Azərbaycan Milli Hökuməti
Sosialist respublika | |||||
Azərbaycan Milli Hökuməti | |||||
---|---|---|---|---|---|
az.-əski. آذربایجان میلی حوکومتی fars. حکومت خودمختار آذربایجان | |||||
|
|||||
Azərbaycan Milli Hökumətinin himni | |||||
|
|||||
|
|||||
Paytaxt | Təbriz | ||||
Ən böyük şəhər | Təbriz | ||||
Rəsmi dilləri | Türk dili (ərəb qrafikalı)[2] | ||||
Dövlət dini | İslam | ||||
İdarəetmə forması | birpartiyalı sosialist respublika | ||||
Prezident | |||||
• 1945 | Seyid Cəfər Pişəvəri | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Milli Hökuməti (abr. AMH; az.-əski. آذربایجان میلی حوکومتی, fars. حکومت خودمختار آذربایجان, rus. Азербайджанское народное правительство, translit. Azerbaycanskoye narodnoye pravitelstvo) və ya 21 Azər Hərəkatı — 1945-ci ilin 12 dekabrından[3] 1946-cı ilin dekabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş sosialist hökumət. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına baxmayaraq, AMH tarixdə ikinci dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur.[4][5][6][7][8]
SSRİ qoşunlarının İrana daxil olması
[redaktə | mənbəni redaktə et]İran müharibədə neytral mövqedə qalacağını bəyan etsə də, Almaniya ilə strateji əməkdaşlıq xəttini davam etdirirdi. Almaniya İranın xarici ticarətində ikinci yeri tuturdu. İrandan benzin qeyri-qanuni yollarla Almaniyaya aparılırdı.
Almanlar İranın dövlət müəssisələri və hərbi idarələrində mühəndis, texnik, məsləhətçi adları altında öz hərbi və xüsusi idarələrinin nümayəndələrini yerləşdirir, Təbriz, Maku, Xoy, Miyanə, Mərənddəki firmalarında xüsusi xidmət orqanları işçilərinin sayını artırırdılar. Almaniyanın müharibənin ilk illərindəki qələbəsi İranda almanpərəst meyli gücləndirirdi. Bu ölkənin rəhbər dairələrində SSRİ məğlub olarsa, "Zaqafqaziya və Orta Asiyanın 16 şəhərinin" İrana birləşdirilməsi barədə planlar qurulurdu.[9]
Nasist Almaniyasının SSRİ-yə hücumundan sonra, 1941-ci ilin iyun-iyul aylarında Sovet İttifaqı İrana üç xəbərdarlıq notası vermiş, həmin ilin iyun ayında Britaniya xarici işlər naziri İranın səlahiyyətli nümayəndəsi qarşısında "almanların İrandakı şübhəli fəaliyyətinə" son qoyulması tələbini irəli sürmüşdü. İyulun 19-da Britaniya Nazirlər Kabineti İranın cənubuna daxil olmaq barədə qərar qəbul etmişdi.[9] Beləliklə İngilis-Sovet qoşunlarının İrana müdaxiləsi üçün zəmin yarandı.
Dövlət Müdafiə Komitəsinin qərarı ilə sovet qoşunları 1921-ci il 26 fevral tarixli Sovet-İran müqaviləsinin altıncı maddəsinə əsasən, 1941-ci il avqustun 25 — də gecə saat 2-də İran sərhədini keçərək, Ərdəbil və Təbriz istiqamətində irəlilədilər.[10] Hərbi əməliyyatlarda Naxçıvandan Xəzərin cənubuna doğru bütün istiqamətlərdən SSRİ sərhəd qoşunları, 44-cü (tərkibində 77-ci Azərbaycan və 20-ci diviziyalar) və 47-ci ordular, Xəzər donanması, Zaqafqaziyadakı 8-ci aviakorpus, Yevlaxdakı 132-ci aviadiviziya iştirak edirdilər.[11]
Sovet qoşunları ilə bir vaxtda İranın cənub və qərbindən ingilis qoşunları da ölkəyə daxil oldu. Sovet ordu hissələri avqustun 26-da Təbriz və Ərdəbilə, avqustun 30-da Zəncana, avqustun 31-də Qəzvinə girdilər. Sentyabrın 17-də sovet, sentyabrın 18-də isə ingilis qoşunları Tehrana daxil oldular.[10] Sovet ordu hissələri Uşnu-Miyandab-Zəncan-Qəzvin-Babol-Zirab-Semnan-Şahrudda, şərqdə isə Əliabadda yerləşdilər. İngilis qoşunları Xanəkin-Kermanşah -Xürrəmabad-Məscede-Süleyman-Rame-Hörmüz-Bəndər-Deyləm xəttindən cənub və qərbə doğru olan ərazini tutdular.[11]
Azərbaycandan gedən xüsusi qrup
[redaktə | mənbəni redaktə et]Sovet qoşunlarının İranda keçirdiyi sonrakı hərbi əməliyyatlarda Azərbaycan SSR-dən xüsusi bir qrup iştirak etmişdi.[12]Cənubi Azərbaycanda sovet təsirini yaymaq məqsədilə 1941-ci il sentyabrın 21-də İran dövlətinin Azərbaycan ərazisində Azərbaycan SSR-dən səfərbər edilmiş partiya, sovet, hüquqmühafizə, təsərrüfat və mədəniyyət işçilərindən ibarət qrup Azərbaycan Kommunist Partiyası MK-nın üçüncü katibi, Təbrizdəki 47-ci ordunun Hərbi Şurasının üzvü Ə. M. Əliyevin rəhbərliyi ilə fəaliyyətə başladı.[13] 8 Bu qrupa Süleyman Rəhimov, Mirzə İbrahimov, Mustafa Quliyev və b. daxil idi.[14]
Azərbaycanın maddi yardımı
[redaktə | mənbəni redaktə et]1941-ci ilin sonuna qədər Bakıdan — Respublika fondundan yardım olaraq Cənubi Azərbaycana 2548 ton qənd, 1371 ton un, 1814 ton buğda, 1494053 metr parça və ümumi dəyəri iki milyon manatlıq digər mallar göndərildi.[15]
Cənubi Azərbaycanda quruculuq
[redaktə | mənbəni redaktə et]Cənubi Azərbaycanda fəaliyyət göstərmiş alman firmalarının əmlakı müsadirə edilib, SSRİ-yə göndərildi.
