Fridrix Engels
Fridrix Engels (alm. Friedrich Engels; 28 noyabr 1820[1][2][…], Barmen[d], Prussiya[3][4] – 5 avqust 1895[1][2][…], London[3]) — fransız əsilli XIX əsr alman filosofu, sahibkarı, marksizmin yaradıcılarından biri, Karl Marksın yaxın dostu, köməkçisi və bir çox əsərlərinin həmmüəllifi.
Fridrix Engels | |
---|---|
alm. Friedrich Engels | |
Doğum tarixi | 28 noyabr 1820[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 avqust 1895[1][2][…] (75 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | xərçəng xəstəliyi[5] |
Atası | Fridrix Engels[d][6][4] |
Elm sahəsi | fəlsəfə |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1820-ci il noyabr ayının 28-də Almaniyanın Barmen şəhərində varlı fabrikant Fridrixin ailəsində dünyaya gəldi. Ailə başçısı əvvəlcə Engelsi Barmen şəhərində məktəbdə, sonra isə 1834–1837-ci illərdə Elberfelddə Gimnaziyada oxutmuş daha sonra isə oğlunu peşəkar sahibkar kimi tərbiyə etmək üçün Gimnaziya təhsilindən yarımçıq ayıraraq fabrikə göndərmişdir. Gimnaziya təhsilini başa vurmasına cəmi bir il qalmış atasının təkidli tələbiylə təhsildən ayrılsa da, əslində Engelsin oxuyub mütaliə etmək ehtirası bitib-tükənmək bilmirdi. O, müstəqil surətdə daim öz təhsilini artırır. Hegel fəlsəfəsini öyrənirdi. Xüsusi fitri-istedadının hesabına Fridrix Engels iyirmiyə qədər xarici dil öyrənmişdir. Bu səbəbdəndə kəkələyəndə dostları zarafatla "Bizim Engels iyirmi dilə kəkələyir" deyərdilər.
1841–1842-ci illərdə Berlin şəhərində hərbi xidmət keçən Engels imkan tapıb Berlin universitetində mühazirələr dinləmiş və inqilabi-demokratik əhval ruhiyyəli gənc hegelçilərə qoşulmuşdur. Beləliklə ata Fridrixin fabrik kapitalisti kimi görmək istədiyi Engels, əksinə, varlı kapitalistlərə qarşı mübarizə aparan inqilabçıya çevrilmiş və hələ üstəlik 1849-cu ilin may-iyul aylarında 29 yaşı olarkən Cənub Qərbi Almaniyadakı silahlı üsyanda şəxsən iştirak etmiş, barrikadaların qurulmasında küçə döyüşlərində xüsusi fəallıq göstərmiş, üsyan yatırıldıqdan sonra isə Prusiya ordusunun təqiblərindən yaxa qurtarmaq üçün əvvəlcə İsveçrəyə, oradan da İngiltərəyə mühacirət etmək məcburiyyətində qalmışdır, amma maddi ehtiyac yenədə onu zəhləsi getdiyi işlə — ticarətlə məşğul olmağa sövq etdi. O, 1850-ci ildə Londondan Mançestr şəhərinə gəlmiş və burada atasının ortağı olduğu "Ermen və Engels" firmasında işləməyə məcbur oldu. 1851-ci ildə irland mənşəlli fəhlə qızı Meri Bernslə ailə qurmuş, 1864-cü ildə isə Meri vəfat etdikdən bir il sonra baldızı Lizzi Bernslə evlənmişdir. Ömrünün sonlarına yaxın Engelsin arzusunda olduğu ən böyük şey böyük dəyişikliklərin yaşanacağına ümid etdiyi XX əsri az da olsa görmək idi, amma səhhəti buna imkan vermədi və 1895-ci il avqustun 5-də axşam saat 10:30-da vəfat etdi. Ölümündən əvvəl əmlakının böyük hissəsini dostu Karl Marksın qızlarına vəsiyyət etmiş və arzusuna uyğun olaraq öldükdən sonra cənazəsi yandırılmış, külü isə İngiltərənin İstborn şəhəri yaxınlığında dənizə batırılmışdı, bura Engelsin ən çox sevdiyi istirahət yeri idi və indi də onun külünün dənizə batırıldığı yerdə xatirə abidəsi ucalmaqdadır.
