünüşünü əks etdirən görüntülər çox az olsa da, abbatlığın rəsmi saytında qeyd edilir ki, Yevelenin inşasından sonra yalnız aşağı hissələr və nefin örtüyü tamamlanmışdı.
XIX əsrə kimi Vestminster Oksford və Kembricdən sonra İngiltərənin üçüncü ən böyük təhsil mərkəzi olmuşdur. Məhz Burada Kral Yakob Bibliyasının Əhdi-Ətiq hissəsinin üçdə biri və Əhdi-Cədid hissəsinin ikinci yarısı tərcümə edilmişdir. Yeni İngilis Bibliyası da XX əsrdə burada hazırlanmışdır. Blitz əməliyyatı zamanı 15 noyabr 1940-cı ildə Vestminster abbatlığı da qismən zədələnmişdir. 10/11 may 1941-ci ildə Londonun bombalanması zamanı abbatlığın damı dağıdılmışdır.
Bütün bombalar nəzarətçilər tərəfindən söndürülsə də taxta dirəklər və gips elementlər arasına düşən bombalardan biri şimal transeptində yanğına səbəb olmuşdur. Tez bir zamanda yayılmağa başlayan yanğın kilsə avadanlıqlarına da ciddi zədə vurmuşdur. Damdan tökülən alovlu parçalara baxmayaraq mümkün qədər çox tarixi mübül və digər əşyalar xilas edilmişdir. Nəhayət ki, dam tamamilə çökmüş və alov söndürülmüşdür.
1990-cı illərdə Rusiya rəssamı Sergey Fyodrov tərəfindən işlənmiş iki ikona abbatlıqda asılmışdır.[19] 6 sentyabr 1997-ci ildə Şahzadə Diananın dəfn mərasimi abbatlıqda baş tutmuşdur. 17 sentyabr 2010-cu ildə Roma Papası XVI Benedikt abbatlığa gəlmiş ilk papa olmuşdur.[20]
Tacqoymalar
[redaktə | mənbəni redaktə et]1066-cı ildə Kral Harold Qodvinson və I Fateh Uilyamın tacqoymalarından sonra, İngiltərə və Britaniya monarxlarının tacqoyma mərasimləri Vestminster abbatlığında baş tutmuşdur.[4][5] 1216-cı ildə London şəhəri Fransa şahzadəsi Luinin işğalı altında olduğuna görə həmin vaxt III Henrinin tacqoyma mərasimi Vestminster abbatlığında deyil, Qloster kafedralında keçirilmişdir. Roma papası III Honoriy bu tacqoymanı tanımadığına görə 17 may 1220-ci ildə Vestminster abbatlığında III Henri üçün yenidən tacqoyma mərasimi təşkil olunmuşdur.[21] Mərasimin kleriki ənənəvi olaraq Kenterberi arxiyepiskopu olmuşdur.
İngiltərə və Britaniya krallarının tacqoyma zamanı oturduqları Kral Eduardın taxtı (və ya Müqəddəs Eduardın taxtı) hazırda da abbatlıqda saxlanılır və 1308-ci ildən bəri keçirilmiş bütün tacqoyma mərasimlərində istifadə edilir. 1301-ci ildən 1996-cı ilə kimi (1950-ci ildə taxtın Şotland milliyətçiləri tərəfindən oğurlandığı qısa müddət istisna olmaqla) taxt həm də Şotlandiya krallarının tacqoyması zamanı istifadə edilmiş Skun daşını özündə ehtiva etmişdir. Hazırda daş Şotlandiyada, Edinburq qalasında saxlanılır, lakin, gələcək tacqoyma mərasimlərində istifadə üçün daşın Müqəddəs Eduard taxtına qaytarılacağı gözlənilir.
Monarx evlilikləri
[redaktə | mənbəni redaktə et]- 11 noyabr 1100: Kral I Henri və Şotlandiyalı Matildanın toyu
- 4 yanvar 1243: Kral III Henrinin qardaşı, Kronuoll qrafı Riçard (Sonradan Almaniya kralı) və Provanslı Sançanın toyu. Sança, III Henrinin kraliçası Provanslı Eleanorun bacısı idi.
- 9 aprel 1269: III Henrinin oğlu, Lester və Lankaster qrafı Qozbel Edmund və Ledi Avelin de Fozun toyu.
- 30 aprel 1290: Kral I Eduardın qızı Akrlı Coanna və VII Qloster qrafının toyu.
- 8 iyul 1290: Kral I Eduardın qızı İngiltərəli Marqarita və Brabant qrafının oğlu II Conun toyu.
- 20 yanvar 1382: Kral II Riçard və Bohemiyalı Annanın toyu.
- 27 fevral 1919: Şahzadə Konnautlu Patrisiya və fəxri kapitan Aleksandr Ramsayın toyu.
- 28 fevral 1922: Kral V Georqun qızı Böyük Britaniyalı Mariya və Hervud qraflı Henri Lassellesin toyu.
- 26 aprel 1923: Kral V Georqun oğlu, York qrafı Şahzadə Albert (sonradan kral VI Georq) və Ledi Elizabet Boul-Lyonun (sonradan Kraliça ana Elizabet) toyu.
- 29 noyabr 1934: Kral V Georqun oğlu, Kent qrafı şahzadə Georq və Yunanıstanlı və Danimarkalı Marinanın toyu.
- 20 noyabr 1947: Kral VI Georqun böyük qızı Şahzadə Elizabet (sonradan Kraliça II Elizabet) və Edinburq qrafı Filipp Mauntbettenin toyu.
