Mərzifonlu Qara Mustafa Paşa
Mərzifonlu Qara Mustafa Paşa | |
---|---|
5 noyabr 1676 – 14 dekabr 1683 | |
Əvvəlki | Körpülü Fazil Əhməd Paşa |
Sonrakı | Bayburtlu Qara İbrahim Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1634[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 25 dekabr 1683[1][3][…] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi, hərbi lider[d] |
Atası | Oruc bəy |
Həyat yoldaşları |
Saliha xanım Ümmü-Gülsüm Sultan |
Uşaqları |
Maktulzadə Əli Paşa Fatma xanım Mihrişah xanım Sultan |
Ailəsi | Körpülülər |
Rütbəsi | Kaptan-ı dərya, general[4] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | hərbi iş[d][4], siyasət[4] |
Vikianbarda əlaqəli mediafayllar |
Mərzifonlu Qara Mustafa Paşa (1634[1][2][…], Mərzifon – 25 dekabr 1683[1][3][…], Belqrad) — IV Mehmed dönəmində ümumilikdə 7 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]1634-cü ildə Mərzifonun Marınca kəndində dünyaya gəlmişdir. Atası Oruc bəy sipahi əsgəri idi. Atasının IV Muradın Bağdad səfərində şəhid düşməsi ilə 4 yaşında yetim qaldı və bundan sonra atasının dostu olan Amasiya sancaqbəyi Körpülü Mehmed Paşanın himayəsində onun övladlarıyla birlikdə böyüdü. Bu illər ərzində Körpülü Mehmed Paşanın qızı Saliha xanımla evlənən Mustafa Paşa qaynatasının sədarəti dövründə əvvəlcə silahdarlığa, ardından sədarət kəndxudalığına yüksəldi və bu vəzifədə ikən Ərdəl səfərinə qatıldı. Yanova qalasını fəthi xəbərini gətirdiyi üçün IV Mehmed tərəfindən ikinci miraxur təyin edildi (1 sentyabr 1658) və iki il sonra Silistrə bəylərbəyi olaraq saraydan ayrıldı. Bu vəzifədə ikən Ədirnədən paytaxta dönən Validə Turhan Sultanı müşayiət etdi. Ardından vəzirlik rütbəsi alaraq Diyarbəkir bəylərbəyi oldu. Körpülü Fazil Əhməd Paşanın sədarəti dövründə kaptan-ı dəryalığa gətirilən Mustafa Paşa 4 ildən artıq müddətdə bu vəzifədə qaldı. Sədrəzəm Uyvar səfərinə qatıldığı dövrdə səfərin sonunadək kaptan-ı dəryalıqla yanaşı sədarət naibi olaraq da fəaliyyət göstərdi. Arslan Mustafa Paşanın kaptan-ı dəryalığa gəlməsi ilə bu vəzifədən alındı. Sədrəzəmin Krit səfərinə çıxmasıyla ikinci dəfə sədarət naibliyinə gətirildi (9 may 1666) və 3 ilə yaxın bu vəzifədə qaldı. Səfərin ardından sədrəzəmlə birlikdə Lehistan kralına qarşı tərtib olunan səfərə qatıldı. 18 oktyabr 1672 tarixində Lehistanla bağlanan sülh müqaviləsinin müzakirələrində iştirak etdi. Ardından yenidən sədarət naibi təyin olunan Mustafa Paşa 1674-cü ilin avqustunda Lehistana aid Uman qalasının alınmasında iştirak etdi. Ertəsi il Ədirnədə tərtiblənən şənliklər əsnasında IV Mehmedin 5 yaşındakı qızı Ümmü-Gülsüm Sultana namizəd seçildi. Bu əsnada səhhəti pisləşən Fazil Əhməd Paşanın xəstəliyi boyunca onun yerinə fəaliyyət göstərdi. Sədrəzəmin 5 noyabr 1676 tarixindəki vəfatının ardından isə sədrəzəmliyə gətirildi.