Fəaliyyəti
redaktəFridrix Engels və Karl Marks dostluğu
redaktəHeç şübhəsiz ki, Engelsin həyatında Marksla olan 40 illik dostluq münasibətlərinin özünəməxsus yeri vardı. Onların ilk əyani tanışlığı 1842-ci ilin noyabr ayında Köln şəhərində Marksın baş redaktoru olduğu "Reyn" qəzetinin redaksiyasında baş tutmuşdur. Növbəti görüşləri isə 1844-cü ilin avqustuna təsadüf etmiş və bununla da onların yaxın dostluğunun təməli qoyulmuşdur. 1845–1846-cı illərdə birgə yazdıqları "Alman ideologiyası" əsəri isə onların ilk ortaq işiydi. Marks və Engels əvvəlcə utopik sosialistlərin təsiri altında olan "Ədalətlilər İttifaqı" ilə əməkdaşlıq etmiş, sonra isə bu təşkilatın proqramının elmi kommunizm prinsibləri əsasında tərtibinə nail olmuşdurlar. 1847-ci ildə "Ədalətlilər İttifaqı "nın I qurultayı zamanı təşkilatın adı "Kommunistlər İttifaqqı" olaraq dəyişdirilmiş, növbəti II qurultayda isə Engelsin hazırladığı nizamnamə və təklif etdiyi "Bütün ölkələrin proletarları, birləşin!" şüarı qəbul olunmuşdur.
Sonra təşkilatın göstərişinə uyğun olaraq Marks və Engels "Kommunist Partiyasının manifesti"ni yazdılar ki, bu kommunistlərin ilk proqram sənədiydi. 1848-ci ildə Köln şəhərinə köçən Marks və Engels burada "Yeni Reyn" qəzetinin nəşrinə başladılar. 1849-cu ildə Almaniyada baş vermiş inqilabdan sonra qəzetin fəaliyyəti qadağan olunmuş, Marks Londona mühacirət etmək məcburiyyətində qalmışdır. Barrikada döyüşlərində iştirak edən Engels isə üsyançı dostlarıyla birlikdə Baden hersoqluğu ərazisində Prussiya ordusuna məğlub olduqdan sonra sərhəddi keçərək İsveçrəyə, oradan isə İngiltərəyə mühacirət etdi. Engels Mançestr şəhərində ticarət kantorunda çalışır və Marksın ailəsinə mütəmadi maddi yardım göstərirdi. Mançestrdə yaşadığı 20 il ərzində Marks və Engels arasında təxminən 1300-dən çox yazışma olmuş və bu vasitəylədə onlar ən mühüm məsələləri belə müzakirə etmək imkanı əldə etmişdirlər. Nəhayət 1870-ci ildə Engels həmişəlik olaraq Marksın yanına, Londona köçmüşdür. Fridrix Engelsin kommunist ideologiyası qarşısında 2 ən böyük xidməti: 1-ci ən böyük xidməti ondan ibarətdir ki, Engels marksizmi hamının başa düşəcəyi populyar dildə şərhini vermişdir. Leninin təbirincə desək "Engelsin bütün əsərlərini nəzərə almadan marksizmi başa düşmək və onu mükəmməl şərh etmək olmaz"dı. Kommunist ideologiyasının qarşısında Engelsin göstərdiyi ikinci ən böyük xidmət isə ondan ibarətdir ki, o "Kapital" əsərinin I cildini maliyyələşdirdi və Marksın ölümündən sonra onun yarımçıq qalmış işini davam etdirərək "Kapital"ın II və III cidlərini çap etdirməyə müvəffəq olmuşdur. Avstrya sosial-demokratı Adlerin təbirincə desək Engels Kapitalın II və III cildlərini nəşr etməklə öz dahi dostuna əzəmətli bir abidə qoymuş və bu abidə üzərində istər-istəməz öz adını da əbədi cizgilərlə yazmışdır. Doğrudanda "Kapital"ın bu iki cildi iki adamın, Marks ilə Engelsin əsəridir"[7]. Engels 1885-ci ildə kapitalın II cildini, 1894-cü ildə isə III cildini çapa hazırlayaraq nəşr etdirmişdir, amma axırıncı IV cildin nəşrinə ömür vəfa etmədi.