- 6 may 1960: Kral VI Georqun kiçik qızı Şahzadə Marqaret və Entoni Armstronq-Consun (sonradan Snoudon qrafı) toyu.
- 24 aprel 1963: Şahzadə Kentli Aleksandra və biznesmen Anqus Oqilvinin toyu.
- 14 noyabr 1973: Kraliça II Elizabetin yeganə qızı Şahzadə Anna və Kapitan Mark Filipsin toyu.
- 23 iyul 1986: Kraliça II Elizabetin ikinci oğlu, York qrafı Şahzadə Endryu və Miss Sara Ferqusonun toyu.
- 29 aprel 2011: Kraliça II Elizabetin nəvəsi, Kembric qrafı Şahzadə Uilyam və Miss Ketrin Midltonun toyu.[22]
Dəfnlər
[redaktə | mənbəni redaktə et]Kral III Henri abbatlığı kraliyyət müqəddəsi Mömin Eduardın şərəfinə bərpa etdirmiş, onun relikviyaları abbatlıq daxilində xüsusi inşa edilmiş türbədə yerləşdirilmişdir.
Əksər Plantagenet kralları, onların həyat yoldaşları və yaxın qohumları kimi, III Henri də Mömin Eduardın məzarı yaxnlığında dəfn edilmişdir. Vindzor qəsrində dəfn edilmiş VI Henri, IV Eduard, VIII Henri və I Karl istisna olmaqla, 1760-cı ildə Böyük Britaniya kralı II Georqun ölümünə kimi bütün kral və kraliçalar Vestminster abbatlığında dəfn edilmişlər. İstisna olaraq həmçinin, Lester kafedralında dəfn edilmiş III Riçard və London qəsrindəki Sent-Peter-ad-Vikula kilsəsində dəfn edilmiş de fakto kraliça Ledi Ceyn Qreyi göstərmək olar. 1760-cı ildən sonra vəfat etmiş monarxlar və kral ailəsi üzvləri əsasən Vindzor qəsrindəki Müqəddəs Georgi kapellasında və ya qəsrdəki Froqmor bağında dəfn edilmişdlər.
Orta əsrlərdən gələn ənənəyə görə, zadəganlar kapellaların daxilində, monaxlar və digər şəxslər isə kluatralarda və digər ərazilərdə dəfn edilirdilər. Bunlardan biri də Cefri Çoser olmuşdur. Kralın İşləri üzrə mütəxəssis olduğuna görə ona abbatlıqda mənzil verilmişdir. Sonradan məşhur şair, yazıçı və musiqiçilər də Çoserin məzarı ətrafında ya dəfn edilmiş, ya da onların xatirəsinə abidə qoyulmuş və beləcə abbatlıq daxilində Şairlər küncü yaranmışdır. Henri Persell kimi abbatlıq musiqiçiləri də işlədikləri yerdə dəfn edilmişlər.[23]
Nəticədə abbatlıqda dəfn edilmə və ya xatirənin əbədiləşdirilməsi Böyük Britaniyada ən diqqətəlayiq şərəflərdən biri hesab edilir.[24] Milli fiqurların abbatlıqda dəfn edilməsi ənənəsi Oliver Kromvelin dövründə, 1657-ci ildə Admiral Robert Bleykin abbatlıqda dəfn edilməsindən sonra başlanılmışdır.[25] Bu ənənəyə əsasən bir çox generallar, admirallar, siyasətçi, həkim və alimlər, o cümlədən 4 aprel 1727-ci ildə İsaak Nyuton, 26 aprel 1882-ci ildə isə Çarlz Darvin Vestminster abbatlığında dəfn edilmişdir. Böyük Britaniya və plantasiyalarda quldarlığa son qoymuş Uilyam Uilberfors isə 3 avqust 1833-cü ildə abbatlığın şimal transeptində, dostu Baş nazir Uilyam Pittin yaxınlığında dəfn edilmişdir.[26]
XX əsrin əvvəllərindən etibarən abbatlıqda tabutların yox, kremasiya edilmiş qalıqların dəfn edilməsi ənənəsi daha geniş yayılmışdır. 1905-ci ildə aktyor Ser Henri İrvinq kremasiya edilmiş və külü abbatlıqda basdırılmışdır, bununla da o, abbatlıqda dəfn edilmiş ilk kremasiya edilmiş şəxs olmuşdur.[27] Bir çox şəxslər abbatlıqda kremasiyadan sonra dəfn edilsə də, hələ də tabutda dəfn adəti saxlanılmaqdadır, belə ki, 2014-cü ildə Vestminster kanonikinin Sebastyan Çarlzın həyat yoldaşı Frensis Çallen həyat yoldaşının yanında dəfn olunmuşdur.[28] Persi ailəsi abbatlıq daxilindəki Sent-Nikolas kapellasında Nortumberlend sərdabəsi adlandırılan xüsusi sərdabəyə malikdir.[29]
Böyük qərb qapısından girdikdə, nefin mərkəzində döşəmədə Naməlum Döyüşçünün məzarı var. Burada Birinci Dünya müharibəsi zamanı həlak olmuş və şəxsiyyəti müəyyənləşdirilməmiş Britaniya əsgəri dəfn edilmişdir. O, abbatlıqda 11 noyabr 1920-ci ildə dəfn olunmuşdur. Məzar abbatlıqda gəzməyin qadağan edildiyi yeganə yerdir.[30]
