Hənəfilik
Hənəfi məzhəbi (ərəb. حنفية) — 4 sünni məzhəbindən biri. Əhli-sünnə yolunun davamçılarının böyük hissəsi bu məzhəbi yaşayır. Məzhəbin qurucusu böyük İslam alimi Əbu Hənifədir (əsl adı Numan bin Sabit) (699-767).
Hənəfilik Türkmənistan, Əfqanıstan, Türkiyə, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, İordaniya, Tatarıstan, Başqırdıstan, Suriya, İraqın mərkəzi şəhərləri (Ramadi, Bağdad, Tiqrit), İranın Xorasan əyalətində, Cibuti, Bosniya və Herseqovina, Banqladeş, Şri-Lanka və Çinin Sincan-Uyğur Muxtar Rayonunda yayılmışdır. Hənəfi məzhəbi dörd sünni məzhəbinin əhali baxımından ən genişidir. Davamçıları bütün İslam aləminin %56-ni təşkil edirlər. Hənəfi məzhəbi bəzi Abbasi xəlifələrinin dövründə və Osmanlı dövlətinin rəsmi məzhəbi olmuşdur [1].
Hənəfi məzhəbinin əsasları
[redaktə | vikimətni redaktə et]Hənəfi məzhəbi şeyxülislam "İmam-Əzəm" Əbu Hənifənin ictihadları əsasında formalaşmışdır. Onun tələbələri Əbu Yusif, Züfər ibn əl-Hüzeyl və İmam Məhəmməd itərəfindən İmam-Əzəmin fikirləri saxlanılmış, sistemləşdirilmiş və gələcək İslam nəsillərinə ötürülmüşdür. Hənəfi məzhəbində hökm vermənin əsasları:
2007-ci ildə Hənəfi məzhəbi Tacikistanın rəsmi məzhəbi elan edilmişdir.[2]. Bundan başqa Hənəfi məzhəbi Qafqaz və Balkanlarda çox yayılmışdır.
Hənəfi məzhəbindəki fiqh alimlərinin mərtəbələri
[redaktə | vikimətni redaktə et]Hənəfi məzhəbindəki alimlər aşağıdakı kimi mərtəbələnir[3][4]:
Birinci təbəqə: Bu təbəqə Əbu Hənifə, Şafii, Malik ibn Ənəs, Əhməd bin Hənbəl kimi şəriətdəki müctəhidlərin təbəqəsidir.
İkinci təbəqə: Bu təbəqə Əbu Yusif və İmam Məhəmməd kimi tələbələrin ustadları Əbu Hənifənin qoymuş olduğu üsul qaydalarına riayət edərək, dəlillərdən hökm çıxardaraq məzhəb içərisində müctəhid olanların təbəqəsidir. Bu kimi müctəhidlər bəzi furui (fiqhin təfərrüat məsələlərində) hökmlərdə müxalifət etsələr də üsul qaydalarında (əsas məsələlərdə) müctəhid imamlarını təqlid edərlər.
Üçüncü təbəqə: Bu təbəqə alimləri, haqqında məzhəb imamlarından heç bir dəlil olmayan məsələlərdə ictihad edən müctəhidlərdir. Bunlar da Xəssaf, Əbu Cəfər ət-Tahavi, Əbul Həsən əl-Kərxi, Şəmsül-Əimmə əl-Həlvani, Şəmsül-Əimmə əs-Səraxsi, Fəxrul-İslam əl-Pəzdəvi, Fəxrud-Din Qazixan kimi islam alimləridir. Bu kimi alimlər istər üsul məsələsində, istərsə də furu məsələlərində müxalif olan heç bir şeyin üzərinə fətva vermək iqtidarında deyillər. Lakin üsul və qaydalara görə heç bir dəlil olmayan məsələlərdə hökmlər çıxardarlar.
Dördüncü təbəqə: Bu təbəqə müqəllid olanlardan olub, təxric əhlinin təbəqəsidir. Bunlar da ər-Razi kimi əsla ictihad etməyə səlahiyyətləri olmayan alimlərdir. Lakin üsul elmini bildikləri üçün məzhəb imamlarından nəql olunan iki tərəfli mücməl fətvalara və iki əmr üçün ehtimal olan mübham hökmlərə açıqlıq gətirməyə səlahiyyətləri olan alimlərdir.
Beşinci təbəqə: Bu təbəqə müqəllid olanlardan tərcih sahibləridir. Bu da Əbul-Həsən əl-Qudiri və Hidayə sahibi kimi alimlərdir. Bunların səlahiyyəti bəzi rəvayətləri digərlərindən daha fəzilətli görərək "Bu daha yaxşıdır" və yaxud "Bu daha səhih rəvayətdir" sözlərlə hökm edərlər.
