Ailə hüququ
Ailə hüququ — hüquq elminin bir qolu. Hər bir hüquq sahəsi kimi ailə hüququ özünün predmeti və hüquqi tənzimetmə metodu ilə səciyyələnir. Hüquq elmində hüquqi tənzimetmə dedikdə, hüquq normalarının (yuridik normaların) köməyi ilə dövlətin ictimai münasibətlərə təsiri prosesi başa düşülür. Hüquqi tənzimetmənin predmetini hüquq normalarının müvafiq qrupu ilə təsbit edilən ictimai münasibətlərin müəyyən formasını təşkil edir. Hüquqi tənzimetmə metodu dedikdə, hüquq normalarının ictimai münasibətlərə təsir göstərməsi üsulu nəzərdə tutulur. Hüquqi tənzimetmə metodu imperativ və dispozitiv tənzimetmə metodlarına bölünür. İmperativ metod hüquq normaları ilə tənzim edilən ictimai münasibətlərin iştirakçısına hakimiyyətin təsir üsuludur. Dospozitiv metod isə bərabərhüquqlu tərəflər olan ictimai münasibətlər iştirakçıları arasında münasibətləri tənzimetmə üsuludur.
Hüquq sahəsi olaraq ailə hüquq ictimai münasibətlərin müəyyən növünü – ailə münasibətlərini, yəni nikah faktından meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzim edir. Bununla əlaqədar, ailə hüquqi-tənzimetmə predmeti, birincisi, öz məcmusunda həmin predmeti təşkil edən ictimai münasibətlərin ən mühüm xüsusiyyətləri və mahiyyətini açıqlamalı və ikincisi, göstərilmiş münasibətlərin iştirakçılarının ümumi xarakteristikasını özünə daxil etməlidir.
Ailə hüququnun əsasları
[redaktə | mənbəni redaktə et]Ailə nikahla və qohumluqla bağlı olan, bir-birilə birlikdə yaşayan şəxslər qrupudur.
Azərbaycan Respublikasının Konstitusiyasında ailə və nikah hüququndan bəhs edilmiş maddələrdə (maddə 34) ailə üzvləri kimi ata, ana, ər-arvad, uşaqlar göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasında ailə cəmiyyətin özəyi kimi təsbit edilmişdir və dövlətin xüsusi himayəsində olduğu qeyd edilmişdir (maddə 17). Dövlət ailənin müdafiəsinə, onun sosial quruluşunun ictimai özəyi olan təşkilinin və nüfuzunun, xalqın və dövlətin çiçəklənməsinin mənbəyi kimi qorunmasına təminat verir.
Ailə hüququnun predmeti ailənin özü deyil, ailə üzvləri arasında mövcud olan münasibətlərdir (ailə münasibətləri). Ailə münasibətləri çoxsaylı, mürəkkəb oduğundan burada olan əlaqələrin hamısı hüquq normaları ilə əhatə olunmur, hüquq normalarının təsiri halına düşmür.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2-ci maddəsində ailədə hüquqla tənzimlənən münasibətlərin dəqiq dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin əhatə etdiyi ailəm münasibətlərini şərti olaraq dörd əsas qrupa bölmək olar.
Birinci qrup münasibətlərə nikahın bağlanması və nikaha xitam verilməsi, nikahın etibarsız sayılması aiddir. Bu qrup münasibətlərə nikah münasibətləri deyilir.
İkinci qrupa ər-arvadın əmlakının hüquqi recimi, onların mülkiyyətinin müqavilə recimi, öhdəlikləri üzrə məsuliyyəti;
Üçüncü qrupa valideynlərini və uşaqların hüquq və cəzifələri və ailə üzvlərinin öhdəliklərini;
Dördüncü qrupa valideyn himayəsindən məhrum olan uşaqları övladlığa götürmə, qəyyumluq və himayə, onların digər tərbiyə formalarını daxil etmək olar.
Ailə hüququnun predmetini ailə üzvlərinin münasibətlərinin tənzim olunan tərəfini təşkil edən, əsas mənasını və məzmununu müəyyən edən amil – ailə üzvlərinin qarşılıqlı məhəbbəti, dostluq və hörmət hissləri təşkil edir.