VII Henri kapellasının şərq qurtaracağında İkinci Dünya müharibəsi zamanı həlak olmuş Britaniya Hərbi Hava Qüvvələri pilotlarının xatirəsinə memorial ucaldılmışdır. Memoriala həm də Britaniya döyüşü xatirəsinə yaradılmış və müharibə zamanı məhv edilmiş Tüdor dövrü vitrajını əvəz edən pəncərə daxildir.[31]
6 sentyabr 1997-ci ildə Uels şahzadəsi Diananın dəfni dövlət səviyyəsində yox, formal olaraq həyata keçirilmişdir. Bu, kraliyyət mərasimi və Anqlikan dəfn liturgiyasını da ehtiva edən bir mərasim idi. İkinci ictimai mərasim xalqın tələbi ilə bazar günü keçirilmişdir. Dəfn həmin gün, qapalı şəkildə həyata keçirilmişdir. Dəfndə Diananın keçmiş həyat yoldaşı, anası, övladları, bacı və qardaşları, yaxın dostları və keşişlər iştirak etmişlər. Dəfn zamanı şahzadəyə Ketrin Uolker tərəfindən işlənmiş və Diananın dəfndən bir neçə həftə əvvəl sifariş etdiyi uzun qollu qara don geyindirilmişdir. Əlinə isə Tereza Ana tərəfindən ona bağışlanmış ibadət təsbehi verilmişdir. Şahzadə Diananın məzarı ailə mülkü olan Eltrop ərazisindəki şəxsi kiçik adadadır.[32]
1998-ci ildə abbatlığın qərb fasadındakı Böyük qərb qapısı üzərində on boş heykəl nişi XX əsrin müxtəlif məzhəbləri təmsil edən 10 xristian şəhidinin heykəlləri ilə bəzədilmişdir. Bunlar Maksimilian Kolbe, Manş Masemola, Canani Luvum, Böyük knyaginya Yelezaveta Fyodorovna, Martin Lüter Kinq, Oskar Romero, Ditrix Bonhöffer, Ester Con, Lusiyan Tapiyedi, Van Çjimindir.[33][34]
9 aprel 2002-ci ildə Vestminster abbatlığında Kraiça ana Yelizavetanın təntənəli dəfn mərasimi baş tutmuşdur. Həmin gün o, Vindzor qəsrindəki Müqəddəs Georgi kapellasındakı VI Georq memorial kapellasında, əlli il əvvəl vəfat etmiş həyat yoldaşı Kral VI Georqun yanında dəfn edilmişdir. 9 fevral 2002-ci ildə vəfat etmiş, Kraliça ananın qızı şahzadə Marqaretin də külü qapalı mərasimlə dəfn edilmişdir.[35]
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Nef
[redaktə | mənbəni redaktə et]Vestminster abbatlığının müasir nefinin inşası 1376-cı ildən 1517-ci ilə kimi davam edirdi. İnşaat işlərinin böyük qismi memar Henri Yevelin rəhbərliyi altında həyata keçirilirdi. Konstruksiyada tətbiq olunan arkbutan (yəni zahiri tağ) sistemi nef damının 31 metr hündürlüyə qədər artırılmasına imkan yaratmışdır (bu, İngiltərənin ən hündür nefi hesab olunur).
Nef tərtibatının ən tanınan v gözəçarpan elemetlərindən birisi, usta Uilyam Prays tərəfindən hazırlanmış və 1735-ci ildə qərb pəncərəsinə quraşdırılmış vitrajdır. Vitrajın üzərində Avraam, İsaak, İakov və 14 həvari, onların aşağısında isə kral Sabert, I Elizabet, II Georq, rahib Uilkoks və Vestminster şəhəri təsvir olunmuşdur. Vitrajın aşağısında Birinci Dünya müharibəsi illərində həlak olmuş bütün sakinlərə həsr edilmiş naməlum əsgərin məzarı yerləşir; Böyük Britaniyaya rəsmi şəkildə səfər edən hər bir dövlət başçısı ənənəyə uyğun olaraq məhz bu məzarın üzərinə əklil qoyur.
Məşhur Waterford Crystal şirkəti tərəfindən hazırlanan büllur çılçıraqlar 1965-ci ildə abbatlığın doqquz yüzüncü ildönümü münasibətilə Ginness ailəsi tərəfindən ərməğan edilmişdir[36][37].
1994-cü ildə nefdə çağdaş ikonayazar Sergey Fyodorovun müəllif olduğu ikonalar yerləşdirilmişdir[38]. Həmin ikonaların birisində İsa Məsih, digərində isə Müqəddəs Məryəm Ana körpə ilə təsvir olnumuşdur.
Böyük Qərp qapısının qarşısında 1996-cı ildə günahsız repressiya qurbanlarının, zorakılıq və müharibələrdən əziyyət çəkmiş insanların xatirəsinə dairəvi memorial daş yerləşdirilmişdir[39].
1998-ci ildə Qərb qapısının portiki üzərində XX əsrin iztirabçılarının heykəlləri quraşdırılmışdır (soldan sağa):
Altar
[redaktə | mənbəni redaktə et]Altar 1867-ci ildə Corc Gilbert Skottun layihəsi əsasında ərsəyə gəlmişdir. Altarın böyük bir hissəsini Sonuncu şam yeməyi adlı mozaik əsər tutur (o, məşhur italyan mozaika ustası Antonio Salviati tərəfindən hazırlanmışdır). Altarın önündəki döşəmə kosmatesko üslubu ilə yığılmış mərmər ilə bəzədilmişdir (mərmər 1268-ci il tarixinə aid edilir)[40].