Mətbuat, redaksiya qrupu 1941-ci il oktyabrın 11-dən ərəb əlifbası ilə Azərbaycan dilində "Vətən yolunda" qəzetinin nəşrinə başladı.[16]Urmiyədə Azərbaycan dilində "Qızıl əsgər" (redaktoru Zülfəli İbrahimov) və Rəştdə fars dilində "Sərbaz-e sorx" ("Qızıl əsgər") (redaktoru Xasay Vəzirov) ordu qəzetləri buraxılırdı.[17]
Azərbaycandan gəlmiş həkimlər əhaliyə tibbi yardım göstərir, sanitariyagigiyena sahəsində izahat işləri aparır, malyariyaya qarşı geniş tədbirlər həyata keçirirdilər.[18] Sovet-İran mədəni əlaqələrinin inkişafında Azərbaycan Respublikasının mədəniyyət xadimləri mühüm rol oynayırdılar. İrana qastrol səfərinə gəlmiş ilk sovet incəsənət kollektivlərindən biri — M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı Ü. Hacıbəyovun "Koroğlu", "Leyli və Məcnun", "Əsli və Kərəm", M. Maqomayevin "Şah İsmayıl" operalarını, Ü. Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasını tamaşaçılara göstərmişdilər. Qastrolların müvəffəqiyyətlə keçməsində rejissor İsmayıl Hidayətzadənin, dirijor Niyazinin, balet ansamblının rəhbəri Qəmər Almaszadənin, artistlərdən Bülbülün, Əlövsət Sadıqovun, Həqiqət Rzayevanın böyük əməyi olmuşdu.[19] 1941-ci il oktyabrın 26 — da SSRİ xalq artisti Şövkət Məmmədova təbrizlilər qarşısında geniş konsertlə çıxış etmiş, 1942-ci il fevralın 20-dən aprelin 9-dək Rəşid Behbudovun İran qastrolları uğurla keçmişdi.16 Bakı kinostudiyasının istehsalı olan "Kəndlilər", "Bakılılar", "T9" sualtı qayığı" bədii, "Ordenli Azərbaycan", "Əbədi Odlar ölkəsi" sənədli və "Zoya", "O, Vətəni müdafiə edirdi", "217 №-li adam" dublyaj filmləri nümayiş etdirilmişdi.[20]
Dərhal sosialist xarakterli islahatlar başladı, islahatlardan biri də Azərbaycan dilinin muxtariyyət ərazisində dövlət dili elan olunması ilə bağlı idi. Paralel olaraq, iki Azərbaycan arasında mədəni əlaqələr güclənirdi, Təbriz KİV-i isə SSRİ-nin müsbət və son dərəcə cazibədar obrazını yaradırdı. Yerli azərbaycan dili fars ünsürlərindən süni şəkildə təmizlənirdi, əvəzində çoxlu rus sözləri də daxil edilməyə başlandı.[21]
SSRİ-Böyük Britaniya-İran müqaviləsi
[redaktə | mənbəni redaktə et]1942-ci il yanvarın 29-da Tehranda SSRİ-Böyük Britaniya-İran arasında ittifaq müqaviləsi bağlandı. Həmin ilin martında Azərbaycandan İrana göndərilmiş siyasi işçilərin əksəriyyəti geri çağırıldı. 1942-ci ilin ortalarında burada Bakı missiyasından cəmi 84 nəfər qalmışdı.[22] Aprel ayında "Vətən yolunda" qəzetinin nəşri dayandırıldı.[23] 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək ABŞ, SSRİ və Böyük Britaniya dövlət başçılarının Tehran konfransında qəbul edilmiş "İran haqqında Bəyannamə"də bütün tərəflər bu dövlətin ərazi bütövlüyünün qorunub saxlanmasına tərəfdar olduqlarını bildirdilər.[24]
Bundan sonra SSRİ İrandakı fəaliyyətinin miqyasını bir qədər azaltdı.
SSRİ-nin Cənubi Azərbaycan məsələsinə diqqəti yenidən artırması
[redaktə | mənbəni redaktə et]1944-cü ilin əvvəllərində beynəlxalq aləmdə və İranda yaranmış vəziyyətlə əlaqədar Sovet İttifaqı yenidən Cənubi Azərbaycan məsələsinə diqqəti artırdı.
SSRİ XKS 1944-cü il martın 6-da "Cənubi Azərbaycan əhalisinə iqtisadi və mədəni yardımın gücləndirilməsi tədbirləri haqqında" məsələ müzakirə edərək, əhəmiyyətli qərar qəbul etdi. Qərarda siyasi işçilərin tərkibində, diplomatik orqanlarda çalışan konsul, vitse-konsul və konsulluğun katibi vəzifələrində, Tehrandakı Sovet səfirliyi və ticarət nümayəndəliyində çalışan azərbaycanlıların sayını artırmaq, həftədə üç dəfədən az çıxmamaqla"Azərbaycan dilində ordu qəzeti nəşr etmək", Təbrizdə pulsuz "Azərbaycan dilində təhsil verən onillik məktəb", "məktəbdə kitabxana — oxu zalı", Cənubi Azərbaycan yazıçı və şairlərinin əsərlərinin nəşri və əhali arasında yayılması məqsədilə avadanlıqla yaxşı təchiz olunmuş "Təbriz" mətbəəsi açmaq, may-iyun aylarında Azərbaycan Dövlət Dram Teatrının Cənubi Azərbaycan şəhərlərinə qastrolunu təşkil etmək, "Təbrizdə corabtrikotaj fabriki", "Təbriz rayonunda nümunəvi aqrotexniki stansiya" yaratmaq kimi əhəmiyyətli məsələlər öz əksini tapmışdı.[25]
Qərara uyğun olaraq, 1944-cü il martın əvvəllərində azərbaycanlılara Cənubi Azərbaycanda çalışmaları üçün siyasi işçilər üzrə 33, ticarət müvəkkilliyi üzrə 11, diplomatik idarələr üzrə 14, qəzetin nəşri üzrə 27 yer ayrılmış və ümumi rəhbərlik H. M. Həsənova tapşırılmışdı.[25] 1944-cü ilin yaz və yayında Azərbaycandan Cənubi Azərbaycana 620 nəfərdən çox müxtəlif işçilər göndərilmiş və daha 375 nəfər səfərbər edilmişdi.[25] Mühüm tapşırıqla gedənlərin qarşısında duran əsas vəzifə Arazın o tayındakı azərbaycanlıların milli özünüdərk hissini artırmaq, onların tək olmadığını, sərhədin şimal tərəfində qardaşlarının yaşadığını təbliğ etmək idi.[26]
İkiillik fasilədən sonra 1944-cü il aprelin 10-da "Vətən yolunda" qəzeti yenidən nəşrə başladı və onun nəşri 1946-cı il mayın 1-dək davam etdi (bütövlükdə, 1941–1946-cı illərdə qəzetin 406 nömrəsi nəşr olunmuşdu. M. İbrahimov, H. Şahgəldiyev və R. Quliyev onun baş redaktoru olmuşlar).[27]
İçməli su olmadığı üçün Bakıdan 1944-cü il mayın 11-də Qəzvinə qazma qurğusu, boru və 33 qazmaçıdan ibarət briqada göndərildi. Qəzvində 4, Təbrizdə 8 su quyusu qazıldı.[28] 1944-cü ilin yaz-yay aylarında "Təbriz" mətbəəsinin yaradılması və fəaliyyəti üçün ərəb və kiril əlifbası ilə işləyən mətbəə maşını, 30 ton kağız, kitablar, mebel, dəmir sobalar, yağlı boya, makina və hər ay 400 litr benzin və s. göndərildi.[29]Azərbaycan SSR hökuməti Təbriz nümunəvi aqrotexniki stansiyasının yaradılması üçün 15 traktor, 5 maşın, toxumçuluq laboratoriyası üçün avadanlıq, 50 nəfərlik yeməkxana üçün inventar ayırdı.[30] SSRİ XKS 1944-cü il iyunun 24-də Təbrizdə Azərbaycan dilində orta məktəbin açılması haqqında qərar qəbul etdi. C. Ələsgərovun direktor olduğu, 36 nəfər müəllim və inzibati-təsərrüfat işçisindən ibarət bu məktəbdə dərslər noyabrın 1-də başlandı.[31]