Fridrix Engels, yoxsa Karl Marks
redaktəKommunist ideologiyasına münasibətdə qərb ictimai fikrində çox yanlış iki tendensiya mövcuddur. Bunlardan biri ondan ibarətdir ki, elmi kommunizm nəzəriyyəsinin yaradıcısı kimi Marks yox, məhz Fridrix Engels ön plana çəkilir və bu da onunla əsaslandırılır ki, Engels kommunizmin nəzəri məsələləri barədə daha çox yazmış və belə demək mümkündürsə, kommunizm prinsiplərinin elmi nəzəri şərhi Marksa yox, Engelsə məxsusdur. Məsələn, bu gün də fəaliyyətdə olan Belçika Fəhlə Partiyası ideoloji rəhbər kimi ancaq Fridrix Engelsi tanıyır. Bu cür düşünənlərin ən yaxşı cavabını elə məhz Engels özü sağlığındaykən vermişdi. O, Marksın ölümündən bir il sonra 1884-cü ilin oktyabrında dostu Bekkerə məktubunda açıq-aydın etiraf edirdi ki, "Marksın yanında mən ikinci rol oynayırdım". Engelsin yazdıqlarından belə aydın olur ki, onunla Marks arasında sanki belə bir iş bölgüsü varıydı.
Marks tezisləri irəli sürür, iqtisadi məsələləri təhlil edir, onların şərhi isə Engelsin üzərinə düşürdü. Engels açıq bir şəkildə Marksı öz zamanının ən böyük düşüncə adamı hesab edirdi. Heç təsadüfü deyildir ki, Marksın qəbri üstündəki nitqində o, mərhum silahdaşını "müasir mütəfəkkirlərdən ən böyüyü kimi" xarakterizə edir və "bu əzəmətli simanın vəfatından sonra əmələ gələn boşluq ən yaxın zamanda özünü hiss etdirəcək" deyirdi. Fridrix Engels Marksın vəfatından bir il sonra "Kommunist Partiyasının manifesti"nin 1883-cü il almanca nəşrinə müqəddiməsində yazırdı. "…hər bir tarixi dövrün iqtisadi istehsalı və bunun labüd nəticəsi olan cəmiyyət quruluşu həmin dövrün siyasi və əqli tarixinin əsasını təşkil edir; buna uyğun olaraq… bütün tarix sinfi mübarizə tarixi olmuşdur, ictimai inkişafın müxtəlif pillələrində istismar olunan siniflərlə istismarçı siniflər arasında, tabe siniflərlə hakim siniflər arasında mübarizə tarixi olmuşdur və indi bu mübarizə elə bir pilləyə gəlib çatmışdır ki, istismar edilən və məzlum sinif (proletariat) eyni zamanda bütün cəmiyyətin istismardan, zülm və sinfi mübarizədən həmişəlik azad etmədən onu istismar edən və ona zülm edən sinifdən (burjuaziyadan) azad ola bilməz, — bu əsas fikir bütünlüklə və yalnız Marksa məxsusdur" . Sonra Engels Manifestin 1890-cı il almanca nəşrinə müqəddiməsində bu fikirə əlavə olaraq belə bir qeyd edir: "… bu fikrə biz hər ikimiz hələ 1845-ci ildən bir neçə il əvvəl tədricən yaxınlaşırdıq. Bu istiqamətdə mənim müstəqil surətdə nə qədər irəliləyə bildiyimi "İngiltərədə fəhlə sinfinin vəziyyəti" adlı əsərim göstərir… 1845-ci ilin yazında mən Brüsseldə Marksla yenidən görüşdükdə isə o artıq həmin fikri hazırlamışdı və demək olar