Aşıq Kərəm İncəli
Kərəm İncəli | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbi | Aşıq Kərəm |
Doğum tarixi | |
Doğum yeri | Aslanbəyli, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (50 yaşında) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, aşıq |
Janrlar | şifahi xalq yaradıcılığı və saz havaları |
Musiqi aləti | saz |
Kərəm Süleyman oğlu Nəsibov (11 mart 1945, Qazax rayonu – 11 mart 1995) — Azərbaycan aşığı, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Qazax Aşıqlar Birliyinin sədri.
Haqqında
[redaktə | vikimətni redaktə et]Aşıq Kərəm İncəli 1945-ci il martın 11-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Ustadı Aşıq Kamandar olmuşdur. Aşıq sənətinə 1960-cı illərdən başlamışdır.
1995-ci il 11 martda, 50 yaşında dünyasını dəyişən ustad sənətkar hələ məktəbli ikən aşıq sənətinin sirlərini ustad Aşıq Kamandardan öyrənməyə başlamışdır. 1960-cı illərdən başlayaraq el şənliklərində, dövlət tədbirlərində ecazkar səsi və saz ifası ilə sənətsevərlərin diqqətini cəlb edən gənc istedadlı aşıq əvvəlcə Gəncəbasar, Göyçə, Borçalı mahallarında, radio və televiziyadakı çıxışlarından sonra isə bütövlükdə Azərbaycanda böyük şöhrət qazanmışdır. Aşıq Kərəm Nəsibov ilk dəfə Qazax rayon Mədəniyyət Evinin nəzdində Aşıqlar Ansanblını və saz dərnəyini yaratmış, Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvü, birliyin Qazax Regional bölməsinin rəhbəri olmuşdur. Fəaliyyəti dövründə aşıq sənətini ölkəmizdə, eləcə də xarici ölkələrdə layiqincə təmsil etmiş, dövrünün yüksək mükafatlarına layiq görülmüşdür. Qurucusu olduğu Qazax Aşıqlar ansanblı və saz dərnəkləri bu gün də öz fəaliyyətini uğurla davam etdirir. Ustad aşığın xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş, Qazax rayonundakı Aslanbəyli kənd Folklor klubuna Aşıq Kərəm Nəsibovun adı verilmişdir. Özündən sonra zəngin irs qoymuş yaradıcı aşığın 60, 65, 70 illik yubileyləri Mədəniyyət nazirliyinin dəstəyi ilə yüksək səviyyədə qeyd edilmişdir. Yaradıcı aşıq olan Kərəm Nəsibovun ömür və sənət yoluna həsr olunmuş iki kitab nəşr olunmuşdur. Həmin kitablarda onun poeziyası və ifaçılığı haqqında görkəmli sənətşünas və folklorşünas alimlərin elmi araşdırmaları və publisistik məqalələri də yer almışdır. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qızıl fondunda ustad aşığın çoxsaylı ifaları qorunmaqdadır. Aşıq Kərəm Nəsibov bütün klassik saz havalarının incıliklərinə dərindən bələd olmuş və bu havaların hər birini özünəməxsus ustalıqla ifa etmiş nadir sənətkarlarımızdandır.
Məclislərdə, respublikanın mədəniyyət tədbirlərində, festival və müsabiqələrdə iştirak edərək diplomlara layiq görülüb. Aşıqların IV qurultayında iştirak etmişdir. Qazax rayonu mədəniyyət evində aşıqlar birliyinin sədri seçilmişdir. İlk saz məktəbinin Qazax rayonu üzrə yaradıcısı, elinin sevimli saz-söz ustadı olmusdur.[1]
Aşıq İlham Aslanbəyli, Şəmiddin Vəliyev, Mahal Fəttahov, Alı Cəfərov, İmralı Məmmədov, Akif Manafov, Oktay Xəliloğlu, Samir Fəttahov və bir çox aşıqlara ustadlıq etmişdir.[1]
Aşıq Kərəm İncəli 1995-ci il martın 11-də vəfat etmişdir. Aslanbəyli kəndində dəfn olunmuşdur.
Kitabları Aşıq Kərəm İncəli, "Çağla telli sazım çağla", Bakı, 2016, "UniCild" nəşriyyatı. 180 səh.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 . Musiqi Dünyası, 2015"[1] Arxivləşdirilib 2020-07-03 at the Wayback Machine enene.musigi-dunya.az/Aşıq sənəti simalarda (az.)