Moskva müqaviləsi (1921)
Moskva müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 1921 |
İmzalanma yeri | |
Tərəflər | Türkiyə Böyük Millət Məclisi |
Dilləri | rus dili, türk dili |
Moskva müqaviləsi — 16 mart 1921-ci ildə RSFSR ilə Türkiyə arasında imzalanmış "dostluq və qardaşlıq" haqqında müqavilə. Müqavilə 16 maddə və 3 əlavədən ibarətdir.
Sovet Rusiyası ilə Türkiyə arasında növbəti rəsmi görüş 1921-ci il fevralın 26-da başladı. Moskva danışıqlarında Sovet Rusiyasını Q. Çiçerin və C. Qorxmazov təmsil edirdi. Konfransı açan Q. Çiçerin ilk nitqində bildirdi ki, konfransın əsas məqsədi Sovet Rusiyası ilə Türkiyə arasında ötən il ana xətləri cızılmış bir dostluq müqaviləsini imzalamaqdır.
Sovet Rusiyası Moskva danışıqlarına Azərbaycan, Gürcüstan və Ermənistanın da qatılmasını israr edirdi. Rus diplomatiyası bununla Cənubi Qafqaz respublikalarının xarici siyasətlərini öz əlində cəmləşdirmək və bunları Türkiyəyə qarşı qoymaq niyyətində idi, lakin Türkiyə nümayəndə heyəti Cənubi Qafqaz respublikaları ilə danışıqlar aparmaq üçün səlahiyyətli olmadığını bildirib qəti olaraq bu təklifə qarşı çıxdı.
Əslində Moskva konfransında Azərbaycanla bağlı məsələlər müzakirə mövzusu idi və bu məsələlər Batum məsələsindən sonra daha çox müzakirələrə səbəb olmuşdu. Azərbaycanla bağlı məsələlər ölkə üçün həyati önəmə sahib məsələlər idi ki, bunlardan biri Naxçıvan, digəri isə Azərbaycanın müstəqilliyi məsələsi idi.
Moskva danışıqlarında Naxçıvanla bağlı əsas məsələlər konfransın 10, 12 və 14 mart tarixli iclaslarında gərgin müzakirə olundu. Türk heyəti Naxçıvanın Türkiyənin himayəsində qalmasını istəyirdi, lakin Sovet Rusiyası tərəfi bunu qətiyyətlə rədd edirdi. İ. Stalin türk heyəti ilə Naxçıvan məsələsini müzakirə etdi.
Martın 10-da keçirilən iclasda Türkiyə nümayəndələri belə bir mövqedən çıxış edirdilər ki, Naxçıvan bölgəsi əhalisinin türk qoşunlarını dəvət və qəbul etməsi faktı onun Türkiyənin himayəsi altında olduğunu göstərir. Naxçıvanın Türkiyənin himayəsində qalması ilə bağlı təklif qəbul olunmadıqda, türk heyəti təklif etdi ki, Naxçıvan Türkiyə ilə Azərbaycanın müştərək himayəsi altında müstəqil bir dövlət olsun, lakin Sovet Rusiyası tərəfi bu təklifi də qəbul etmədi. Belə olan təqdirdə türk heyəti bildirdi ki, Türkiyə bölgə üzərindəki bu himayəni Azərbaycanın üçüncü bir dövlətə güzəştə getməyəcəyinə dair öhdəlik götürdüyü təqdirdə ona verməyə hazırdır.
Rusiya nümayəndələri sadəcə Azərbaycanın himayəsi altında Naxçıvanın muxtariyyəti məsələsinin qoyulmasını və sərhədlərin müəyyənləşdirilməsini təklif edirdilər.
Konfransın martın 12-də keçirilən iclasında əsasən Naxçıvan və Ermənistan arasında müəyyənləşdirilən sərhədlər ətrafında mübahisələr getdi. Sovet Rusiyası tərəfi bildirdi ki, ekspertlərin müəyyənləşdirdiyi sərhəd xətti Azərbaycanın maksimum tələblərini də ötüb keçir, çünki o, heç vaxt İrəvan qəzasının hər hansı bir hissəsinə himayəçiliyə iddia etməmişdir.