tamamilə burada təkrar etdiyim kimi, aydın ifadələrlə mənə şərh etdi". Engelsin özünündə səmimi etirafından göründüyü kimi kommunizm nəzəriyyəsini ilk dəfə elmi şəkildə ifadə edən Karl Marks olmuşdur, belə olan təqdirdə nəzəriyyəyə yeni "bani" axtarmağa nə ehtiyac var. Kommunist ideologiyasıyla bağlı qərb ictimai fikrində mövcud olan ikinci yanlış tendensiya isə marksizmi radikal və mülayim qanadlara bölmək təşəbbüsüdür. İstər amerikalı tənqidçi Parkes, istərsədə İngilis filosofu Karl Popper öz əsərlərində dəfələrlə bu "sürreal" (reallıqdan kənar, reallıqdan xaric), qanadlar haqqında gen bol yazıblar. Onlar gah iddia edirlər ki, Marksdan fərqli olaraq Engels guya "mülayim" qanadın təmsilçisiydi, o proletariatın hakimiyyətə gəlməsi məsələsində guya inqilaba yox, parlament demokratiyası yoluna üstünlük verirdi, gah da iddia edirlər ki, istər Engels, istərsə də Marks ölümlərinin sönuna yaxın guyaki hakimiyyətə gəlmək üçün inqilaba yox, parlamentə, seçkilərə daha çox ümüd bəsləyirdilər, başqa sözlə, guya inqilaba münasibətdə tərəddüd edirdilər. Hətta bu məsələdə bəziləri elə bayağılığa yuvarlanırlar ki, az qalırlar Engelsi inqilabçı yox, adi bir iqtisadi islahatçıya çevirsinlər. Bəs əslində real həqiqət nədən ibarətdir? Məlumdur ki, "Kommunist Partiyasının manifesti " marksizmin ilk proqram sənədidir və bu əsəri Marksla Engels 28–30 yaşlarında, yəni kifayət qədər gənc ikən yazmışdılar. Manifestin 1883-cü il almanca nəşrinə yazılmış müqəddimədə Engelsin bir ifadəsi diqqəti cəlb edir. Engels Marksı nəzərdə tutaraq yazırdı: "Onun vəfatından sonra "Manifesti" dəyişdirmək və ya tamamlamaq haqqında heç bir söz ola bilməz." Bu nə deməkdir? Bu hər şeydən əvvəl o deməkdir ki, bu iki mütəfəkkir arasında heç bir vaxt prinsipial fikir ayrılığı olmamışdır və ən əsası isə onlar 28–30 yaşları olarkən necə fikirləşirdilərsə, elə ahıl çağlarında da eyni düşüncələrində qalırdılar. Əks təqdirdə Engels ən azından ölümündən cəmi bir il əvvəl Manifestin 1893-cü il italyanca nəşrinə yazdığı müqəddimədə bununla bağlı hansısa qeydləri, iradları bildirmiş olar və ya ən azından "Manifestə" söz ardı yazardı, amma bunu etməməsi və Manifestin 1848-ci il variantını olduğu kimi saxlaması bir daha qəti şəkildə sübut edir ki, nə Marks, nə də Engels ömürlərinin sonuna yaxın gənc vaxtlarında irəli sürdükləri prinsiplərin heç birindən, o cümlədən "inqilab" nəzəriyyəsindən bir mənalı olaraq əl çəkməmişdirlər. Eyni zamanda bu da danılmaz bir həqiqətdir ki, Fredrix Engels ömrünün sonlarına yaxın hakimiyyətə gəlmək yolunda parlament demokratiyasına böyük ümidlər bəsləyirdi. İngilis parlamentinə keçirilən seçkilər və