1944-cü il sentyabrın 3-də Təbrizdə sovet xəstəxanası (baş həkim S. Səmədov) açıldı. Hər gün 150 xəstəyə tibbi xidmət göstərən xəstəxanada 20 çarpayılıq stasionar, cərrahlıq, daxili xəstəliklər, göz, ginekologiya şöbələri var idi. Xəstəxananın nəzdində diş və dəri, zöhrəvi xəstəliklər də daxil olmaqla, hər cür xəstə qəbul edən poliklinika da fəaliyyət göstərirdi. Burada rentgen, prosedura kabinetləri, palçıq müalicəxanası, laboratoriyalar, həmçinin aptek yerləşirdi.[32]
1945-ci ilin oktyabrında Bakıda Azərbaycanın İranla Mədəni Əlaqələr Cəmiyyəti (AİMƏC) yaradıldı. Cəmiyyətin sədri S. Vurğun çıxışlarından birində demişdi:[33]
Azərbaycanda yaradılan İranla Mədəni Əlaqələr Cəmiyyətinin məqsədi Azərbaycan xalqının mədəniyyət sahəsindəki nailiyyətlərini İranda tanıtdırmaq, habelə İranın elm və incəsənət sahəsindəki müvəffəqiyyətlərini Azərbaycanın geniş zəhmətkeş kütlələrinin malı etməkdir |
AİMƏC-də 8 bölmə, o cümlədən ədəbiyyat (rəhbəri M. Arif), musiqi (Q. Qarayev), humanitar elmlər (H. Hüseynov), tibb (Z. Məmmədov), memarlıq (S. Dadaşov), rəssamlıq (Q. Xalıqov), incəsənət (M. Haşımov) və nəşr (H. Sultanov) bölmələri fəaliyyət göstərirdi.[34]
Beynəlxalq münasibət
[redaktə | mənbəni redaktə et]Sovet İttifaqı Cənubi Azərbaycandakı azadlıq ideallarını və milli prosesi öz təsiri altında saxlamaq istəməsi, İkinci dünya müharibəsinin sonunda buradakı siyasi hadisələrə beynəlxalq aləmdə arzuolunmaz bir münasibət formalaşdırmışdı. SSRİ-nin Mərkəzi və Şərqi Avropadakı ölkələrin bir çoxlarına etdiklərindən sonra, Böyük Britaniya və ABŞ bu hadisələrə milli azadlıq hərəkatından daha çox Sovetlərin İrana ərazi, iqtisadi və ideoloji ekspansiyası kimi baxırdılar. Bunun nəticəsidir ki, 1944-cü il sentyabrın 10-da SSRİ xalq xarici işlər komissarının müavini S. İ. Kavtaradzenin sədrliyi ilə Sovet hökumət komissiyası Tehrana rəsmi səfəri zamanı Şimali İranda — Semnan, Qorqan, Mazandaran, Gilan və Azərbaycanda neft konsessiyası haqqında təkliflərinə müsbət cavab ala bilmədi.[35]
II Dünya müharibəsinin sonu ərəfəsində İranda daxili vəziyyət
[redaktə | mənbəni redaktə et]Bilindiyi kimi, 1945-ci ilin mayından etibarən Avropada 1939-cu ildən bəri davam edən savaş sona çatdı. Mayın 8-də dünya agentlikləri Almaniyanın şərtsiz təslim olması barədə xəbər yaydılar. Savaşın bitməsi, Almaniyanın məğlubiyyəti qəbul etməsi xəbəri İran siyasi dairələrində ölkədəki yabançı əsgərlərin çıxarılməsı yönündə bəzi ümidlər doğurmuşdu. Belə ki, Almaniyanın təslim olması xəbərinin gəldiyi 8 may tarixində saat 17 – də Tehranda dövlət binalarının üzərində dalğalanan ingilis, Sovet, Amerika və Çin bayraqları endirilmişdi. Xalq da öz evlərinə İran bayraqları asmağa başlamışdı. Üçtərəfli anlaşmaya görə altı ay ərzində rus və ingilis birlikləri İrandan çəkilməli idilər. Bu vəziyyətə baxmayaraq, İranda siyasi dairələrdə hələ bir boşluq olduğu görünürdü. Çünki Murtəza Bəyat hökuməti aprel ayından istefaya getsə də, hələ yeni hökumət qurulmamışdı. Nəhayət, 13 mayda Qacarlar dövründə sülalənin həkimi olmuş 76 yaşlı İbrahim Həkimilmülkü baş nazir və daxili işlər naziri vəzifəsinə gətirilir. O, Seyid Həsən Tağızadə ilə birlikdə Tərəqqi partiyasının qurucularından idi. Həmin dövrdəki sovet qaynaqlarına görə isə İbrahim Həkimi nəinki İngiltərə meyilli idi, hətta mərkəzi Londonda olan Fraksion adlı gizli partiyanın üzvü qəbul edilmişdi. İbrahim Həkimi hökumətinin xarici siyasətində ilk addım Tehrandakı sovet, ingilis və Amerika səfirlərinə qalib ölkə əsgərlərinin İrandan çıxarılması haqqında nota vermək olmuşdu. İran Xarici İşlər Naziri Ənuşirəvan Sipehbudinin sovet səfiri M. Maksimova verdiyi 19 may 1945-ci il tarixli 1117 saylı notada deyilir:[4]
Müharibənin sona çatması münasibətilə ürəkdən sevindik. İran hökumətinin təbriklərini böyük müttəfiqlərin qəhrəman ordusu ilə birlikdə düşmənin qüvvələrini əzmiş, alman ordulurını şərtsiz təslim olmağa məcbur etmiş SSRİ-nin qüvvətli ordusuna çatdırmağı özümüzə borc bilirik. İran ilə Sovetlər Birliyi arasındakı yaxşı münasibətləri təsdiq etməklə yanaşı İran hökumətinin aşağıdakı fikrini və ricasını zati- alinizin nəzərinə çatdırırıq.
Belə ki, Avropada müharibə rəsmən bitmişdir. Müharibənin nəticəsi olaraq İrandakı mövcud vəziyyəti saxlamağa ehtiyac duymuruq. Ölkənin qısa müddətdə normala dönməsinin zəruriliyini və İran xalqının iradəsini ifadə edərək bildiririk ki, artıq İran ərazisində sizin dövlətininzin silahlı qüvvələrinin qalmasına ehtiyac yoxdur. Almaniya ilə müharibədə bizim müttəfiqlərin qalibiyyətinə yardım məqsədilə imzalanmış üç dövlətin müqaviləsinin ruhuna uyğun olaraq İran hökuməti rica edir ki, Sovet İttifaqı silahlı qüvvələri İran ərazisini tərk etsin. Sovet səfirindən rica edirik ki, yuxarıda deyilənləri Sovetlər Birliyi hökumətinin nəzərinə çatdırsın və İran Xarici İşlər Nazirliyinə bu məsələ ilə əlaqədar öz hökumətinin razılığını bildirsin |
1945-ci ilin iyununda isə Cənubi Azərbaycanda işlərin bir xeyli ciddiləşməsində İranda yaşanan hökumət böhranının da təsiri olmuşdur. Bir tərəfdən İbrahim Həkimi istefa etmiş, digər tərəfdən yeni təyin edilən Baş Nazir (Rza şah dövründə Ədliyyə Naziri olan) Möhsün Sədr (Sədr əl-Əşrəf) məclisdən lazımi səs çoxluğu qazana bilməmişdi. Onun Məmmədəli şah dövründə Ədliyyə Naziri işləyərkən, Əsas Qanun (Qanuni-əsasi) və demokratiya uğrunda mübarizə aparan, Rusiyanın yardımı ilə həbs edilən demokratlara məhkəmə qurması, nəticədə tutulanların çoxunun Tehrandakı Şah bağında güllələnməsinin buna səbəb olması ehtimal edilir.
