Zaqafqaziya Müəllimlər Seminariyası
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qori Seminariyası, Zaqafqaziya Müəllimlər Seminariyası, Cənubi Qafqaz Müəllimlər Seminariyası (rus. Закавказская учительская семинария) – XIX əsrin axırları və XX əsrin əvvəllərində Gürcüstanın Qori şəhərində fəaliyyət göstərən təhsil ocağı.
Zaqafqaziya Müəllimlər Seminariyası | |
---|---|
Закавказская учительская семинария | |
41°59′12″ şm. e. 44°06′52″ ş. u.HGYO | |
Əsası qoyulub | 1876 |
Bağlanıb | 1917 |
Ölkə |
Zaqafqaziya Müəllimlər Seminariyası xalqımıza bir sıra görkəmli simalar bəxş etmişdir. Onların arasında "Azərbaycan" qəzetinin əməkdaşları da var idi.
Haqqında
redaktə1876-cı ilin mayında "Əkinçi" qəzeti yazırdı: "…Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri müəllim eləsinlər. O məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcinə oxuyacaq. İndi "Kafkaz" adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqlarını öz xərcinə qoya bilər. Oraya oxumağa girən hər kəs gərək mahal məktəbdə oxumuş ola və özü 16–19 yaşında ola. Orada 3 il dərs deyiləcək". Hələ 1875-ci il aprelin 8-də Zaqafqaziya Müəllimlər Seminariyasının "Əsasnamə"sindəki bir qeyddə deyilirdi ki, müsəlmanlar xüsusi müsəlman müəllim məktəbi açılana kimi bu seminariyaya və onun nəzdindəki məktəbə daxil ola bilərlər.
1876-cı ildə Qafqaz xalqlarının – gürcülərin, ermənilərin, dağıstanlıların və tatarların (o vaxt azərbaycanlıları belə adlandırırdılar) ibtidai məktəblər üçün müəllim kadrları hazırlamaq məqsədilə Qoridə Müəllimlər Seminariyası açılmışdı. Bu məktəbin ibtidai siniflər üçün kadrlar hazırlamaq məqsədi daşımasına baxmayaraq, Qori Seminariyasının çar Rusiyası dövründə Azərbaycana verdiyi kadrları Rusiya imperiyası dövründə heç bir ali təhsil ocağı verməyib. Sonralar bu fikri professor Əziz Şərif söyləmişdi. Çünki Qori Seminariyasını bitirən nəsil Azərbaycan musiqisinin, mədəniyyətinin, maarifinin, təhsilinin və tərəqqisinin inkişafında müstəsna rol oynadılar, millətimizin azadlıq və istiqlaliyyət uğrunda apardığı mübarizəsinin önündə getdilər. Ümumi təhsil rus dilində olsa da, hər millətin öz ana dilini və şəriət dərsini ayrıca keçirdilər, eyni zamanda hər bir fənn tədris edilirdi.
1877-ci il idi. 60 yaşlı Mirzə Fətəli Axundov və 47 yaşlı Tiflis müsəlman məktəbinin şəriət müəllimi Mirzə Hüseyn Qayıbzadə xalqın maariflənməsi uğrunda çalışır, seminariyanın nəzdində Azərbaycan şöbəsinin açılmasından ötrü get-gəldən yorulmur, hər cəfaya qatlaşırdılar. Qafqaz canişini, böyük knyaz Mixail Nikolayeviç Romanovu yola gətirmək üçün yalvar-yaxar edirdilər: "Cənab canişin, biz rusların, xristianların vəzifədə olmalarından narahat deyilik. Mən demirəm ki, savadsız müsəlmana vəzifə verilsin. Ancaq heç olmasa, beş idarədən birində bir vəzifəli şəxs, ya da kargüzar işçi bizim xalqın nümayəndəsi olsa, pis olmaz. Kənddən gələn rəiyyət qalır gözünü döyə-döyə, dediyini başa düşmürlər".