Şairlər küncü
[redaktə | mənbəni redaktə et]Abbatlığın cənub transeptində məşhur Şairlər küncü yerləşir. Burada dəfn olunmuş ilk şair Ceffri Çoser idi (1400-cü ildə), 1556-cı ildə isə onun burada heykəli ucaldılır. 1599-cu ildə bu ənənə Edmund Spenserin dəfn edilməsi ilə davam etdirilir. Həmçinin burada Semuel Conson, Tennison, Robert Brauninq, Çarlz Dikkens və digər məşhur şair və prozaiklərin cənazələri uyuyur. Onların yaxınlığında tanınmış aktyor Deyvid Harrik də basdırılıbdır. Bundan başqa, Şairlər küncündə Con Milton, Con Kits, Persi Biş Şelli, Henri Ceyms, Tomas Eliot, Uilyam Bleyk və digər məşhurlara ithaf olunmuş çoxsaylı heykəllər və büstlər qorunub saxlanılmışdır. Sonrakı dövrlərdə hazırlanmış xatirə lövhələrinin arasında şairlər Con Kler və Dilan Tomasa, eləcə də Ser Lorens Olivyeyə həsr olunmuş lövhələri tapmaq olar[41]. Ümumilikdə abbatlığın əhatə etdiyi ərazidə təxminən 3 min nəfər dəfn edilmiş və 600-ə yaxın abidə və xatirə lövhələri quraşdırılmışdır.
VII Henri kapellası
[redaktə | mənbəni redaktə et]Tanrı Anası və VII Henri adı ilə tanınan kapella (ing. Henry VII Lady Chapel) 1503–1519-cu illər arasında, XIII əsrə aid edilən daha qədim altarın bünövrəsi üzərində inşa edilmişdir. Onun tikintisi VII Henrixin hakimiyyəti dövründə başlanmışdır, buna görə də onu tez-tez VII Henrix kapellası da adlandırırlar; kral 1509-cu ildə burada yüksək təmtəraqla dəfn edilmişdir. Kapella memarının kim olduğu indiyə kimi naməlumdur, ehtimal olunur ki, kapella Robert Canninz və Uilyam Vertyunun rəhbərliyi altında tikilmişdir. Kapellanın ölçüləri 23X34 metrdir. Yelpikvarı qabırğaları və sallanan elementləri (ing. pendant fan vault ceiling) ilə hündürlüyü 20 metrə bərabər olan günbəz, kapellanın başlıca memarlıq xüsusiyyətidir və bu ingilis qotika tərzinin ən yaddaqalan elementi sayılır. Bura kapellanın digər hissələrindən mis darvaza və pilləkənlər ilə ayrılmışdır.
Kapella müqəddəslərin və həvarilərin heykəlləri ilə bəzədilmişdir, onların arasında isə Bani Ordeninin cəngavərlərinə məxsus bayraqlar asılmışdır. Altar və VII Henrix və onun həyat yoldaşı Yorklu Elizabetin sərdabələri italyan heykəltaraşı Pyetro Torricano tərəfindən hazırlanmışdır (1512–1519-cu illər).
Kapitul binası
[redaktə | mənbəni redaktə et]Kapitul binası III Henrinin hakimiyyəti dövründə, təxminən 1245–1253-cü illərdə abbatlığın şərq qanadı ilə paralel inşa edilmişdir.[42] Bina 1872-ci ildə Ser Corc Gilbert Skott tərəfindən restavrasiya edilmişdir. Binanın şərq kluatra dəhlizindən olan girişi ikiqat qapı yolu və yuxarıdan geniş timpana malikdir.[42]
Daxili və xarici vestibüllər müstəsna memarlıq quruluşuna malik səkkizbucaqlı kapitul binasına aparır. Kapitul Həndəsi Qotika üslubunda inşa edilməklə aşağıda səkkizbucaqlı sərdabəyə malikdir. Tağlı tavanı səkkiz hissədən ibarət sütun saxlayır. Yanlardan kor arkada ilə əhatə olunmuş binanın arkada tağları arasında XIV əsr divar rəsmlərinin qalıqları, yuxarı hissəsində isə geniş pəncərələr var.[42] Onlar demək olar ki, Parisdəki Sent-Şapellə eyni stildədir.[42]
Kapitul binası XIII əsrin ortalarına aid orijinal mozaik səkiyə malikdir. Vestibüldəki qapı 1050-ci ilə aid edilir[43] və İngiltərə ərazisindəki ən qədim qapı hesab edilir.[44] Binanın fasadında XIV əsrdə əlavə edilmiş arkbutanlar və Skott tərəfindən hazırlanmış etillənmiş dəmir dam diqqət çəkir.
Kapitul binası XIII əsrdə Benedikt ordeni monaxları tərəfindən gündəlik yığıncaqların keçirilməsi üçün istifadə edilirdi. Sonradan Magnum Concilium və İcmaların toplantısı üçün də istifadə edilmişdir.
Piks zalı monaxların yataqxanasının zirzəmisində inşa edilmişdir. XI əsrə aid edilən bu zal monastır və kral xəzinəsinin saxlanması üçün istifadə olunmuşdur. Bayır divarları və dairəvi dayaqlar XI əsrə, bəzi kapitallar XII əsrə, daş altar isə XIII əsrə aiddir. Piks termini sikkələrin saxlandığı metal qabı ifadə edir və Piks sınanması mərasimi zamanı yeni basılmış sikkələr münsiflərə təyin edilərək təsdiqlənirdi.
Kapitul binası və Piks zalı İngilis İrsinin himayəsi, lakin Vestminster dekanı və kapitulunun idarəsi altındadır. İngilis İrsi binanın damı və su ötürmə sisteminin təmir, arkbutanların möhkəmləndirilməsi və bərpası, həmçinin işıqlandırma sisteminin təmirini maliyyələşdirib.