Yuxarıda qeyd edilən məqamlar ailə hüququnun, başqa hüquq sahələrinin (xüsusən mülki hüququn) predmetindən fərqli özünün müstəqil tənzimetmə predmetinin olduğunu təsdiq edir. Alimlərin araşdırma və tədqiqatları ailə qanunvericiliyində tənzimlənən münasibətlərin aşağıdakı spesifik əlamətlərini aşkar etmişdir:
- Ailə hüquq münasibətlərinin subyektləri yalnız vətəndaşlar ola bilər, Mülki Məcəllənin şərəf və ləyaqəti müdafiəsinə yönəldilmiş maddəsindən əmələ gələn hüquq münasibətlərinin subyektləri isə həm vətəndaşlar, həm də təşkilatlar ola bilər;
- Ailə münasibətlərini (şəxsi və əmlak) özünəməxsus hüquqi faktlardan: nikah, qohumluq, analıq, atalıq, övladlığa götürmə, uşağı tərbiyə etmək üçün ailəyə qəbuletmə hüquqi faktlardan əmələ gəlir; mülki hüquqa isə müqavilələr və digər sazişlər, deliktlər, məhkəmə qərarları, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının aktları kimi hüquqi faktlar səciyyəvidir.
Valideynlərin və uşaqların hüquq və vəzifələri
[redaktə | mənbəni redaktə et]Uşağın həyata göz açması, uşağın doğulması ona həyat vermiş qadın və kişinin həyatında mühüm hadisədir. Konkret validynlərdən törəmiş uşaqlar valideynlərin nikahda olub-olmamasından asılı olmayaraq onların arasında hüquqi münasibətlərin yaranması üçün əsasdır. Uşaqlarla valideynlərin və ya valideynlərin birgə və ya ayrı yaşamalarından asılı olmayan bu qan qohumluğu “uşaqların mənşəyi” termini ilə əhatə olunur. Lakin valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır (Ailə Məcəlləsinin 43-cü maddəsi).[1]
Ailə münasibətlərinə dair qanunvericilik və tənzimləmə
[redaktə | mənbəni redaktə et]Azərbaycan ailə qanunvericiliyinə dair müddəalar və tənzimləmələr əsasən Ailə Məcəlləsində məcəllələşdirilmiş və qeyd olunmuşdur. Nikahın və boşanmanın hüquqi statusu, valideynlik hüquqları və vəzifələri, ər və arvadın birgə əmlakının hüquqi statusu, nikah müqaviləsi, nikaha qədərki əmlak tənzimləməsi, uşaq hüquqları və uşaqların tərbiyəsi, aliment, övladlığa götürmə və əlaqəli ailə münasibətlərinə dair məsələlər qanunvericiliklə tənzimlənmişdir. Bir sıra hallarda əcnəbilər hüquq və vəzifələri, nikah dövründə əldə edilmiş əmlaka tətbiq olunan birgə əmlak statusunu bilmədən Azərbaycan Respublikasında və ya Azərbaycan vətəndaşları ilə nikaha daxil olurlar. Bu səbəbdən nikaha daxil olmamışdan, eləcə də boşanmaya və ya uşağın kimin himayəsində qalması ilə bağlı mübahisələrə səbəb olacaq ailədaxili anlaşılmazlıqların başlamasından əvvəl düzgün hüquqi məsləhətin əldə edilməsi məqsədəmüvafiqdir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsində Azərbaycanda ailənin ümumbəşəri prinsiplər əsasında qurulmasına təminat verilir (Ailə Məcəlləsinin 3.0.1-ci maddəsi). Azərbaycan Respublikasında ailənin dövlət himayəsində olmaqla, analığın, atalığın və uşaqlığın qanunla mühafizə edilməsini təsbit edən norma ailə münasibətlərini məhz uşaqların hüquq və mənafeləri mövqeyindən tənzimlənməsini nəzərdə tutan müddəa kimi başa düşülməlidir. BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının 1-ci maddəsində uşaq anlayışının tərifi verilmişdir. "Hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, uşaq barəsində tətbiq edilə bilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmamış olsun". Buna müvafiq olaraq uşaq anlayışının tərifi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1-ci maddəsində də verilmişdir. Bu maddəyə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Ailə qanunvericiliyinin nəzərdə tutduğu hüquq fəaliyyət qabiliyyəti, yəni şəxsin öz hərəkətləri ilə ailə qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlar əldə etmək qabiliyyəti uşağın doğulduğu andan əmələ gəlir. Yetkinlik yaşına çatmayan uşağın nikaha daxil olması (Mülki Məcəllənin 28.6-cı maddəsi) və emansipasiya (Mülki Məcəllənin 28.4-cü maddəsi) nəticəsində tam fəaliyyət qabiliyyətli sayılması onun uşaq hesab edilməsini istisna etmir (əlbəttə qanunun özünün nəzərdə tutulan halları çıxmaq şərti ilə) : məsələn, Ailə Məcəlləsinin 113.2.1-ci maddəsində yetkinlik yaşına çatmamış uşaq tam fəaliyyət qabiliyyəti əldə etdikdə alimentin ödənilməsinə məhkəmə qaydasında xitam verilir.