Azərbaycan Demokrat Firqəsinin qurulması
[redaktə | mənbəni redaktə et]Bağırov Moskvadan döndükdən sonra iyun ayı içində İran Xalq Partiyası MK-sının üzvü, İran Məclisinin millət vəkili A. Kambehşi, Xalq partiyasının Təbriz əyalət komitəsinin başçısı S. Padeqani, yazıçı və naşir H. Ə. Şəbüstəri, "Aşir" qəzetinin redaktoru Mir Cəfər Pişəvəri gizli şəkildə Bakıya gətirilmişdi. Burada Azərbaycan Demokrat Partiyasına Pişəvərinin müvəqqəti olaraq başqanlıq etməsi qərarlaşdırılmışdı. Cənubi Azərbaycandakı işçilərə də xəbər göndərilərək, Tudə partiyasının ADP-yə çevrilməsi üçün bir saat belə dayanmamaları tapşırılmışdı. ADP – nin qurulması üçün bəzi problemlər olduğu kimi güclü bir müxalifət də yaranmış və Xalq partiyası MK-sı bütün vasitələrlə bu işləri pozmağa çalışmışdı. Bakı toplantısında Pişəvəri, Şəbüstəri və Pedaqaniyə onlara qarşı ola biləcək sui-qəsd hərəkətləninə görə Təbrizdən ayrılmamaları da qərarlaşdırılmışdı.
Azərbaycan xalqının ictimai – siyasi, milli tələblərini, ehtiyaclarını təmin etmək və demokratik hərəkata lider olmağa qadir siyasi təşkilatın — ADP — nin qurulmasına böyük bir ehtiyac olmuşdu. Pişəvərinin liderliyilə 3 sentyabr 1945-ci il tarixində milli müstəqillik uğrunda demokratik hərəkatın önündə gedən ADP-nin yaradılmasını, onun məqsəd və vəzifələrini elan edən müraciətnamə yayıldı. 7 sentyabr 1945-ci ildə İran Xalq Partiyası Azərbaycan təşkilatının onunla birləşməsi Azərbaycan xalqının həm Cənubi Azərbaycanda, həm də Şimali Azərbaycanda yaşayan üzvləri tərəfindən tərəfindən rəğbətlə qarşılanmışdı. Əsas vəzifələrdən biri kimi Azərbaycan xalqına daxili azadlıq və muxtariyyət verilməsi, məktəblərdə dərslərin Azərbaycan və fars dilində aparılması tələbi irəli sürüldü. Azərbaycan bölgəsindəki bütün şəhərlərin divarlarına Partiyanın qurulması haqqında Azərbaycan dilində yazılmış elanlar asılmışdı. Elanların birində belə yazılırdı:[36]
Tarixdə müstəqillik müdafiəçisi olaraq tanınan Azərbaycan artıq Tehran hökumətinin təzyiqi və zülmü altında qala bilməz. Azərbaycan xalqının özəl bir ana dili vardır, məktəblərdə və idarələrdə bu dili işlətmək lazımdır. Azərbaycanı sənayeləşdirmək və vətənimizin zənginlikləri ona aid olmalıdır. |
1945-ci il oktyabrın 2-dən 4-dək Təbrizdə ADP-nin I qurultayı keçirildi.[37] ADP-nin qurultayda qəbul edilmiş proqramında milli məsələ barədə deyilirdi:[38]
İran məmləkəti daxilində yaşayan hər bir millətin muxtariyyəti və öz müqəddəratını təyin etmək hüququ əyalət və vilayət əncümənləri vasitəsilə təmin edilməlidir. |
İran məclisi və hökuməti Azərbaycan xalqının tələblərini eşitmədi. Əyalət və vilayət əncümənlərinin təşkil olunmayacağını rəsmi surətdə elan etdi. Hökumət çoxlu miqdarda ərzağı Azərbaycandan daşıtmaqla orada süni qıtlıq yaratmaq istədi. Azərbaycan tacirlərinin 15 milyon tümənə yaxın pulunu Tehran banklarına köçürməklə, Azərbaycan ticarətində çətinliklər yaratdı. 1945-ci il sentyabrın 10-da Marağa və oktyabrın 20-də Ərdəbil şəhərlərində hərbi vəziyyət elan edildi. Marağada ADP-nin fəal üzvü, şəhər idarəsinin rəisi Məhəmməd Hüseyn Rahvər terror nəticəsində öldürüldü. Azərbaycan xalqının etirazına baxmayaraq, sentyabrın 12-də qatı irticaçı S. M. Fərrux Azərbaycana vali təyin olundu. Hökumət başçısı, hərbi nazir və İran qoşunu Baş qərargahı rəisinin iştirakı ilə keçirilən iclasda ADPnin komitə üzvlərinin Təbrizdə həbs edilərək gizli və təcili Tehrana aparılması qərara alındı. Bu barədə hökumətin Azərbaycandakı diviziya komandanlığına xüsusi əmr də verildi.[38]
Azərbaycan Milli Hökumətinin yaradılması
[redaktə | mənbəni redaktə et]İran hakimiyyətinin bəyanatlarından və gördüyü tədbirlərə cavab olaraq Cənubi Azərbaycanda əhali silahlanmağa başlamışdı. 1945-ci il noyabrın 20–21-də Təbrizdə keçiriləcək Azərbaycan Xalq Konqresinə (AXK) Cənubi Azərbaycanın bütün şəhərlərindən nümayəndələrin seçilməsi üzrə kompaniyanın getdiyi bir vaxtda İran qoşununun birinci dəstəsi noyabrın 17-də, ikinci dəstəsi 18-də Tehrandan Qəzvinə tərəf hərəkət etdi. Fədailər hökumətin silahlı qüvvələrinə ilk zərbəni 1945-ci il noyabrın 16-dan 17-nə keçən gecə Marağa, Mərənd, Miyanə, Sərab və Ərdəbil mahallarında eyni bir vaxtda endirdilər. Nəticədə Təbriz, Ərdəbil, Əhər, Astara, Marağa, Miyandab, Urmiyə, Xoy və Maku şəhərlərindəki dövlət qüvvələri bir-birindən ayrı düşərək təklənmiş oldular.[39] 1945-ci il noyabrın 18-dən 26-dək Azərbaycanın böyük qəsəbə və şəhərlərində, o cümlədən Nəmin, Zəncan, Germi, Astara, Biləsuvarda, dekabrın 1 — dən 19-dək Xoy, Maku, Salmas, Marağa, Meşkinşəhr, Təbriz, Əhər, Xalxal, Ərdəbil, Kələybər, Miyandab və Urmiyada "Hökumət qan tökülmədən irtica qüvvələrinin əlindən çıxıb xalqın əlinə keçdi".[40]
Cənubi Azərbaycanın bütün şəhərlərində toplantılar keçirildiyi kimi, 20–21 noyabrda Təbrizdə çağırılmalı olan Azərbaycan Xalq Konqresinə nümayəndələrin seçilməsi də sürətləndirilmişdi. Xalq Konqresi özünü Qurucular Məclisi elan etmiş, o da Milli Heyət üzvlərini seçmişdi. Azərbaycan Milli Məclisi seçilənə qədər bu heyət Qurucular Məclisnin qərarlarını icra etməli idi. Qurucular Məclisinin qəbul etdiyi, İran şahı Məmmədrza Pəhləviyə, Məclis Başqanı Tabatabaiyə və Baş Nazir İbrahim Həkimiyə göndərilən bəyannamədə İran dövləti daxilində milli muxtariyyət verilməsi tələb olunmuşdu. Beləliklə, 12 dekabr 1945-ci ildə məclisin açıldığı gün Azərbaycan muxtariyyəti qurulmuşdu. Məclis Azərbaycan hakimiyyətini qurmaq vəzifəsini Pişəvəriyə tapşırmışdı.[41]
Ölkədə milli azadlıq hərəkatının ümumi yüksəlişi şəraitində manevr etməklə vaxt qazanmağa çalışan Tehran hökuməti 1946-cı il iyunun 13-də Azərbaycan Milli Məclisini Azərbaycan Əyalət əncüməni kimi tanımağa məcbur oldu.[42]Azərbaycan valisini təyin etmək (Əyalət əncüməninin təklifi ilə) İran hökumətinin səlahiyyətində qaldı.