Daxili həyət və kluatr
[redaktə | mənbəni redaktə et]Daxili həyəti (ing. The Garth) kluatr adlandırılan və böyük həcmli pəncərələri ilə daxili həyətə doğru açılan 4 üstüörtülü qalereya əhatə edir. Uzunluğu 35 metrəyə bərabər olan qalereyalar XIII–XIV əsrlərdə inşa edilmişdirlər. Benedikt monastırının fəaliyyəti dövründə (1560-cı ilə kimi), rahiblər vaxtın böyük hissəsini kluatrlarda keçirməyi üstün tuturdular. Qərb kluatrında yenicə keşiş vəzifəsinə təyin olunmuş şəxslərin təlimi keçirilirdi, şimal kluatrında kitab dolabları iş masaları yerləşir, cənub kluatrı ziyafət salonuna, şərq kluatrı isə kapitul binasına keçid sağlayırdı[45].
Daxili həyətdən başqa, abbatlığın ərazisində həmçinin Kiçik kluatr (ing. Little Cloister) yerləşir (o, keçmiş lazaret binasının yerində inşs edilmişdir). Kiçik kluatra şərq tərəfdən İsgəndəriyyəli Müqəddəs Yekaterinanın şərəfinə təqdis olunmuş kapellanın xarabalıqları yanaşır, kluatrın mərkəzində isə 1871-ci ildə quraşdırılmış fəvvarə yerləşir[46].
Kollec bağı
[redaktə | mənbəni redaktə et]"Kollec qarden" — Vestminster abbatlığının qonşuluğunda yerləşən böyük bağdır. Bağ 900 illik qürurlu tarixə malikdir. Bağı hasarlayan hündür divarlar XIV əsrdə inşa edilmişdir, bağda günümüzə qədər salamat qalmış beş çinar ağacı isə 1849-cu ildə əkilmişdir. Abbatlığın sakinləri tərəfindən kollec qarden bağı başlanğıcda şəfalı otların, meyvə və tərəvəzlərin becərilməsi üçün istifadə edilirdi[47]. Bağ ərazisində heykəltaraş Arnold Kvellin tərəfindən təxminən 1680-ci illərdə inşa edilmiş altarın tərkib hissələri olmuş müqəddəs himayədarların heykəlləri yerləşir. 1993-cü ildə italyan əsilli britaniyalı heykəltaraş Enzo Plazzotta tərəfindən "Çarmıxa çəkmə" adlı abidə, 2002-ci ildə isə onun yanında nəfis görkəmli fəvvarə quraşdırılmışdır[48].
Müqəddəs Marqarita kilsəsi
[redaktə | mənbəni redaktə et]Vestminster abbatlığında icra edilən ibadət mərasimlərində ancaq benedikt rahibləri iştirak etdikləri üçün, sadə şəhər sakinləri üçün ayrıca kilsə inşa edilmişdir. Kilsə Antioxiyalı Marqaritanın şərəfinə Müqəddəs Marqarita kilsəsi olaraq tanınmağa başlamışdır. İlk kilsə XI əsrin sonları və ya XII əsrin əvvəllərində roman üslubunda inşa edilmiş, 1482–1523-cü illərdə isə memar Robert Stouellin layihəsi əsasında qotik üslubda yenidən qurulmuşdur[49]. Kilsə XVIII, XIX və XX əsrlərdə dəfələrlə restavrasiya edilməsinə baxmayaraq, fasadda və interyerdə ciddi dəyişikliklər baş verməmişdir. 1840-cı ildən başlayaraq və 1972-ci ilə qədər Müqəddəs Marqarita kilsəsi birbaşa London yeparxiyasının tabeliyinə keçmiş və Vestminster abbatlığından müstəqil şəkildə fəaliyyət göstərmişdir[50].
İnkişaf planı
[redaktə | mənbəni redaktə et]2009-cu ilin iyununda son 250 il ərzində abbatlıqda ilk dəfə genişmiqyaslı tikinti işləri haqqında təkliflər səsləndirildi. Bu zaman, mərkəzi xaçvari struktur üzərində 1950-ci illərdə inşa edilmiş piramidal örtüyün tacla – kral tacını xatırladan memarlıq detalı — əvəz edilməsi təklif edilirdi. Bu təklif sonradan açıqlanmış daha geniş inkişaf planının tərkib hissəsi olmaqla, 2013-cü ildə tamamlanması nəzərdə tutulurdu.[51][52] 4 avqust 2010-cu ildə Abbatlıq dekanı açıqlamasında bildirmişdir ki, çoxsaylı erkən araşdırmalar və sınaqlardan sonra tacın tikintisinin dayandırılması qərara alınmışdır.[53]
2012-ci ildə "Panter Hudspith" memarları vaxtilə abbatlıq monaxları tərəfindən istifadə edilmiş XIV əsr qida dükanını restavrasiya edərək, Kovent-Qardendən olan "Luke Hughes and Company" şirkətinin istehsalı olan palıd mebellərlə təmin etmiş və ingilis mətbəxi restoranı kimi istifadəyə vermişlər.
Hazırda abbatlığın orta əsrlərə aid triforisində Kraliçanın Brilyant Yubileyi şərəfinə Qalereyaların yaradılması prosesi gedir. Layihənin əsas məqsədi yüksək nef ətrafında abbatlıq xəzinəsi üçün yeni yerlərin yaradılmasıdır. Bu məqsədlə memar Ptolomey Din tərəfindən liftə malik yeni qotik qüllə inşa edilməkdədir. Yeni qalereyaların 2018-ci ildə açılması planlaşdırılır.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Dekan və kapitul
[redaktə | mənbəni redaktə et]Vestminster abbatlığı, dekan və kapitul tərəfindən idarə edilən kollegial kilsədir. Əsası Kraliça I Elizabet tərəfindən 21 may 1560-cı ildə[54] Vestminsterdə Müqəddəs Pyotr Kollegial kilsəsi kimi qoyulan bu kilsə hökmdarın birbaşa hakimiyyətinə tabe olan "Kral xası"dır. Kapitul üzvləri dekan və dörd kanonikdir. Kanoniklərdən biri həm də Vestminsterdəki Sent-Marqaret kilsəsinin rektorudur və İcmalar Palatasının spikeri yanında kapellan postunu tutur.