Mirzə Fətəli daha sonra canişinə Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov, maarif xadimi Həsən bəy Zərdabi və Peterburq Universitetinin fəxri doktoru Mirzə Kazım bəy haqqında xüsusi məlumat verərək bildirir ki, bu böyük zat təkcə Rusiya Elmlər Akademiyasının müxbir üzvü deyil, həm də Londonda Böyük Britaniya və İrlandiya Kral Cəmiyyətinin, Kopenhagendə Şimali Antikvarilər Kral Cəmiyyətinin üzvü seçilmişdir. Azərbaycanlı oğullar Fransada, Almaniyada, Vyanada, Rusiyada ali təhsil alırlar. Ancaq hamı bunu edə bilmir. Müsəlmanları geridə qalmış xalq kimi dəyərləndirən Qafqaz canişini qarşısında dayanan Mirzə Fətəlini və Mirzə Hüseyn Qayıbzadəni xeyli süzüb layihələrini alır və bir xeyli fikrə gedir. "Siz ayrıca seminariya istəyirsiniz. Layihədə də göstərirsiniz ki, məktəb ya Tiflisdə, ya da azərbaycanlıların yaşadığı bir xristian şəhərində açılsın. Burası bir az çətinlik törədir. Bunun üçün yaşayış yeri, təhsil üçün bina, müxtəlif ləvazimatlar lazımdır. Bilirsiniz ki, indi ölkə müharibə içindədir, xərc məsələsi də bir yandan. Zənnimcə, məktəbin gürcü və ermənilər kimi hələlik Qori şəhərində açılmasına etiraz etməzsiniz". Bununla da məsələ həll olunur. Canişin vərəqi əlinə götürüb yazdığını bərkdən oxumağa başlayır: "Ölkənin azərbaycanlı əhalisi üçün Zaqafqaziya Müəllimlər Seminariyası yanında təcrübə məqsədilə 3 il müddətinə müstəqil Azərbaycan şöbəsi açılsın. Təcrübə yaxşı nəticə verərsə, 3 ildən sonra həmin şöbəni azərbaycanlılar üçün müstəqil seminariyaya çevirib Qoridən Azərbaycanın mərkəzinə köçürməli".
Beləliklə, 1879-cu ildə Qafqaz Təhsil Dairəsinin göndərdiyi 8762 saylı dəftərxana sənədi görkəmli maarifpərvərlərin və bu yolda çalışan Azərbaycan ziyalılarının arzularını həyata keçirdi. Qori Müəllimlər Seminariyasının direktoruna göndərilən sənəddə yazılırdı: "Sərdarın müavininin əmri əsasında seminariyanın nəzdində təsis olunacaq Azərbaycan şöbəsini yerləşdirmək və onu lazımi əşyalarla təmin etmək üçün Tiflis Hökumət Palatasına təklif edilmişdir ki, Zemstvodan yığılmış məbləğdən 4 min manat zati-alilərinizin sərəncamına versin. Hökumət palatası azərbaycanlı gənclərin maariflənməsi naminə qəlbən razı olub bu işi özünə şərəf sanmışdır. Tatarlardan (Azərbaycan türklərindən) kənd müəllimləri hazırlamaq məqsədilə sərdarın baş idarəsinin göstərişi əsasında 1879-cu il sentyabrın 1-də seminariyanın nəzdində yeni təsis edilmiş xüsusi tatar şöbəsini yerləşdirmək üçün lazımi əşyaları almaqdan ötrü Zemstvo vergisindən pul buraxıldığını zati-alilərinizə bildirməyi hökumət palatası özü üçün şərəf bilir" (Şəmistan Nəzirlinin "Qoridən gələn qatar" kitabından). Bundan sonra Azərbaycan dili və sünni təriqəti üzrə şəriət müəllimi vəzifəsinə Hüseyn Əfəndi Qayıbzadə, şiə təriqəti üzrə şəriət müəllimi vəzifəsinə isə molla Əbdülsalam Axundzadə təyin olunur.