Altıncı təbəqə: Bu təbəqə güclü və zəif fətvaların arasında ayırd etməyə qadir olan müqəllidlərin təbəqəsidir. Bu da Sahibul-Kənz, Sahibul Muxtar, Sahibul-Viqayə kimi daha sonra yazılan mötəbər kitabların müəllifləridir. Bu kimi alimlər rədd edilmiş fətvaları və zəif rəvayətləri nəql etməyə səlahiyyəti olmayan kimsələrdir.
Yeddinci təbəqə: Bu təbəqədə yuxarıda qeyd olunanlardan heç birinə səlahiyyətləri çatmayan avam müqəllidlərin təbəqəsidir.
Hənəfi məzhəbinə aid kitabların mərtəbələri
[redaktə | vikimətni redaktə et]Hənəfi məzhəbinə aid kitabların mərtəbələri[5]:
1. Üsul məsələləri. Bu eyni zamanda Zahirur-Rəvayə də adlanır. Bu kimi məsələlər İmam Əbu Hənifə, Əbu Yusif, İmam Məhəmməd, bəzən də İmam Züfər ibn əl-Hüzeyl və Həsən ibn Ziyaddan və Əbu Hənifədən elm alan digər tələbələrindən nəql olunan hökmlərdir. Amma zahirur-rəvayədə ən məşhur olanlar ilk üç imamdan nəql olunanlardır. Zahirur-Rəvayə kitabları İmam Məhəmmədə aid olan bu 6 kitabdır:
- əl-Məbsut,
- əz-Ziyadə,
- əl-Camius-Sağir,
- əs-Siyərus-Sağir,
- əl-Camiul-Kəbir,
- əs-Siyərul-Kəbir.
Bu kitablar istər mütəvatir, istərsə də məşhur yol ilə olsun, İmam Məhəmməddən sağlam yol ilə nəql olunduğu üçün Zahirur-Rəvayə deyə isimləndirilmişdir.
2. Nadir məsələlər. Bu kimi məsələlər yuxarıda adı keçən imamlardan nəql olunsa belə, ya İmam Məhəmməddən səhih yolla rəvayət edilməmiş və ya adı keçən kitablarda zikr edilməmişdir. Bu məsələlər İmam Məhəmməddin "Keysaniyyat", "Haruniyyat", "Curcaniyyat" kimi kitablarında, ya da Həsən bin Ziyada aid "Muharrər" isimli kitabda və İmam Yusufdan rəvayət olunan “əl-Əmali" kitablarında zikr edilmişdir.
3. əl-Vaqiat və əl-Fətava. Bu kimi məsələlər də daha sonra gələn müctəhidlərin verilən suallara qarşı məzhəb imamlarından görməyib, ictihad edərək fətva verdikləri məsələlərdir. Bunlar da İmam Əbu Yusifun, İmam Məhəmməddin tələbələri və bu tələbələrin tələbələridir. İmam Əbu Yusif və İmam Məhəmməddin tələbələrindən bir neçəsi bunlardır: İsam bin Yusuf, İbni Rüstəm, Məhəmməd bin Sümaə və Əbu Süleyman əl-Cürcani. Bunlardan sonra gələn müctəhidlərsə aşağıdakılardır:
- Məhəmməd bin Sələmə,
- Məhəmməd bin Müqatil,
- Nuseyr bin Yəhya,
- Əbu Nasr əl-Qasim.
Onların fətvalarının toplandığı və bizə gəlib çatan ilk kitab Əbul-Leys əs-Səmərqəndiyə aid "ən-Nəvazil" kitabıdır. Bundan sonra İslam alimlərinin fətvalarını toplayan bəzi kitablar yazılmışlar. Məsələn: Natifiyə aid Məcmuun-Nəvazil və əl-Vaqiat və Sadus-Şəhidə aid əl-Vaqiat bunlardandır. Mutəəxxirin adlanan daha sonra gələn islam alimləri bu fətvaları ayırmadan qarışıq şəkildə zikr etmişlər. Qazixan fətvaları və əl-Xülasat bunlardandır. Rizauddin əs-Sərxsiyə aid əl-Muhit isimli kitabda olduğu kimi bəziləri, fətvaları ayıraraq yazmışlar. Adı çəkilən kitabda ilk başda üsul məsələləri, daha sonra nadir məsələlər, daha sonra digər fətvalar yer almaqdadır.
Fiqh kitablarında "İmam" kəlməsi istifadə olunarsa, bundan məqsəd Əbu Hənifədir. "Sahibeyn" kəlməsi istifadə olunubsa, bundan məqsəd İmam Əbu Yusif və İmam Məhəmməddir. "Tərafan" kəlməsi istifadə olunubsa, bundan məqsəd də İmam Əbu Hənifə və İmam Məhəmməddir. “Şeyxeyn” kəlməsi istifadə olunubsa, bundan məqsəd İmam Əbu Hənifə və İmam Yusufdur. "Ləhu" yəni "Ona aid" kəlməsi keçirsə, İmam Əbu Hənifə, "Ləhumə" "İkisinə aid" istifadə olunursa, İmam Əbu Yusif və İmam Məhəmməd qəsd olunur. "O ikisinə görə" və ya "İkisinin məzhəbinə görə" şəklində ifadə olunubsa, bu zaman da yenə İmam Əbu Yusif və İmam Məhəmməd qəsd edilməkdədir.