Dekan və dörd kanonikdən başqa, hazırda daha iki kanonik də fəaliyyət göstərir ki, onların da biri regent, digəri sakrist (psalmist) vəzifələrini tutur. Kiçik kanoniklərə kömək etmək üçün 1970-ci illərdə Keşik Vikar idarəsi də yaradılmışdır. Mömin heyət və rəhbər heəytdən başqa abbatlıqda, orqanist və xor mütəxəssisi, katib, qeydiyyatçı, auditor, qanun katibi, xor məktəbi mütəxəssisi, sənədlərin qoruyucusu və xidmətçisi, həmçinin 12 vikar, 10 xorist və sair şəxslər fəaliyyət göstərirlər.
Vestminster məktəbinin (məktəb özünün İdarə Şurasına malikdir) yetirmələri olan 40 kraliça alimi də kollegiya üzvləri hesab edilirlər. İki kiçik kanonik, həmçinin orqanist və xor ustadı birbaşa liturgik və mərasim məsələləri ilə məşğul olurlar.
Məktəb
[redaktə | mənbəni redaktə et]Vestminster məktəbi və Vestminster Abbatlığı Xor Məktəbi də abbatlıq divarları daxilində yerləşir. Rahiblərin təhsilə yaxın olması təbii hal idi və Benedikt ordeni rahibləri 1179-cu ildə xeyriyyə məktəbi açmaq üçün Roma Papasından xeyir-dua almışdılar. Xor məktəbi abbatlığın xorunda oxuyan oğlanların təhsili və məşqlərini təmin edir.
Orqan
[redaktə | mənbəni redaktə et]Orqan 1937-ci ildə "Harrison & Harrison" tərəfindən hazırlanmış və ilk dəfə Kral VI Georqun tacqoyma mərasimində istifadə edilmişdir. 1848-ci ilə aid Hill orqanından bir neçə turba yeni orqana quraşdırılmışdır. Hər iki orqan üçün yer XIX əsrin sonlarında memar Con Lafboro Pirson tərəfindən inşa edilmiş, 1959-cu ildə yenidən quraşdırılmış və rənglənmişdir.[55]
1982 və 1987-ci illərdə "Harrison & Harrison" abbatlıq orqanisti Saymon Prestonun rəhbərliyi altında orqanı genişləndirərək Aşağı kilsə orqanı və Bombard orqanını da əlavə etmiş və beləliklə abbatlıq orqanında ümumi idarəçi sayı beşə, trubaların sayı isə 109-a çatdırılmışdır. 2006-cı ildə orqan konsolu "Harrison & Harrison" tərəfindən bərpa edilmiş və əlavə iki orqan üçün yer hazırlanmışdır.[55] Alətlərdən biri olan Selestian orqan hələ də bağlanmayıb və ifa üçün yaralı deyil.
2016-cı ildən etibarən abbatlığın orqanisti Ceyms O’Doneldir.
Zənglər
[redaktə | mənbəni redaktə et]Abbatlığın zəngləri 1971-ci ildə əsaslı təmir edilmişdir. Zənglər halqası 10 zəngdən ibarət olmaqla 1971-ci ildə "Whitechapel Bell Foundry" şirkəti tərəfindən F#, E, D, C#, B, A, G, F#, E və D olaraq köklənmişdir. Tenor zəng D (588.5 Hz) və ya 1544 kq çəkiyə malikdir.[56]
Bunlardan başqa abbatlıqda Robert Mot tərəfindən 1585 və 1598-ci illərdə hazırlanmış iki xidmət zəngi, 1738-ci ildə Riçard Felps və Romas Lester tərəfindən hazırlanmış Sanktus zəngi və biri təxminən 1320-ci illərdə R de Uimbish, digəri isə 1742-ci ildə Tomas Lester tərəfindən hazırlanmış iki istifadəsiz zəng vardır.[56] İki xidmət zəngi, 1320-ci ilə aid zəng və dörd kiçik gümüş "yemək zəngi" abbatlığın yeməkxanasında saxlanılır və Anqlikan Kilsəsi Kilsə Binaları Şurası tərəfindən tarixi dəyərli olması qeyd edilmişdir.[57]
Muzey
[redaktə | mənbəni redaktə et]Vestminster abbatlıq muzeyi, abbatlığın ərazisindəki XI əsrə aid tağlı zirzəmi binasında yerləşir. Bina əvvəl rahiblərin yataqxanası kimi istifadə edilmişdir. Muzeyin yerləşdiyi hissə abbatlığın ən qədim hissələrindən biri olmaqla, 1065-ci ildə Mömin Eduard dövrünə aid edilir. 1908-ci ildən abbatlığın bu hissəsi muzey kimi istifadə olunur.[58]
Ekspozisiya
[redaktə | mənbəni redaktə et]Muzeyin eksponatları sırasına abbatlıqda dəfn edilmiş monarxlar və digər şəxslərə aid əşyalar, orta əsrlərə aid bir neçə şüşə panel, XII əsrə aid heykəlin qalıqları, II Mariyanın tacqoyma taxtı, tacqoyma reqaliyasının dəqiq kopyaları, III Eduard, VII Henri və onun kraliçası, Yorklu Elizabet, II Karl, III Uilyam, II Mariya və Kraliça Annanın dəfn əşyaları daxildir.