Seminariyada Azərbaycan şöbəsinin açılması çətinliklə də olsa, təsdiqlənəndən sonra Azərbaycanın duz-çörəyi ilə böyüyən və bu xalqı canı, qanı qədər sevən Aleksey Osipoviç Çernyayevski şöbənin inspektoru təyin olundu. Seminariyanın direktoru Dmitri Dmitriyeviç Semyonov onu yanına çağıraraq ümidsizcəsinə deyir ki, şöbə açılsa da, ərizə verən çox azdır, belə getsə, şöbənin fəaliyyət göstərməsi sual altında qalacaq. Aleksey Osipoviç isə ümidini üzmür və şöbənin açılması üçün axtarışa çıxır. O, İrəvanda, Naxçıvanda, Gəncədə, Şuşada, Şamaxıda, Qubada və Dərbənddə olur, qapı-qapı gəzib qəza mərkəzlərində seminariyaya uşaq toplayırdı. Valideynlərə təhsilin, maarifin nə demək olduğunu izah edib deyirdi ki, məqsədimiz Azərbaycan xalqının qaranlıq yollarını işıqlandırmaqdır, balalarınızı bu işığı yandırmaqdan məhrum etməyin. Yüz kilometrlərlə yolu faytonla, araba ilə, qatarla, bəzən də payi-piyada getməli olurdu. Azərbaycanda işıq tapacağına əmin idi. Şamaxıda kasıb rus ailəsində doğulub böyüyən Aleksey Çernyayevski təpədən-dırnağa Azərbaycanla bağlı idi. O, bütün həyatını azərbaycanlı balalarının maariflənməsinə, təhsil almasına həsr etdi. Xalqımızın maarif işığını yandıran böyük ziyalı Firidun bəy Köçərli sonralar yazırdı: "Qori Seminariyasının Azərbaycan şöbəsində yaxşı və diqqətəlayiq nə vardısa, hamısı Çernyayevskinin adı ilə bağlıdır. Çernyayevskinin "Vətən dili" bizim məktəblərdə tamam yeni bir dövr açdı". Axtarışlar nəticəsiz qalmadı. Çox keçmədən Şuşadan Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Baba bəy Səfərəlibəyov, Lənkərandan Teymur bəy Məmmədbəyov, Qazaxdan İsmayıl ağa Vəkilov, Məmmədağa Şıxlınski, Şəkidən Rəşid bəy Əfəndiyev Çernyayevskinin ümidlərini doğrultdular. Bu gənclər özlərindən sonra gələnlərin yolunu işıqlandırmaq üçün çətin bir yola çıxdılar. Azərbaycanlı tələbələr bilikləri qavramaqları, gözəl əxlaqları və yüksək mədəniyyətləri ilə seminariyanın xristian tələbə və müəllimlərini heyrətə salmışdılar. Firidun bəy Köçərli tələbə ikən yunan filosofu Sokratın həyatı və əxlaqi görüşlərinə həsr olunmuş "Təlimati-Sokrat" əsərini tərcümə etmişdi. Sonralar Saleh bəy Zöhrabbəyovla birlikdə "Təlimati-lisani-türki" dərsliyini tərtib etdilər. Rus, fars və ərəb dillərini yaxşı bilən tələbə Səfərəli bəy Vəlibəyov isə "Xəzineyi-əxbar" adlı ensiklopedik kitab tərtib etmişdi. İlk buraxılışda təhsilini əla qiymətlərlə bitirdiyinə görə şura Səfərəli bəy Vəlibəyovu 1881-ci ildə seminariyada ana dili müəllimi saxladı. Firidun bəyi İrəvan gimnaziyasına, Teymur bəyi Lənkərana, Mirzə Əli Məhəmmədi isə Naxçıvana ibtidai rus-tatar məktəbinə müəllim göndərdi. Rəşid bəy Əfəndiyev isə Şəki qəzasının Qutqaşen kəndinə məktəb müdiri kimi göndərildi.