Hökumət fəaliyyəti
[redaktə | mənbəni redaktə et]İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Azərbaycan Milli hökuməti qısa fəaliyyəti ərzində mühüm əhəmiyyətli tədbirlər həyata keçirdi. 1946-cı il fevralın 16-da "Xalisələrin bölünməsi haqqında qanun" və "Müsadirə haqqında qanun" qəbul etdi. Bu qanunlar əsasında dövlət kəndlərinin torpaqları və sular kəndlilər arasında əvəzsiz olaraq bölünməli, Milli hökumətə qarşı mübarizə edənlərin torpaqları kəndlilərə verilməli idi.[5]
Sənayedə fəhlə nəzarəti yaradıldı. Azərbaycan Milli Məclisinin 1946-cı il mayın 12-də qəbul etdiyi Əmək qanununda 8 saatlıq iş günü, əməkçilərin bir çox sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi nəzərdə tutulurdu. Qənd zavodu, Təbrizin tütün və çay fabrikləri Milli hökumətin ixtiyarına keçdi. Milli hökumət Təbrizin "Şayan" trikotaj fabrikini satın aldı, Təbrizdə "Zəfər" adlı trikotaj fabriki və bir neçə şəhərdə parça və corab fabrikləri açdı.
Hərb
[redaktə | mənbəni redaktə et]1946-cı il fevralın 6-dan xalq qoşunları yaradılmasına başlandı. Hərbi məktəb açıldı, az müddətdə xalq qoşunları üçün 250 nəfərdən çox zabit hazırlandı. Azərbaycan Milli Hökuməti dövründə könüllü xalq birliklərindən ibarət olan fədai dəstələri Milli ordunun əsasını təşkil edirdi.
Mədəniyyət və təhsil
[redaktə | mənbəni redaktə et]Mədəniyyət sahəsində mühüm işlər görüldü. Milli hökumətin 1946-cı il 6 yanvar tarixli "Dil haqqında Azərbaycan Milli hökumətinin qərarı" ilə Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olundu.
1946-cı il yanvarın 19-da Təbrizdə Ali İncəsənət və Rəssamlıq Məktəbi, martın 28-də Azərbaycan Dövlət Teatrı, aprelin 7-də Azərbaycan radiosu, iyulun 5 — də İncəsənət Muzeyi, sentyabrın 3-də Azərbaycan Milli orkestri və onun əsasında təşkil olunmuş Dövlət Filarmoniyası fəaliyyətə başladı. Xalq hökuməti hesabına 7 şəhərdə tərbiyə evləri, şəhər, qəsəbə və kəndlərdə çoxlu kitabxana və qiraətxana açıldı, Azərbaycan Rəssamlar və Heykəltəraşlar Cəmiyyəti təşkil olundu, Ərdəbil, Astara, Marağa və digər şəhərlərdə teatr binaları tikildi. Əhalinin vəsaiti hesabına bir ildə 2000-dən artıq məktəb açıldı. Azərbaycan dilində 20-dən çox qəzet və jurnal nəşr edilməyə başlandı.[5]
1946-cı ilin son üç ayı üçün Azərbaycan maarifinə ayrılmış vəsait İran dövlətinin bütün ölkə maarifi üçün ayırdığı illik büdcədən iki dəfə çox idi". Kimsəsiz uşaqları himayə məqsədilə dövlət büdcəsindən, o zamankı pul vahidi ilə 500 min tümən vəsait ayrılmışdı. Həmin vəsait hesabına Azərbaycanın yeddi iri bölgəsində, o cümlədən Təbriz, Urmiya, Ərdəbil, Marağa, Zəngan, Xoy və Əhər şəhərlərində uşaq tərbiyə evləri təşkil olunmuşdu.
1946-cı il yanvarın 6-da Azərbaycan Milli Hökuməti Təbrizdə Azərbaycan Dövlət Universitetinin təşkil olunması haqqında qərar qəbul etdi. 1946-cı ilin iyununda Təbrizdə ilk milli universitet açıldı.[43] İlk vaxtlar universitetin üç fakültəsi olmuşdu: tibb, kənd təsərrüfatı və pedaqoji fakültələr. Pedaqoji fakültədə tarix, dil, ədəbiyyat, fəlsəfə, hüquq, fizika, riyaziyyat və biologiya ixtisasları tədris olunurdu. Riçard Kottom qeyd edir ki, universitetdə mühazirələr türk dilində aparılırdı.