Həmçinin ekspozisiyada Vikont Nelsonun geyimlərinin bəziləri, Baş nazir Uilyam Pitt, Çatem qrafının ABŞ heykəltaraşı Peyşns Rayt tərəfindən hazırlanmış mum tabut kopyaları daxildir. Son dövrlərin bərpa işləri zamanı I Elizabetin məzarından aşkarlanmış 1603-cü ilə aid orijinal korset də burada sərgilənir.
Muzeyin kolleksyasına əlavə edilmiş ən son eksponatlardan biri Vestminster altarıdır. XIII əsrin sonlarına aid altar İngiltərənin ən qədim altarı olmaqla, ehtimal ki, Vestminster abbatlığı üçün hazırlanmışdır. Lakin sonrakı dövrlərdə altar qismən zədələnmişdir. Hazırda təmizlənmiş və konservasiya edilmiş altar panelləri muzeydə sərgilənir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Newcomb, Rexford. Abbey // Johnston, Bernard (redaktor). Collier's Encyclopedia. I A to Ameland (First). New York, NY: P.F. Collier. 1997. 8–11.
- ↑ "Dimensions of Westminster Abbey" (PDF). westminster-abbey.org. 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-02-13.Dimensions of Westminster Abbey Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- ↑ ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 3 "History". Dean and Chapter of Westminster Abbey. 3 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2016.
- ↑ 1 2 "Coronations". Dean and Chapter of Westminster Abbey. 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: http://www.westminster-abbey.org/our-history/royals/coronations Westminster-abbey.org.
- ↑ "Royal Weddings at Westminster Abbey". Westminster Abbey. 14 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2016.
- ↑ Eric Fernie, in Mortimer ed., Edward the Confessor, pp. 139–143
- ↑ Pauline Stafford, 'Edith, Edward's Wife and Queen', in Mortimer ed., Edward the Confessor, p. 137
- ↑ "William I (the Conqueror)". Westminster-abbey.org. 2016. 2016-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2017.
- ↑ Harvey 1993, p. 2
- ↑ History – Westminster Abbey Arxivləşdirilib 2014-07-03 at the Wayback Machine. Yoxlanılıb: 16 fevral 2017
- ↑ "Henry III". Westminster-abbey.org. 2016. 2016-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
- ↑ Harvey 1993
- ↑ Harvey 1993, p. 6 ff.
- ↑ "Cosmati pavement". Westminster Abbey. 2013-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
- ↑ "Abbey History". Westminster-abbey.org. 2014-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2017.
- ↑ Duffy, Eamon & Loades, David (eds.) The Church of Mary Tudor. pp. 79–82 Arxivləşdirilib 2016-05-16 at the Wayback Machine. Yoxlanılıb: 20 fevral 2017
- ↑ Knighton, C. S. (redaktor). Acts of the Dean and Chapter of Westminster, 1543–1609: Part One. xviii–xx. 2016-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2017.
- ↑ "John Windsor'S Guide To Collecting Contemporary Art: Sergei Fyodorov At". The Independent. UK. 10 November 1998. 14 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2017.
- ↑ Schjonberg, Mary Frances. "Benedict becomes first pope to visit Lambeth, Westminster Abbey". Episcopal Life Online. 17 September 2010. 20 September 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2017.
- ↑ "Henry III, Archonotology.org". 2008-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2017.
- ↑ "Newsbeat – Royal wedding: Prince William and Kate Middleton marry". BBC. 29 April 2011. 2 May 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2017.
- ↑ "Henry Purcell & family". www.westminster-abbey.org. 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2017.
- ↑ Dunton, Larkin. The World and Its People. Silver, Burdett. 1896. səh. 26.
- ↑ Westminster Abbey Arxivləşdirilib 2012-11-09 at the Wayback Machine Mrs. A. Murray Smith, published 30 August 1904.
- ↑ "William Wilberforce & family". Westminster-abbey.org. 2016. 2016-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2017.
- ↑ "Woking Crematorium". Internet. The Cremation Society of Great Britain. 2010-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2017.
- ↑ "Sebastian Charles". Internet. The Dean and Chapter of Westminster. 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2017.
- ↑ "Westminster Abbey » Elizabeth, Duchess of Northumberland & Percy family". 2015-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-27.
- ↑ "The Tomb of The Unknown Warrior". British Legion. 2016-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2017.
- ↑ "The Royal Air Force Chapel". Official website. 2015-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2017.
- ↑ "Diana Returns Home". BBC News. 1997. 2017-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2017.
- ↑ Heller, Jenny E. "Westminster Abbey Elevates 10 Foreigners". The New York Times. 22 September 1998. 16 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2017.
- ↑ Streeter, Michael. "Heritage: Westminster Abbey prepares modern martyrs' corner". The Independent. 17 October 1997. 20 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2017.
- ↑ "Queen Mother is laid to rest". BBC News. 10 April 2002. 13 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2017.
- ↑ "Travel – Westminster Abbey – London, England" (ingilis). 2014-10-21. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-20.
- ↑ Louise Johnston. "17 Random Facts About The World Famous Waterford Crystal" (ingilis). Lovin Trends. 2015. 2015-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-20.
- ↑ John Windsor. "The Independent Collector: John Windsor's Guide to Collecting Contemporary Art: Sergei Fyodorov" (ingilis). The Idependent. 1998-11-10. 2015-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-06.