Seminariyada Azərbaycan dilinin tədrisi tarixində Aleksey Osipoviçin böyük xidmətləri olmuşdur. O, azərbaycanlı tələbələr üçün tərtib etdiyi "Vətən dili" dərsliyində bir pedaqoq kimi ən yararlı materialları seçmiş, atalar sözündən, tapmacalardan, zərbi-məsəllərdən istifadə etmiş və seçdiyi materialları canlı uşaq dilində düzəldib təqdim etmişdir. Bu kitab təkcə seminariyada deyil, ölkənin bütün qəzalarında ibtidai rus-Azərbaycan məktəblərində tədris olunurdu. Kitabı tələbəsi Rəşid bəy Əfəndiyevin xətti ilə daş basmasında nəşr etdirmişdi. O, "Vətən dili" kitabında Azərbaycan atalar sözlərindən, tapmacalardan, zərbi-məsəllərdən, şairlərin şeirlərindən parçalar vermişdi. Konstantin Uşinskinin "Rodnoye slovo" dərsliyi rus məktəbləri üçün nə idisə, Çernyayevskinin "Vətən dili" kitabı da azərbaycanlılar üçün həmin əhəmiyyətə malik idi. "Vətən dili"ndən əvvəl Azərbaycan şöbəsi üçün dərslik olmadığından Çernyayevski tələbələrinin köməyi ilə həftəlik proqram tərtib etdi. Sövti-üsulla məşğələ aparmaq üçün qiraət materialı hazırladı. Sonralar Qafqaz Təhsil Dairəsinin hesabatında bildirilirdi ki, Çernyayevskinin ustalıqla tərtib etdiyi tədris materialı azərbaycanlı məzunların pedaqoji hazırlığı üçün ən yaxşı baza oldu.
Azərbaycan xalqının qüruruna toxunan heç bir kəlməyə dözməyən Aleksey Osipoviç bir qəzet redaktoruna verdiyi cavabda deyirdi: "Bilmirəm cənab Veliçko ilə tanışlığınız varmı? Qafqaza yenicə gələndə Veliçko da sizin gündə idi. Amma indi çox ədalətli yazılarla bu xalqların soy-kökü haqqında real bir mövqe tutub. Tədqiqatı ilə sübut edib ki, məhz ermənilərin nə gürcülərdən, nə də azərbaycanlılardan torpaq iddiası ola bilməz. Ermənilər Qafqaza gəlmədirlər. Veliçko indi "V. Vorenesski" təxəllüsü ilə Şərq mövzusunda, Şərqin müdrikliyi və qədimliyi haqqında silsilə şeirlər yazır. Siz hamınız bir bezin qırağısınız, mərkəzin zəhər tuluğunu götürüb oba-oba gəzərək xalqları zəhərləyirsiniz".
Sonralar Aleksey Osipoviç Azərbaycan dilində qəzet açmaq istəyir və yazdığı məktubda bildirir ki, mənim məqsədim xalqın düşüncəsini oyatmaq və bacardığım qədər maarifləndirməkdir. Lakin onun bütün cəhdləri boşa çıxır. Gah qəzetin kifayət qədər abunəçisi olmadığını, jurnalist ixtisası olmadığını, gah da başqa bəhanələr gətirib qəzetin nəşrinə mane olurlar. Bu da xalqımıza təmənnasız xidmət göstərmək istəyən böyük maarifpərvərin vaxtsız ölümü ilə nəticələnir. Aleksey Osipoviç Çernyayevski 1894-cü ilin dekabrında ürəkpartlamasından vəfat edir.