Bu dövrdə ədəbi sahədə də böyük işlər görüldü. M. Biriya, M. M. Cavuşi, A. M. Gülgün, M. Derəfşi, H. Səhhaf, Y. Şeyda, M. Niknam öz əsərlərində millətin mövcudluğu üçün dilin rolunu göstərməyə çalışır, xalqı ana dilinə daha fəal surətdə yiyələnməyə çağırırdılar. 1941–1946-cı illərdə Cənubi Azərbaycandakı ədəbi prosesin canlanmasında və istiqamətlənməsində Sovet ordusu sıralarında Cənubi Azərbaycana getmiş ədəbi simalar mühüm rol oynamışdı. 1946-cı ilin yanvarında "Azərbaycan şairlər məclisi"adlı yazarlar birliyinin yaradılması oradakı milli ədəbi prosesdə mühüm hadisəyə çevrilmişdi. "Şairlər Məclisi" adlı topluda yazıçı və şairlərin ana dilində ədəbi nümunələri işıq üzü görmüşdü. Birliyin Ərdəbil, Urmiya, Zəncan, Sərab, Mərənd, Səlmas, Marağa və s. şəhərlərində filialları fəaliyyət göstərirdi. Azərbaycanda yaradılan yeni mədəniyyət ocaqlarından bəhs edən "Demokrat" məcmuəsi yazırdı ki, indi Azərbaycanın şəhər və kəndlərində hər gün minlərlə yeni mədəni-maarif ocaqları yaranmaqdadır.[44]
Milli Hökumət tərəfindən maddi və mənəvi cəhətdən dəstəklənən teatr truppaları 1946-cı ildə Azərbaycanın bütün şəhərlərində fəaliyyət göstərməyə başlamışdı. Azərbaycan dillində qurulan teatr tamaşalırının əsas mövzuları milli vətənpərvərlik, maarifləndirmə, cəhalət və xürafatdan uzaqlaşmaq, əxlaq və mədəniyyət, qadın problemi əsas yer tuturdu. 1946-cı ilin martın 28-də Təbrizdə Azərbaycan Dövlət Dram teatrının açılışı Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə olmuşdu. Azərbaycan teatrı Milli Hökumətin mədəni-maarif proqramının icrasında fəal iştirak etdi.
İlk dəfə olaraq irqçi ideologiyaya cavab olaraq azərbaycanlı ziyalılar tərəfindən tarixi keçmiş haqqında milli konsepsiyanın yaradılmasına cəhd edimişdi. F. İbrahimi 1946-cı ildə Azərbaycanın qədim tarixi haqqında yazdığı kitabda azərbaycanlıları onların mədəni cəhətdən farslardan üstün olması ruhunda tərbiyə etməyə, xalqına qədim azərbaycanlıların müstəqilliyi, özünəməxsusluğu və avtoxtonluğu ideyasını təlqin etməyə çalışırdı. Müəllif yazırdı:[45]
Vətənimizin adı Azərbaycan, millətimizin adı da azəridir. Azərbaycan milləti müstəqil bir dilə və tarixə malik olubdur. |
Sovet hərbi hissələrinin tərkibində Cənubi Azərbaycana getmiş olan Azərbaycanın yazıçı, şair ədəbiyyatşünas və publisistləri – Süleyman Rəhimov, Süleyman Rüstəm, Məmməd Rahim, Osman Sarıvəlli, Əvəz Sadıq, Cəfər Xəndan, Abbas Zamanov, Qulam Məmmədli, İsrafil Nəzərli və başqalarının fəaliyyəti sayəsində Təbriz ədəbi mühitində böyük bir canlanma yarandı.
Azərbaycan Milli Hökuməti dövründə aparılan mədənin islahatların mühüm bir qanadını ana dilində mətbuatın formalaşması səciyyələndirməkdədir. 1945–1946-cı illərdə Azərbaycanın cənubunda müxtəlif mətbuat orqanları, o cümlədən "Vətən yolunda", "Azərbaycan", "Fəryad", "Azad millət", "Qələbə", "Yeni Şərq", "Maarif", "Demokrat", "Fəlahət" (Təbriz), "Cövdət" (Ərdəbil), "Urmiyyə", "Qızıl əsgər" (Urmiyə), "Vətən" (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuşdur.
Dil problemi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Milli Hökumətinin 6 yanvar 1946 (16 dey 1324-cü il) tarixli iclasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. On maddədən ibarət bu qərara görə, Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olunurdu. Bütün dövlət orqanları və idarələrdə yazışmalar, məktəblərdə tədris, nəşriyyat işləri türk dilində (Azərbaycan dili) aparılmalı idi. Azərbaycanlı olmayanlara türk dilini öyrənib və əməli fəaliyyətdə ondan istifadə etmək üçün şərait yaradılır və dövlət dilini öyrənmək üçün möhlət qoyulurdu. Cənubi Azərbaycanda olan azlıqlara öz dillərindən tədris və digər sahələrdə sərbəst istifadə etmək hüququ verilir. Bununla birlikdə dövlət dilinin öyrənilməsi vətəndaşlıq borcu kimi onlara həvalə edilirdi. Azərbaycan Milli Hökumətinin Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsi, məktəblərdə tədrisin, dövlət idarələrində danışıq və yazışmaların ancaq bu dildəaparılması dövlətin rəsmi göstərişi ilə Maarif Nazirliyinin 1№-li əmri ilə (1946 yanvar) həyata keçirilmişdi.[46]S. C. Pişəvəri ana dilinin məktəbvə tədris müəssisələrində işlədilməsinə, bu sahədə mövcud çətinliklərin tez aradan aparılmasına xüsusi diqqət ayırmışdı. Bu cəhətdən S. C. Pişəvərinin maarif nazirliynə ünvanladığı 1946 19 dekabr (1324-cü il 28 Azər) tarixli 28\465 №-li sərəncamda aşağıdakı qeyd olunur:[46]
Bütün milli və dövlət məktəblərində təlim və tərbiyənin Azərbaycan dilində aparılması üçün hazırlıq işləri görülsün;
Maarif Nazirliyinin tərkibində “dərs kitabları hazırlayan şöbə” yaradılsın; Alimlər, təcrübəli müəllim və məktəb müdirləri hazırlıq işinə cəlb edilsin; Azərbaycan dilində çap olunacaq dərsliklər nəzarət komissiyasının rəhbərliyi ilə hazırlansın və bu haqda maarif nazirliyi məlumatlandırılsın; Əlifbadan əlavə, ədəbiyyat, tarix, riyaziyyat, fizika, coğrafiya və s. fənlər üzrə kitablar hazırlanıb çapa verilsin; Dərsliklər hazırlayan şöbənin reyasət heyətinə təcrübəli, məlumatlı və savadlı şəxslər cəlb edilsin; Dərsliklər hazırlayan şöbə 5 gün ərzində xərclənəcək pul və vəsaitin miqdarını müəyyənləşdirsin; Dərslikləri hazırlayan şöbə bir aydan gec olmayaraq 1-4 sinflər üçün azərbaycanca dərslikləri hazırlayıb, çap etdirsin; Bütün milli və dövlət məktəb rəhbərlərinə göstəriş verilsin ki, azərbaycanca dərsliklər hazırlanana qədər mövcud dərsliklərdən istifadə etməklə tədrisi ana dilində aparsınlar. |
Həmin dövrdə 7 cilddən ibarət "Ana dili" adlı metodik dərs vəsaiti hazırlandı ki, sonrakı dövrlərdə də gizli şəkildə olsa da bu vəsaitdən Azərbaycan dilini öyrənmək üçün istifadə edilirdi.[47]
Azərbaycan Milli Hökuməti sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər qeyd olunmalıdır.[6]
Hökumət üzvüləri
[redaktə | mənbəni redaktə et]- 1) Baş nazir-Seyid Cəfər Pişəvəri;
- 2) Daxili İşlər naziri-Salamulla Cavid;
- 3) Xalq qoşunları naziri-Cəfər Kavian;
- 4) Kənd təsərrüfatı naziri-doktor Mehtaş;
- 5) Maarif naziri-Məhəmməd Biriya;
- 6) Səhiyyə naziri- doktor Urəngi;
- 7) Maliyyə naziri- Qulamrza İlhami;
- 8) Ədliyyə naziri-Yusif Əzima;
- 9) Poçt-teleqraf naziri-Mirzə Rəbi Kəbiri;
- 10) Ticarət və İqtisad naziri-Rza Rəsuli;
- 11) Ali Məhkəmənin sədri-Zeynalabidin Qiyami;
- 12) Baş prokuror-Firudin İbrahimi.