Konfransın 1921-ci il martın 14-də keçirilən iclasında Naxçıvanın statusu tam olaraq müəyyənləşdirildi. Beləliklə, danışıqlarda yaranmış gərginliklərə baxmayaraq, türk diplomatiyasının göstərdiyi ciddi səyləri sayəsində Moskva konfransında Azərbaycanın ərazi bütövlüyünün qorunmasına nail oldu. Naxçıvanın heç bir dövlətə güzəştə gedilməməsi şərtilə Azərbaycan SSR-in tərkibində saxlanılması razılaşdırıldı və Müsavat Hökuməti dövründə itirilən Naxçıvan vətənə geri qaytarıldı.
1921-ci ilin fevralında Ankara hökumətinin xarici işlər naziri Yusif Kamal bəyin başçılığı ilə Əli Fuad Cebesoy və doktor Riza Nurdan ibarət diplomatik nümayəndə heyəti Moskvaya gəldikdən sonra danışıqlara başlanmışdır. RSFSR tərəfdən müqaviləni Xarici işlər üzrə xalq komissarı Georgi Çiçerin və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Cəlaləddin Qorxmazov, Türkiyə tərəfdən isə TBMM Xarici işlər vəkili Yusuf Kemal bəy, türk deleqasiyasının üzvü Rza Nur bəy və TBMM-in Rusiyadakı səfiri Əli Fuad paşa imzaladılar. Danışıqlarda Azərbaycanın Türkiyədəki səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinskidə iştirak etmişdir.
Müqavilənin giriş hissəsində RSFSR və Türkiyə Böyük Millət Məclisi hökumətlərinin millətlərin qardaşlığı və xalqların öz müqəddəratını özləri təyin etmək prinsiplərinə şərik çıxdıqları, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan , öz aralarında daimi olaraq qarşılıqlı münasibət və qırılmaz həqiqi dostluğun yaradılması arzusunda olduqları qeyd olunmuşdur.
Müqavilənin birinci maddəsində RSFSR hökumətinin Türkiyəyə aid olan və Böyük Millət Məclisində təmsil olunan Türkiyə milli hökuməti tərəfindən tanınmayan heç bir beynəlxalq müqaviləni tanımadığı qeyd olunmuşdur.
Müqavilənin ikinci maddəsində Türkiyənin Batum şəhəri və liman üzərindəki suverenliyini Gürcüstana güzəştə getməyə razı olduğu əks olunmuşdur. Bir şərtlə ki, bu ərazilərə geniş muxtariyyətin verilməsi və Türkiyədən gələn və Türkiyəyə gedən hər cür malların sərbəst tranzitinə imkan veriləcək.
Müqavilənin üçüncü maddəsində hər iki tərəfin Naxçıvan əyalətini Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razı olduğu öz əksini tapmışdır. O şərtlə ki, Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir.
Müqavilənin dördüncü maddəsində xalqların öz azadlıqlarına uyğun idarə formasını seçməsi qeyd olunmuşdur .
Müqavilənin beşinci maddəsində boğazlardan azad ticarət edilməsi öz əksini tapmışdır.
Müqavilənin altıncı maddəsində bu vaxta kimi hər iki tərəf arasında imzalanmış qeyri-bərabər müqavilələrin ləğv edilməsi qeyd olunmuşdur.
Müqavilənin yeddinci maddəsində Sovet Rusiyası və Türkiyə kapitulyasiya rejiminin ləğv olunması barəsində razılığa gəlir.
Müqavilənin səkkizinci maddəsində hər iki tərəfin öz ərazilərində digər ölkənin hökuməti roluna və ya onun ərazisinin bir hissəsinə iddia edən təşkilat və ya qrupların yerləşməsinə yol verməməyi öz öhdələrinə götürür.
Müqavilənin doqquzuncu müqaviləsində razılığa gələn tərəflər hər iki ölkə arasında əlaqələrin fasiləsizliyini təmin etmək məqsədilə qarşılıqlı razılıq üzrə dəmir yol, teleqraf və digər əlaqə vasitələrini saxlamaq və mümkün olduqca inkişaf etdirmək, həmçinin iki tərəf arasında adamların və malların azad və maneəsiz hərəkətini təmin etmək üçün lazım olan bütün tədbirləri görməyi öz öhdələrinə götürdükləri əks olunmuşdur.