Bu yolun işığına düşüb Qori Seminariyasına təhsil, maarif, mədəniyyət dalınca gedən azərbaycanlıların sayı ildən-ilə artırdı. Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Soltan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev, Müslüm Maqomayev, Şıxlinskilər, Süleyman Sani Axundov, Hacıbaba Süleymanov, Nəriman Nərimanov, Osman Əfəndiyev, İsfəndiyar Vəkilov, Fərhad Ağazadə və başqaları Qori Seminariyasını bitirdikdən sonra Azərbaycanın azadlığı uğrunda başlanan istiqlal savaşında mücadilə edənlərin sırasına qoşuldular və həyatlarının sonunadək bu mübarizədən çəkinmədilər. Soltan Məcid Qənizadə 3 il – 1905-ci ilin avqustundan 1908-ci ilin avqustunadək seminariyanın Azərbaycan şöbəsinin inspektoru olmuşdur. Digər məzunlar da qəzalara, ucqar kəndlərə gedib dərs deyir, millətimizi maarifsizliyin, cəhalətin, geriliyin əlindən qurtarmaq üçün çalışırdılar. Çünki bu məmləkətin azadlığı və hürriyyəti üçün hər şeydən öncə maarifə, mədəniyyətə, tərəqqiyə ehtiyacı vardı.
"Azərbaycan" qəzetinin yazarlarından olan, dövrünün görkəmli ziyalı qadını Şəfiqə Əfəndizadənin jurnalistlik fəaliyyəti ilə tanışlıq zamanı məlum olur ki, o, "Azərbaycan"ın hər nömrəsində dərc edilən yazılarında qadınları, anaları elmə, təhsilə, maarifə, mədəniyyətə səsləmişdir. Şəfiqə Əfəndizadə qəzetin 25 iyun 1919-cu il 211-ci nömrəsində "Vətən bizim anamızdır" adlı məqaləsində yazırdı: "Xanımlar! Həmşərilər! Bu gün Vətən bizim qeyrətimizə, millətin səadəti bizim xariqüladə səylərimizə mərbuddur. Qəlbində həmiyyəti bulunan, nanu-neyməti ilə pərvərdə olduğu Vətəninə qəlbində məhəbbət hiss edən hər bir insan, xüsusən hər bir qadın gücü yetdiyi mərtəbədə vəzifəsini ifadəyə çalışmalıdır". "Azərbaycan" qəzetinin 1918–1919-cu illərdə əməkdaşı olmuş, Qori Seminariyasının məzunu Fərhad Ağazadə də hər məqaləsində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncləri təhsil almağa dəvət edirdi. Valideynlərə uşaqlarını məktəbə göndərməyi tövsiyə edirdi.
Lakin İrəvanda işləyən Miropyev 1902-ci ildə Qori Seminariyasına direktor təyin olunur və bununla da azərbaycanlılara pis münasibət yenidən başlayır. Qəddar mütləqiyyət tərəfdarı olan direktor Miropyev azərbaycanlı seminaristlərə qarşı amansız olur, nəticədə bir neçə azərbaycanlı tələbə haqsız olaraq seminariyadan qovulur, canı boğazına yığılan Borçalı Mustafa "vəhşi asiyalı" sözünə görə erməni Ter-Arutyunovu öldürür. Tənəffüsdə ana dilində danışmaq azərbaycanlı tələbələrə qadağan olunur. 1900-cü il dekabrın 3-də hazırlıq sinfinin şagirdi Üzeyir bəy Hacıbəyliyə ana dilində danışdığına görə töhmət verilir. Belə çətin, təhqiramiz şəraitdə təhsil alan məzunlar sonralar etiraf edirdilər ki, xalqlarının azadlığı və müstəqilliyi uğrunda son nəfəsədək mübarizə aparmaqda miropyevlərin, saakovların, arutyunovların "böyük rolu" oldu. Firidin bəy Köçərli isə artıq olanlara dözə bilmirdi. Üzünü mürtəce Miropyevə tutaraq: "Məncə, ana dilində danışmaq qəbahət deyil. Bu uşaqlar sabah seminariyanı bitirdikdən sonra kənd məktəblərində dərs deyəcəklər. Əgər ana dilləri ölərsə, dindaşlarına necə dərs keçəcəklər? Daraşmısınız Qafqaz müsəlmanlarının canına. Cənab Qənizadədən sonra mürtəce fəaliyyətinizi daha da genişləndirmək fikrinə düşürsünüz? Bəsdir Azərbaycan şöbəsini addım-addım güdməyiniz", – deyirdi.
Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi
redaktəQarşıya qoyulan birinci məsələ Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi idi. Ziyalı şəxs Firidun bəy Köçərli bu işin reallaşması üçün mübarizəyə başlamışdı. Seminariyanın Azərbaycana köçürülməsini Firidun bəy çoxdan planlaşdırırdı. Azərbaycan maarifçiləri bu mühüm işə 1884-cü ildən təşəbbüs göstərirdilər. Fikirlərini belə əsaslandırırdılar ki, məsafənin uzaqlığı, Qoridə azərbaycanlıların yaşamaması, şagird azlığı müəllim kadrların arzuedilən səviyyədə hazırlanmasına mane olur. Dəfələrlə Səfərəli bəy Vəlibəyov şuranın iclasında bu təkliflə çıxış edib və sərt etirazla cavablanıb. 1906-cı ildə N. Nərimanov "Həyat" qəzetində yazırdı ki, Qori Seminariyasına 60 şagirddən artıq qəbul olunmur. Darülmüəllim Bakıda, Gəncədə və ya qeyri-müsəlman şəhərində olsa, padşahlıq xərcinə oxuyan 60 nəfərdən savayı 60 nəfər müsəlman uşağı da daha ziyadə öz evlərində olarkən seminariyada elm-təhsil etməyə mümkünləri olacaqdır. Həmin il Firidun bəy Bakıda "Nəşri-maarif" cəmiyyətinin toplantısında çıxış edərək seminariyanın Azərbaycan şöbəsində vəziyyətin ağır olduğunu söyləyir və məktəbin Azərbaycanın şəhərlərinin birinə köçürülməsi məsələsini qaldırır. Lakin nə rus çarlığı, nə də gürcü knyazlığı buna icazə vermir. Başqa çarə də yox idi. Odur ki, yay məzuniyyətində məktəbin bağlı olmasından, rus çarının yıxılmasından və gürcü knyazlarının başları hökumət qurmağa qarışdığından fürsət tapan Firidun bəy bir dəqiqəni belə fövtə vermir. Seminariyanın Azərbaycan şöbəsinə məxsus bütün dəftərxana ləvazimatını, müxtəlif avadanlıqları vaqona dolduraraq öz xərci ilə xəlvətcə Ağdama qaçırır.
1918-ci ildə Qori Seminariyasının Azərbaycan bölməsi ilk Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülür və sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərir. Bu tədris ocağının Qazax şəhərinə köcürülməsində görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin çox böyük xidmətləri olmuşdur.
Məşədi İbrahim adlı işıqlı, xalqının balalarını maarifləndirmək arzusu ilə yaşayan ziyalı insan 17 otaqlı mülkünü seminariyanın direktoru Firidun bəy Köçərliyə bağışlayır. Özü isə doğma kəndi Kosalara köçüb ömrünü oradakı evində başa vurur. Çünki 1914-cü ildə maarifpərvər ziyalı Firidun bəy Məşədi İbrahim oğlu Museyibi Qoriyə aparıb seminariyaya qəbul elətdirmişdi.
Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı kimi böyük bir ziyalı nəsli Qazax Seminariyasının yetirməsi idilər. Firidun bəy öz-özünə deyirdi: "Deyəsən, ixtiyar çağımda Qoridən elədiyim oğurluq burada möhkəm bina tutacaq".
Seminariyanın Azərbaycana köçürülməsi üçün hökumət 5000 manat vəsait ayırır. Qazax Seminariyasının Azərbaycan şöbəsinin bazasında Müstəqil Qazax Seminariyasının təntənəli açılışı olur. Açılışda Qazaxda yerləşən türk ordusunun komandanı Səbri bəy, Türk qarnizonunun rəisi Camal bəy, Qazaxın rəisi H. Şıxlinski və yerli hökumətin məmurları iştirak edirdilər. Bundan başqa, Cəbrayıldan, Şamaxıdan, Ağdamdan, Göyçaydan, Naxçıvandan, Zaqataladan və başqa rayonlardan da şagirdlər gəlib burada təhsil alırdılar. Böyük maarifçi və ictimai xadim Firidun bəy Köçərli seminariyaya başçılıq etməklə yanaşı, Qazaxda yüzlərcə qız uşağının savad əldə etməsi üçün yetimlər kursu təsis edir, qaçqınlara yardım fondu yaradırdı. Lakin 1920-ci ildə Firidun bəy Köçərli erməni terrorçuları tərəfindən qətlə yetirilir. Bundan sonra seminariyaya xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov rəhbərlik edir.