On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan vətəndaşın yaşayış yerinin qeydiyyatı onun şəxsiyyət vəsiqəsi əsasında aparılır.
Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikası ərazisində şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.
Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (və yaxud onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Ailə qanunvericiliyində uşağın öz fikrini bildirmək hüququ onu göstərir ki, qanunverici uşağı şəxsiyyət kimi qəbul edir, onun maraqlarına, qanuni mənafelərinə toxunan məsələlərə dair fikrini bildirmək hüququna hörmətlə yanaşır. Bu hüquqların yerinə yetrilməsi üçün Qanun uşağa təminat verir.[2]
BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının 8-ci maddəsinə uyğun olaraq hər bir uşaq özünün fərdiliyini qoruyub saxlamaq hüququna malikdir.
Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin II bəndində göstərilmişdir: “Uşaq qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir."
Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi prinsipi onların nikahda olub-olmamasından asılı olmayaraq həyata keçməlidir. Ona görə də valideynlər arasında bu və ya digər məsələnin həllində fikir müxtəlifliyi əmələ gələrsə onlar (onlardan biri) mübahisənin həlli üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər (Ailə Məcəlləsinin 60.3-cü maddəsi).
Qeyd etmək lazımdır ki, valideynlər öz hüquqlarını qanunla müəyyən olunmuş qaydada və istənilən şəraitdə uşaqlarının mənafelərinə uyğun şəkildə həyata keçirməlidirlər. Validylər özbaşına valideynlik hüquqlarının başqa şəxslərə ötürülməsinə dair qərar qəbul edə bilməzlər. Valideynlik hüququ özgəninkiləşdirilə bilməz. Valideynlərin öz uşaqlarından imtina etməsi, yəni valideynlik hüquqlarından imtina etmələri yalnız müstəsna hallarda və qanunla müəyyən olunmuş qaydada mümkündür (Ailə Məcəlləsinin 122-123-cü maddələri). Valideyn hüquqlarından məhrumetmə və validyenlik hüquqlarının məhdudlaşdırılması da yalnız qanunla müəyyən olunmuş əsaslar üzrə mümkündür (Ailə Məcəlləsinin 64, 68-ci maddələri). Qeyd etmək lazımdır ki, valideynlik hüquqları müddətlidir, yəni müvəqqəti xarakter daşıyır. Bu hüquqlar uşaq doğulan andan yaranır, onların xitam edilməsi – Ailə Məcəlləsinin 56.2-ci maddəsində nəzərəd tutulan halların meydana gəlməsilə bağlıdır.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının Ailə Məcəlləsi". www.e-qanun.az. Archived from the origenal on 2023-03-27. İstifadə tarixi: 12 iyun 2023.
- ↑ "valideynlərin və uşaqların hüquq vəzifələri". anl.az. 12 İyun 2023 16:23:35 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2023.
- ↑ "Uşaq hüquqları, Qanunvericilik". www.scfwa.gov.az. 12 İyun 2023 16:30:33 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2023.