Sovet qoşunlarının çıxarılması
[redaktə | mənbəni redaktə et]Sovet İttifaqı, Böyük Britaniya və İran arasında bağlanmış 1942-ci il 29 yanvar tarixli ittifaq müqaviləsinə görə, sovet qoşunlarının İranda qalması müddəti 1946-cı il martın 2-də qurtardı. Elə həmin gün Məşhəd, Şahrud, Semnan kimi nisbətən sakit şəhərlərdən sovet qoşunlarının çıxarılmasına başlandı. Ancaq Cənubi Azərbaycandakı hadisələrlə əlaqədar bu iş bir qədər dayandırıldı. ABŞ və Böyük Britaniya dövlətləri BMT-nin 1946-cı ilin yanvarında Londonda keçirilən sessiyasında "İran məsələsi"ni Təhlükəsizlik Şurasının gündəliyinə çıxardılar, lakin SSRİ-nin təkidi ilə bu məsələ təxirə salındı. 1946-cı il martın 18-də "İran məsələsi" ikinci dəfə Təhlükəsizlik Şurasının gündəliyinə çıxarıldı və martın 26-da bu məsələyə baxıldı. Ancaq sovet qoşunlarının martın 24-də yenidən təxliyəsi getdiyi üçün müzakirə İran hökumətinin xahişi ilə dayandırıldı. 1946-cı il aprelin 4-də Moskvada SSRİ və İran hökumətləri qalan qoşunların da çıxarılması haqqında razılığa gəldilər. Həmin tarixdə (4 aprel 1946-cı il) Tehran şəhərində imzalanmış Sovet-İran sazişinin 3-cü maddəsində deyilirdi:
Azərbaycan (Cənubi Azərbaycan nəzərdə tutulur) məsələsi İranın daxili işi olduğundan mövcud qanunlara görə hökumətlə Azərbaycan əhalisi arasında və Azərbaycan xalqına xeyirxah münasibət ruhunda islahat keçirməyin dinic yolu tapılacaqdır. |
1946-cı il aprelin axırından həyata keçirilən sovet qoşunlarının təxliyəsi İranın başqa rayonları kimi, Cənubi Azərbaycanda da mayın 26-da başa çatdırıldı.
Beləliklə, "Azərbaycan məsələsi İranın daxili işi olduğundan" artıq onun taleyi həll edilmişdi. Hələ 1942-ci ilin sonundan İranın bütün silahlı qüvvələrinin ixtiyarını öz əlinə keçirmiş ABŞ hərbi heyətləri 21 Azər hərəkatının əvvəlindən İranın silahlı qüvvələrini Azərbaycana qarşı hücuma hazırlayırdılar. Bununla əlaqədar İran hökuməti ABŞ-dən 20 milyon dollarlıq silah və hərbi sursat almış, əməliyyat zamanı amerikalılar İran qoşununa 40 bombardmançı təyyarə vermişdilər. İngilislər isə 1946-cı ilin avqustunda İran sərhədinə, Bəsrə şəhərinə 5 diviziya gətirmiş, hərbi gəmiləri İranın Xürrəmşəhr və Abadan limanlarına yan almışdı.
Süqutu
[redaktə | mənbəni redaktə et]Pişəvəri və Mərkəzi hökumətin təmsilçisi Müzəffər Firuz arasında keçirilən uzun görüşlərin nəticəsində iyunun 13-də saziş imzalanmışdı. Pişəvəri hökuməti 15 maddəlik bu sazişlə dil sahəsindəki tələblərindən bəzilərini 12-ci və 13-cü maddələrdə təsbit etdirə bilmişdi. 12-ci maddədə bölgənin rəsmi dili olaraq fars və Azərbaycan dilləri qəbul edilmiş, ibtidai və orta məktəblərdə iki dilin tədris olunması nəzərdə tutulmuşdu. Eyni zamanda bu müqaviləyə görə, Pişəvəri Azərbaycan Milli Hökumətinin muxtariyyəti və ya müstəqilliyi ideyasından əl çəkiləcəyini, onun nazirlik və komitələrinin ləğv ediləcəyini öhtəsinə götürürdü. Digər maddəyə görə, Azərbaycan Milli Hökumətinin Parlamenti yerli məclis funksiyasinı daşıyacaq və bu İran konstitutsiyası tərəfindən də tanınmalı idi.[48] Solçuların dəstəklədiyi, mərkəz sağ və milliyyətçilərin isə tənqid etdiyi bu saziş yalnız mərkəzi hökumət ordusunun Təbrizə girib demokratik hərəkatın varlığına son qoyduğu dövrə qədər (13 dekabr) qüvvədə qaldı.
1946-cı ilin dekabr ayının 13-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[49] Beləcə, bir il mövcud olmuş Azərbaycan Milli Hökuməti zor gücünə süqut etdi.[50] Ən azı 500 nəfər Azərbaycan Demokrat Partiya üzvü öldürülmüş və yüzlərləsi həbs edilmişdir.[51]
ABŞ Ali Məhkəməsinin hüquqşünası və siyasətçi Uilyam O. Duqlas ABŞ Ali Məhkəməsinə hesabatında bildirmişdi ki, rus ordusu (SSRİ ordusu nəzərdə tutulur) Azərbaycanda (Cənubi Azərbaycan) olarkən özlərini çox yaxşı və mədəni aparmasına baxmayaraq, İran ordusu buraya gəldikdən sonra əhali ilə əsl işğalçı kimi davranmış, kəndlilərin saqqalını yandırmış, onların arvadlarını və qızlarını zorlamış, bütün heyvanlarını və ərzaqlarını talan etmişdir. İran ordusu ölüm çığırı çəkib və gerisində qalan hər şeyi məhv edir.[52]
Azərbaycan Milli hökumətinin qurucularından bəziləri Seyid Cəfər Pişəvəri başda olmaqla İran ordusu Təbrizə daxil olmamaışdan bir necə dəqiqə əvvəl şəhərdən çıxmışdır. S. C. Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Yevlax şəhəri yaxınlığında Sovet gücləri tərəfindən planlı olduğu düşünülən avtomobil qəzasına düşdü və aparıldığı xəstəxanada vəziyyəti yaxşı olsa, da müəmmalı şəkildə həyatını itirmişdir. Hökumətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunmuş, maarif naziri Məhəmməd Biriya sovet siyasi — rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılmışdır. Milli Hökumətin digər qurucuları da həbs və sürgünlərə göndərilmiş, ağır mühacirət həyatı yaşamağa məcbur olmuşlar, lakin onların Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti yolunda apardığı mübarizə adlarını tarixə ədəbi olaraq yazmışdır.
Azərbaycan Milli Hökumətinin ömrü uzun olmasa da, bu hökumətin yaranması və fəaliyyəti Azərbaycanın güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan vermişdir. Bu gün istər güneydə, istərsə də dünyanın müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökumətidir.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
General-mayor, Azərbaycan Milli Hökumətinin Yollar, Poçt və teleqraf naziri Mirzə Rəbi Kəbirinin edamı
-
Azərbaycan Milli Hökumətinin baş prokuroru. 1947-ci ilin may yaının 22-də Təbrizdəki Gülüstan bağında asılaraq edam edilmişdir.