Qazax Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük təkan verdi. Görülən təcili tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəlində Bakıda, Gəncədə, Nuxada, Salyanda, Şuşa və Qazaxda 23 dövlət orta təhsil müəssisəsi,[1] o cümlədən 6 kişi, 4 qadın gimnaziyası, 5 realni məktəb, 3 müəllim seminariyası, 3 qadın təhsil müəssisəsi, 1 politexnik və 1 ticarət məktəbi fəaliyyət göstərirdi. Qori Müəllimlər Seminariyasının bəhrəsi artıq Azərbaycanda duyulurdu. Qısa vaxtda Azərbaycanda pedaqoji kursların açılmasına başlanıldı. Gəncədə, Qazaxda, Şuşada, Nuxada kişi, Bakı, Nuxa və Gəncədə ikiillik qadın kursları açıldı. Maarifi və milli mədəniyyəti təbliğ edən cəmiyyətlər, xeyriyyəçi kurslar təşkil edildi. Xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan amillərdən biri də Qori Müəllimlər Seminariyasını bitirən mütəxəssislər idi.
Təhsilin ana dilində aparılmasında yaranmış çətinliklər də daim gündəmdə olan məsələ idi. Bu çətinliklər onunla əlaqədar idi ki, ana dilini bilən yüksəkixtisaslı kadrlar yox idi. Məhəmmədağa Şahtaxtlı 1919-cu ildə "Azərbaycan" qəzetində dərc etdiyi məqaləsində yazırdı ki, universitetdə təhsilin rus dilində aparılmasından qorxmaq lazım deyil, universitet təhsilinin həyata keçirilməsi Azərbaycanda yüksəkixtisaslı kadrların yetişməsinə zəmin yaradacaq, nəticədə milli kadrlar yetişdikcə universitetdə təhsil tədricən Azərbaycan dilində keçiriləcəkdir.
Məzunları
redaktə1879 | 1880 | 1881 | 1882 | 1883 | 1884 | 1885 | 1886 |
---|---|---|---|---|---|---|---|
|
|
|
|
|
|
| |
1887 | 1888 | 1889 | 1890 | 1891 | 1892 | 1893 | 1894 |
(5 azərbaycanlı)
|
|
|
|
|
|
|
|
1895 | 1896 | 1897 | 1898 | 1899 | 1900 | 1901 | 1902 |
(5 azərbaycanlı)
|
|
|
|
(4 azərbaycanlı)
|
(9 azərbaycanlı)
|
(8 azərbaycanlı)
| |
1903 | 1904 | 1905 | 1906 | 1907 | 1908 | 1909 | 1910 |
|
|
|
|
|
|
|
(5 azərbaycanlı)
|
1911 | 1912 | 1913 | 1914 | 1915 | 1916 | 1917 | |
|
|
|
|
(10 azərbaycanlı)
|
|
(11 azərbaycanlı)
|
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 349.
Mənbə
redaktə- "Azərbaycan" qəzeti Arxivləşdirilib 2008-09-17 at the Wayback Machine
- Qori Müəllimlər Seminariyasında təhsil alanların siyahısı" adlı arxiv sənəd (Bu sənəd Azərbaycan Respublikası Təhsil Muzeyində saxlanılır)
- Prof Seyidov Əhməd Fikrət oğlu."Qori Seminariyası və onun məzunları" Maarif nəşriyat Bakı 1988
- Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. "Təhsil" nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
- [1]
- Qori və İrəvan müəllimlər seminariyalarının milli təhsil tariximizdəki yeri və rolu haqqında