Müqavilənin onuncu maddəsində hər iki tərəfin ərazisində olan vətəndaşlarına ölkənin qanunlarından irəli gələn bütün hüquq və azadlıqların şamil olunması qeyd edilmişdir.
Müqavilənin on birinci maddəsində razılığa gələn hər iki tərəflərdən hər birinin digər tərəfin ərazisində olan vətəndaşlarına daha əlverişli şərait prinsipinin tətbiq etməyə razı olduğu göstərilmişdir.
Müqavilənin on ikinci maddəsində 1918-ci ilədək Rusiyanın tərkib hissəsi olan bu müqavilə ilə Türkiyənin suverenliyi altında olan və RSFSR hökumətinin tanıdığı ərazilərin hər bir sakininin öz əşyaları və əmlakı ilə birlikdə Türkiyəni sərbəst tərk etmək hüququnun olduğu qeyd olunmuşdur.
Müqavilənin on üçüncü maddəsində isə əsirlərin qaytarılması məsələsi öz əksini tapmışdır.
Müqavilənin on dördüncü maddəsində konsulluq məsələsinin həll edilməsi bildirdilmişdir.
Müqavilənin sonuncu-on altıncı maddəsində isə müqavilənin ratifikasiya olunmalı olduğu əks olunmuşdur. Müqaviləyə əsasən Sovet Rusiyası Türkiyəyə təmənnasız olaraq silah və hərbi sursat, həmçinin 10 min rubl (qızılla) verirdi.
16 mart müqaviləsinin I (C) əlavəsində Naxçıvanın sərhədləri aşağıdakı kimi müəyyənləşdirildi: "Ararat stansiyası- Saray Bulaq dağı- Kömürlü dağı- Sayat dağ- Kürd-qulaq dağı- Həməsur dağı-Küküdağ və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi".
Moskva danışıqlarında Azərbaycanla bağlı digər bir məsələ isə TBMM hökumətinin Azərbaycanla ayrı bir müqavilə imzalamaq cəhdidir, lakin Sovet Rusiyası Türkiyənin Cənubi Qafqaz respublikaları ilə ayrı-ayrılıqda müqavilə imzalamasını istəmirdi, çünki Sovetlərin siyasəti "sosialist mərkəzçiliyə" yönəlmişdi.
Bölgənin sərhədləri belə müəyyənləşdirilirdi: Ararat stansiyası-Sarıbulaq dağları-Kömürlüdağ-Sayatdağ-Qurdqulaq kəndi-Həməsür dağı-8022-ci yüksəklik-Küküdağ və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi[1].
Türkiyə nümayəndə heyəti Naxçıvanı Türkiyənin himayəsinə ala bilmədisə də, regionun türklərin əlində qalması təmin edilmişdi, Naxçıvan Azərbaycanın himayəsinə verildi. Naxçıvan müsəlmanları bir daha soyqırımına məruz qalcağı halda türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirildi[1].
Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edirdi. Moskva müqaviləsini RSFSR MİK (20 mart 1921) və Türkiyə Böyük Millət Məclisi (21 iyul 1921) tərəfindən təsdiqləmişdir. Moskva müqaviləsinin 3-cü maddəsində qeyd olunmuşdur: "Türkiyə, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət Komissiya tərəfindən dəqiqləşdiriləcəkdir". Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalandı"[1].
2016-cı ildə bəzi rus deputatların müqavilənin ləğvi ilə bağlı tələbləri KİV-də gündəmə gəlmişdir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Azərbaycan Milli Elmlər Akademiyası. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 325.
- ↑ "Rusiyadan şok iddia: Naxçıvan təhlükədə". 2016-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-08.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Vasif Qafarov "Rusiya-Türkiyə münasibətlərində Naxçıvan məsələsi" Bakı, 455 s
- M. Lebedev "SSRİ dünya siyasətində (1917–1982)" 233 s