- ↑ "Visiting the Abbey - The Nave" (ingilis). Westminster Abbey. İstifadə tarixi: 2015-09-14.
- ↑ "Visiting the Abbey - The High Altar" (ingilis). Westminster Abbey. İstifadə tarixi: 2015-09-15.
- ↑ "Visit Abbey - Poets' Corner" (ingilis). Westminster Abbey. 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.
- ↑ 1 2 3 4 Scott, Sir George Gilbert. Gleanings from Westminster abbey. 1863. 41–43, 56–58. 2016-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-28.
- ↑ England, Historic. "The Chapter House and Pyx Chamber in the abbey cloisters, Westminster Abbey - 1003579| Historic England". historicengland.org.uk. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-20.
- ↑ "Abbey oak door 'Britain's oldest'". BBC. 3 August 2005. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2017.
- ↑ "Visiting the Abbey - The Cloisters" (ingilis). Westminster Abbey. 2016-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-13.
- ↑ "Little Cloister" (ingilis). Westminster Abbey. 2016-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-20.
- ↑ "College Garden" (ingilis). The Dean and Chapter of Westminster. 2015-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-07.
- ↑ "Abbey Gardens" (ingilis). The Dean and Chapter of Westminster. 2015-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-13.
- ↑ "St Margaret's Church and the north transept of Westminster Abbey, Westminster, London" (ingilis). RIBApix. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
- ↑ "St Margaret's Church - History" (ingilis). The Dean and Chapter of Westminster. 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
- ↑ "Building work announced for Abbey". BBC News. 28 June 2009. 20 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2017.
- ↑ Kennedy, Maev. "Dean lines up new crown shaped roof for Westminster Abbey". theguardian.com. 29 June 2009. 4 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2017.
- ↑ "Abbey Development Plan Update". Westminster Abbey. 4 August 2010. 9 August 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2012.
- ↑ Westminster Abbey and Saint Margaret Westminster Act 1972. London: HMSO. 1972. 1.
- ↑ 1 2 "N00646". Npor.org.uk. 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2017.
- ↑ 1 2 Westminster—Collegiate Church of S Peter (Westminster Abbey) Arxivləşdirilib 2019-08-16 at the Wayback Machine, Dove's Guide for Church Bell Ringers, 25 October 2006. Yoxlanılıb:28 fevral 2017.
- ↑ "Database of Historically Significant Bells and Bell Frames". Churchcare website. Anqlikan kilsəsi. 1 April 2008. 29 July 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2017.
search on "Westminster Abbey" for bell details
- ↑ Trowles 2008, p. 156
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Bradley, S. and N. Pevsner (2003) The Buildings of England – London 6: Westminster, New Haven: Yale University Press, pp. 105–207. ISBN 0-300-09595-3
- Mortimer, Richard ed., Edward the Confessor: The Man and the Legend, The Boydell Press, 2009. Eric Fernie, 'Edward the Confessor's Westminster Abbey', pp. 139–150. Warwick Rodwell, 'New Glimpses of Edward the Confessor's Abbey at Westminster', pp. 151–167. Richard Gem, Craftsmen and Administrators in the Building of the Confessor's Abbey', pp. 168–172. ISBN 978-1-84383-436-6
- Harvey, B. (1993) Living and Dying in England 1100–1540: The Monastic Experience, Ford Lecture series, Oxford: Clarendon Press. ISBN 0-19-820161-3
- Morton, H. V. [1951] (1988) In Search of London, London: Methuen. ISBN 0-413-18470-6
- Trowles, T. (2008) Treasures of Westminster Abbey, London: Scala. ISBN 978-1-85759-454-6
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- westminster-abbey.org — Rəsmi saytı
- Walter Thornbury, Old and New London, Volume 3, 1878, pp. 394–462, British History Online
- Westminster Abbey Article at Encyclopaedia Britannica
- Historic images of Westminster Abbey Arxivləşdirilib 2014-01-07 at the Wayback Machine
- Westminster Abbey: A Peek Inside Arxivləşdirilib 2010-12-28 at the Wayback Machine – Life jurnalında abbatlıq fotolarından slayd
- Keith Short – Sculptor Vestminster abbatlığında daş yonma işləri
- Carved Crests for the Knights of the Bath
- A history of the choristers and choir school of Westminster Abbey Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine
- Catholic Encyclopedia: Westminster Abbey Arxivləşdirilib 2009-05-25 at the Wayback Machine
- Adrian Fletcher’s Paradoxplace Westminster Abbey Pages—Photos Arxivləşdirilib 2013-08-12 at the Wayback Machine
- A panorama of Westminster Abbey in daytime – JPG and 3D QuickTime versions
- Westminster Abbey on Twitter
- Audio Guide of Westminster Abbey Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine
- Əlifba sırasına görə tarixi abidələr
- 1045-ci ildə yarananlar
- Vestminster abbatlığı
- 1745-ci ildə tamamlanmış kilsələr
- X əsrə aid monastırlar
- Vestminsterdəki Anqlikan kilsəsi kilsələri
- İngiltərədəki kollegial kilsələr
- Tacqoyma kilsələri
- Böyük Londonda ingilis qotikası memarlığı
- İngiltərədə keçmiş kafedrallar
- İngiltərədə qotik memarlıq
- Nikolas Haksmurun binaları
- London monastırları
- Kral xası
- Vestminsterin görməli yerləri
- Londondakı Ümumdünya irsi
- Birləşmiş Krallıqda XIII əsr memarlığı
- Eduard Blorun binaları
- Stüartlar sülaləsi üzvlərinin dəfn yerləri
- London kafedralları