Səhih hökmlərin çoxu "Üsul" deyə isimləndirilən Zahirur-Rəvayə kitablarında yer almaqdadır. Bu kitablar da aşağıdakılardır:
- əl-Cəmiul-Kəbir,
- əl-Camius-Sağir,
- əs-Siyərul-Kəbir,
- əs-Siyərus-Sağir,
- əl-Məbsut,
- əz-Ziyadat.
əs-Siyərul-Kəbir və əs-Siyərul-Sağir İmam Məhəmmədin İraqdan ayrıldıqdan sonra yazmış olduğu kitablardır. Bu kitablardan geri qalanlar isə Nadir rəvayətlərdən sayılır. Bunlar da Əbu Yusifa aid Əmali kitabları, İmam Məhəmmədə aid ər-Ruqiyyat kitabıdır. Bu kitabı Məhəmməd ibn Sumaə İmam Məhəmməddən rəvayət etmişdir. İmam Məhəmmədin Süleyman bin Şüeyb əl-Keysaniyə yazdığı “əl-Keysaniyyat" kitabı, İmam Məhəmmədin Harun ər-Rəşidin zamanında qələmə aldığı “əl-Haruniyyat" kitabı, Cürcanda qələmə aldığı “əl-Cürcaniyyat" kitablarıdır. İmam Şafii İmam Məhəmmədə aid Məbsut kitabını bəyənmiş və əzbərləmişdir. Yenə əhli kitabdan biri Məbsutu mütaliə edərək müsəlman olmuş və belə demişdir: "Bu sizin kiçik Məhəmmədinizin kitabıdır. Böyük Məhəmmədinizin kitabı (Quranı nəzərdə) necədir?"
Hənəfi məzhəbinin fiqhi terminləri
[redaktə | vikimətni redaktə et]Fiqhi terminlər[6]:
1. Fərz: Fərz Qurani-Kərim və mütəvatir hədis kimi heç bir şübhə olmayan, qəti dəlil ilə yerinə yetirilməsi lazım olan ibadətdir. Namaz, zəkat və həcc kimi. Fərz olan bir ibadəti inkar edən kimsə kafir olaraq İslam dinindən çıxar. Amma inkar etmədən yalnız tərk edən kimsə haram işləmiş olar və cəhənnəm əzabına düçar olar.
Fərz iki qismə ayrılır: 1) Fərzi ayın, 2) Fərzi kifayə.
a. Fərzi ayın: Bu Allahu Təalanın yerinə yetirilməsini hər bir mükəlləf kimsədən tələb etdiyi ibadətdir. Məsələn: beş vaxt namaz, həcc və şarab içməkdən çəkinmək kimi. Belə bir fərz ibadətini hər kəsin yerinə yetirməsi şərtdir.
b. Fərzi kifayə: Bu Allahu Təalanın hər bir fərddən deyil, mükəlləflərin tamamından yerinə yetirilməsini tələb etdiyi şeydir. Məsələn, Allah yolunda cihad və cənazə namazı kimi. Belə bir ibadəti bəzi kimsələr yerinə yetirdiyi zaman digərlərindən məsuliyyət qalxar. Əgər mükəlləflərdən heç kimsə yerinə yetirməzsə, hər kəs günahkar olar.
2. Vacib: Vacib şübhə doğura bilən zənni dəlili ilə yerinə yetirilməsi lazım olan ibadətdir. Məsələn: bayram namazı və namazda fatihə oxumaq kimi. Çünki bunların vacib olub olmamasında dəlil qəti olmayıb, zənnidir. Zənni dəlil də xəbəri əhaddır. Vacib olan bir ibadəti inkar edən kafir olmaz, yerinə yetirən savab qazanar, tərk edən əzab olunar.
3. Sünnə: Sünnə Məhəmməd peyğəmbərin yerinə yetirilməsini (vacib dərəcədə olmadığı halda) tələb etdiyi şeydir. Sünnəni yerinə yetirən kimsə səvaba nail olar, tərk edən kimsə isə əzab olunmaz. Fəqihlər sünnəni iki qismə ayırmışdır:
a. Sünnəi müəkkədə: Sünnəi müəkkədə Məhəmməd peyğəmbərin davamlı olaraq yerinə yetirdiyi (nafilə) ibadətlərdir. Məsələn: sabah namazının fərzindən əvvəl qılınan namaz, azan, iqamə və camaatla namaz kimi.
b. Sünnəi qeyri-müəkkədə: Peyğəmbər tərəfindən fəziləti bildirilmiş ancaq özünün davam etdiyi nəql edilməmişdir. Əsr və işa namazından əvvəl qılınan dörd rəkətli namaz kimi. Bunlar qeyri-müəkkəd sünnədir.