bir neçə fəhlənin açıq mübarizədə öz rəqiblərini üstələyərək parlamentdə təmsil olunmaq hüququ əldə etməsi Engelsdə belə bir ümid yaradırdı ki, əgər müstəqil siyasət yeridə bilən möhkəm fəhlə partiyası olarsa, onda kommunistlər seçkilərdə böyük əksəriyyətin səsini qazanmaqla dinc yolla hakimiyyətə gələ bilərlər: "Fransa və Amerika kimi demokratik respublikalarda, həmçinin… xanədanın xalq iradəsi qarşısında aciz olduğu İngiltərə kimi monarxiyalarda köhnə cəmiyyət dinc yolla yeni cəmiyyətə qovuşa bilərdi."[8], amma son 100 illik Avropa tarixi qəti şəkildə sübut etdi ki, fəhlə sinfi parlament demokratiyası yoluyla nəinki hakimiyyətə gələ bilmədi, hələ üstəlik kommunist fəhlə partiyaları öz simalarını itirərək burjua siyasətinin əlavəsinə çevrildilər. Belə olan halda isə Engelsin ölümündən iki il əvvəl dediyi bu sözlər indiki dövr üçün də çox aktual səslənir. "Madamki varlı siniflərin özləri azad olmağa nəinki heç bir ehtiyac hiss etmir, hətta fəhlə sinfinin özü-özünü azad etməsinə var qüvvə ilə mane olurlar, deməli fəhlə sinfi sosial inqlabı təklikdə hazırlayıb həyata keçirməlidir."[9]. Nəticə: Fredrix Engels yaşadığı həyatla biz kommunistlər üçün əsil həyat məktəbi miras qoyub getmişdir. O əyani surətdə göstərmişdir ki, varlı fabrikant oğlu öz dəbdəbəli həyatını işçi sinfinin azadlığı naminə barrikadalara, polis təqiblərinə necə dəyişmiş, təminatlı zəngin həyatını öz əqidəsinə necə qurban vermişdir. Engels aid olduğu kapitalistlər sinfinin forslu, özündən müştəbeh filosofu da ola bilərdi, amma bu mövqeyini şüurlu surətdə dünya proletarlarının müəllimi adına dəyişmiş, proletariatın elmi dünyagörüşünü yaratmaq işini varlı məclislərində siyasi tost deməkdən üstün tutmuşdur. K. Marks və F. Engels ilk dəfə olaraq elmi surətdə hər kəsə sübut etdilər ki, tarixin yaradıcısı imperatorlar, krallar yox, həqarətlə qara camaat adlandırılan xalq kütlələridir və onlar öz elmi dünyagörüşlərinə yiyələnməklə öz əməklərinin nəticəsini özgələrinin yox, özlərinin mənimsəyə biləcəkləri sosial ədalətli cəmiyyətin qurucusu olacaqlar.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Friedrich Engels // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Энгельс Фридрих // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 Catalog of the German National Library (alm.).
- ↑ https://www.newworldencyclopedia.org/entry/Friedrich_Engels#Later_years.
- ↑ Pas L. v. Genealogics (ing.). 2003.
- ↑ Lenin "Əsərlərin tam külliyyatı" səh.13, cild II, Bakı 1974
- ↑ K. Marks və F. Engels. seçilmiş əsərləri, cild 3, səh. 496, Bakı-1983
- ↑ K. Marks və F. Engels. seçilmiş əsərləri, cild 3, səh. 496, Bakı-1983 səh. 509