-
Azərbaycan Milli Hökumətinə məxsus rəsmi sənəd
-
Azərbaycan Milli Hökumətinin Maarif nazirliyi tərəfindən hazırlanmış gündəlik
-
Azərbaycan Milli Hökumətinin möhürlədiyi pul
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Demokrat Firqəsi
- Azadıstan
- Seyid Cəfər Pişəvəri
- Məhəmməd Biriya
- Firudin İbrahimi
- Mirzə Rəbi Kəbiri
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ (author Archie Roosevelt, Jr.), p. 249. // Middle East Journal. Volume 1, № 3. Publisher: Middle East Institute. July 1947, 368 pages.
- ↑ Qulamhüseyn Məmmədov. "Seyid Cəfər Pişəvəri hökumətində Azərbaycan dili". Milliyyət Araşdırmalar Mərkəzi. 15 iyul 2019 tarixində arxivləşdirilib.
- ↑ ""21 Azər" hərəkatının yaranmasından 77 il ötür". 2022-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-12.
- ↑ 1 2 Şimşir, Dr. Səbahəddini. II Dünya müharibəsindən sonra Rusiyanın təsirilə İrandakı gəlişmələr. Bakı: Azərnəşr. 2010.
- ↑ 1 2 3 Azərbaycan tarixi 7 cilddə, VII cild. Bakı: Elm nəşriyyatı. 2008.
- ↑ 1 2 1945–1946-cı illərdə mövcud olmuş Milli Hökumətin ana dili siyasəti [ölü keçid]
- ↑ Həsənli, Cəmil. Güney Azərbaycan Tehran-Bakı-Moskva arasında (1939-1945). Bakı. 1998.
- ↑ Kəskin, Arif. Güney Azərbaycanda milli hərəkatın tarixi təməlləri. 2006.
- ↑ 1 2 "Azərbaycan məktəbi" 1946, səh 5–55
- ↑ 1 2 Народное хозяйство Азербайджанской ССР к 50-летию СССР. Юбилейный стат. ежегодник. Баку, 1972, стр.246–247.
- ↑ 1 2 Народное образование, наука и культура в Азербайджанской ССР. Стат. сборник. Баку, 1975, стр.86
- ↑ Народное хозяйство Азербайджанской ССР к 50-летию СССР, стр.249
- ↑ Отчетный доклад ЦК КПСС XX съезду партии. М., 1956, стр.94.
- ↑ "Azərbaycan müəllimi" qəzeti, 23 avqust 1959-cu il.
- ↑ История Азербайджана. Т. 3, ч. II, стр.302.
- ↑ Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi — ARSPİHDA, f. 1, səh.206, i. 98, 68.
- ↑ Рзаев А.К. Очерки истории высшего педагогического образования в Азербайджане. Баку, 1966, стр.158.
- ↑ История Азербайджана. Т. 3, ч. II, стр.224
- ↑ Культурное строительство Азербайджанской ССР. Стат. сб. Баку, 1961, стр.66–67.
- ↑ Алимирзоев Х.О. Азербайджанский Государственный Университет. За 50 лет. Баку, 1969, стр.158, 159, 160, 434.
- ↑ Yaddaş müharibəsi: Zaqafqaziyada miflər, identiklik və siyasət Arxivləşdirilib 2022-01-31 at the Wayback Machine V. A. Şnirelman, səh 140–141
- ↑ Культурное строительство Азербайджанской ССР, стр.66.
- ↑ "Бакинский рабочий" qəzeti, 14 iyun 1951-ci il.
- ↑ Azərbaycan Respublikası Təhsil Nazirliyinin Arxivi. 1970-ci il hesabatı, v. 201.
- ↑ 1 2 3 Народное хозяйство Азербайджанской ССР к 70-летию Великого Октября. Юбилейный стат. ежегодник. Баку, 1987, стр.207.
- ↑ История Азербайджана. Т. 3, ч. II, стр.226; Народное хозяйство Азербайджанской ССР к 50-летию СССР, стр.262.
- ↑ История Азербайджана. Т. 3, ч. II, стр.228.
- ↑ Народное образование, наука и культура в Азербайджанской ССР. Стат. сб. Баку, 1975, стр.192, 194–195
- ↑ Культурное строительство Азербайджанской ССР, стр. 124–125; Народное хозяйство Азербайджанской ССР к 70 — летию Великого Октября, стр.226.
- ↑ История Азербайджана. Т. 3, ч. II, стр.229.
- ↑ Народное хозяйство Азербайджанской ССР к 50-летию СССР, стр.263.
- ↑ Культурное строительство Азербайджанской ССР, стр.114–115.
- ↑ Azərbaycan Rcspublikası Kitab Palatasının Arxivi, Məlumatbiblioqrafiya şöbəsinin 1946, 1970-ci illər hesabatları.
- ↑ Культурное строительство в СССР. Стат. сб. М., 1956, стр.318, 331; Народное образование и культура в СССР, стр.370–371
- ↑ 10 лет Академии Наук Азербайджанской ССР. Баку, 1957, стр.29.
- ↑ İbrahimi, Firudini. Azərbaycanın qədim tarixindən. Təbriz. 1946.
- ↑ Развитие науки в Советском Азербайджане. Баку, 1967, стр.133.
- ↑ 1 2 Достижения науки в Азербайджане. Баку, 1960, стр.25.
- ↑ Развитие науки в Советском Азербайджане, стр.81.
- ↑ Академии наук Азербайджанской ССР 20 лет. Баку, 1966, стр.95.
- ↑ "Ədəbiyyat qəzeti", 27 sentyabr 1947-ci il.
- ↑ История Азербайджана. Т. III, часть II, стр.429.
- ↑ "İrqçi fars rejimdən Təbriz Universitetinin Azərbaycan Milli Hökuməti tərəfindən təsis edilməsinə etiraf". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
- ↑ Bərəhani R. Pişəvəri böyük bir nümunədir // Bakı-Təbriz, № 3, 2006. − s. 15–22
- ↑ Məmmədli P. Cənubi Azərbaycan mətbuatı tarixi. − Bakı: Elm, 2009. − 200 s.
- ↑ 1 2 Vəkilov C. M. Azərbaycan respublikası və İran; 40-cı illər. − Bakı: Elm, 1991. − 136 səh.
- ↑ Yenisey G. İranda etnosiyasi hərəkatlar (04 1922–20 04). − Bakı: Qanun, 2009. − 248 s
- ↑ Gary. R. Hess Political Science Quarterly, Vol. 89, No. 1 (March., 1974) [1] Arxivləşdirilib 2019-07-13 at the Wayback Machine
- ↑ McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
- ↑ George Lenczowski. "United States' Support for Iran's Independence and Integrity, 1945–1959", Annals of the American Academy of Political and Social Science, Vol. 401, America and the Middle East. (may, 1972), s. 49
- ↑ Atabaki, Touraj. Azerbaijan: Ethnicity and the Struggle for Power in Iran.
- ↑ Douglas, William O. Strange Lands & Friendly People. Harper. 1951. 45. ISBN 978-1199639806.