4. Müstəhəb: Müstəhəb olan ibadət də sünnədən sayılır. Amma sünnə qədər qüvvətli deyil! Müstəhəb olan ibadəti işləyən kimsə savaba nail olur, tərk edən kimsə isə ayıblanmaz. Məsələn: İftarı təcili edib, sahuru gecikdirmək kimi. Məhəmməd peyğəmbərin günlük həyatında işləmiş olduğu şeylərə tabe olmaq da belədir. Geyimi, yeməyi və içməsi kimi.
5. Haram. Tərk edilməsi qəti şəkildə əmr olunan şeydir. Əmr olunması qəti dəlil ilə sabitdir. İşləyən kimsə əzaba düçar olur, inkar edən kafir olur. İnsan öldürmə, şərab içmək kimi.
6. Məkruh: Məkruh iki qismə ayrılır: 1) Təhrimən məkruh, 2) Tənzihən məkruh.
a. Təhrimən məkruh: Bu tərk edilməsi qəti şəkildə tələb olunan şeydir. Amma tərk edilməsi qəti olmayan dəlil ilə əmr olunmuşdur. Məsələn: kişilərin ipək geyinməsi, qızıl üzük taxması kimi. Bu kimi şeylərdən çəkinmək də vacibdir. Bu kimi məkruhları tərk edən kimsə savaba nail olur. İşləyən kimsə isə əzaba düçar olur.
b. Tənzihən məkruh: Tərk edilməsi qəti şəkildə tələb edilməyən hökmdür. Bu kimi məkruhları tərk edən kimsə savaba nail olur, işləyən kimsə isə ayıblanır.
7. Mübah: Mübah yerinə yetirilməsi və ya tərk edilməsi tələb olunmayıb, yerinə yetirilməsi və ya tərk edilməsi arasında fərq olmayan şeydir. Yemək və içmək kimi.
Hənəfi məzhəbi məktəbləri
[redaktə | vikimətni redaktə et]Ortodoksal İslam məzhəbi olan Hənəfi məzhəbinin dünyada minlərlə məktəbi, mədrəsəsi və universiteti var. Məzhəbin ən nüfuzlu məktəblərindən biri Hindistanda yerləşən "Darül-Elm Deobənddir". Bu mədrəsədə hənəfilərlə bərabər maturidilər və sufilər də dini təhsil alir.
Hənəfi məzhəbində namaz
[redaktə | vikimətni redaktə et]Hənəfi məzhəbində kişilər namaz qılarkən əlləri göbəyin altında[7][8][9], qadınlar isə sinənin üstündə bağlamalıdırlar[10].
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- Əbu Hənifə
- Əbu Yusif
- İmam Məhəmməd
- Züfər ibn əl-Hüzeyl
- Əhli Sünnə
- Şafi məzhəbi
- Hənbəli məzhəbi
- Maliki məzhəbi
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Önal, Rəcəb. OSMANLI COĞRAFYASINDA SÜNNİ DÜŞÜNCƏNİN RƏSMİ İDEOLOGiYA OLARAQ MƏNİMSƏNİLMƏSİ ÜZƏRİNƏ SOSİO-GEOPO-TEOLOJİK ANALİZLƏR (türkçe). 1263.
- ↑ 2009 год объявлен в Таджикистане Годом Имома Аъзама[ölü keçid]
- ↑ İbn Abidin. Rəddul Muxtar.
- ↑ Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Şərq-Qərb. 2014. 5–6. ISBN 978-9952-489-89-7.
- ↑ Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Şərq-Qərb. 2014. 9–10. ISBN 978-9952-489-89-7.
- ↑ Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Şərq-Qərb. 2014. 7–8. ISBN 978-9952-489-89-7.
- ↑ Qutni, Dari. Sünən, cild I. 286.
- ↑ Əbu, Davud. Namaz. 756 nömrəli hədis.
- ↑ ibn Hənbəl, Əhməd. Müsnəd, 875 nömrəli hədis.
- ↑ Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014. səhifə 87. ISBN 978-9952-489-89-7.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Rus dilində Hənəfi məzhəbinin fətvaları
- İslam Alimlərinin Həyatı (Azərbaycan dilində)
- Zia-ul-Ummat website (ingiliscə) Arxivləşdirilib 2016-01-13 at the Wayback Machine
- Shariah Board (Hanafi) Audio Fatawa in many languages (free online)
- Azəricə Hənəfi Məshəbi Fətvalari