Mərzifonlu Qara Mustafa Paşanın sədrəzəmliyi dövrünün ilk önəmli problemi Osmanlı dövləti ilə Lehistan arasındakı Ukrayna kazakları məsələsi oldu. Fazil Əhməd Paşanın sədarəti dövründə Osmanlı himayəsində kazak rəhbəri olan Doroneşko Rusiya çarlığına meyl etmiş, Çehrin qalasını ruslara təslim edərək Ukraynanın rus işğalı altına girməsinə yol vermişdir. Bunun ardından Osmanlı ordusu Şeytan İbrahim Paşanın rəhbərliyi ilə və Krım xanı Səlim Gərayın əlavə qüvvələri ilə Çehrin qalasına göndərildi. Ədirnədən İstanbula gələn Qara Mustafa Paşa bir yandan Lehistan elçiləri ilə sülh müzakirələri aparır, digər yandan da səfər hazırlığını davam etdirirdi. Şeytan İbrahim Paşa rəhbərliyindəki ordunun uğur qazana bilməməsi səbəbilə şəxsən padşahın da iştirak edəcəyi yeni bir səfər tərtib olundu. Osmanlı ordusu Sultan Mehmed və sədrəzəm Mustafa Paşa ilə birlikdə 30 aprel 1678 tarixində yola çıxdı. IV Mehmed indiki Bolqarıstanın Dobriç şəhərinə qədər orduyla birlikdə gəldi və ardından orduya sərdar-ı əkrəm olaraq Mustafa Paşa rəhbərlik etdi. Yol boyunca Çehrin qalasına yardıma göndərilən rus qüvvələrini darmadağın edən Mustafa Paşa 19 iyulda Çehrin qalasını mühasirəyə alaraq ələ keçirdi. Qalanın mühafizəsi çətin olduğu üçün dərhal dağıdıldı. Dnepr çayı sahilində iki yeni qala inşa edildi. Osmanlı ordusunun qayıtmasının ardından Özi çayını keçən ruslar yenidən bu bölgəyə gəlsələr də, Krım xanı vasitəsilə bağlanan sülhlə məsələ həll olundu.
Qara Mustafa Paşanın sədarəti dövrünün əsl önəmli hadisəsi isə Osmanlı dövləti üçün dönüm nöqtəsi olan ikinci Vyana mühasirəsidir. Körpülü Mehmed Paşa və oğlu Fazil Əhməd Paşadan sonra daxili və xarici məsələləri demək olar ki, həll olmuş bir dövləti təslim alan Mustafa Paşa Vasvar sülhünün müddəti bitmədən yeni bir səfərə çıxmaq, bununla da Osmanlının gücünü Avropanın mərkəzinə qədər aparmaq istəyirdi. Tərtib olunan bu səfərdə əsas hədəf əzəldən bəri protestant macarlara təzyiq göstərən Avstriya imperatoru idi. Hələ Fazil Əhməd Paşa dövründə protestant macarlar üsyan qaldıraraq Osmanlı himayəsinə girmək istədiklərini bildirmiş, ancaq Avstriya ilə bağlanan 1664 tarixli Vasvar sülhü səbəbilə sədrəzəm bu təklifi qəbul etməmişdi. Ancaq Qara Mustafa Paşa sədarətə gəldikdən dərhal sonra protestant macarların lideri olan Tökəli İmrəni macar kralı elan etdi. Bundan cəsarətlənən macarlar Avstriya sərhədlərinə hücum edirdilər. Avstriya tərəfinin şikayətləri isə sədrəzəm tərəfindən padşahdan gizlədilirdi. Rəvayətə görə, macar kralı paytaxta göndərdiyi sandıq dolusu qızılla Qara Mustafa Paşanın dəstəyini almış və Avstriyalıların əlində olan bəzi macar qalalarını ələ keçirmişdi. Ancaq imperator I Leopold bu qalaları geri aldı və nəticədə iki dövlət arasında münasibətlər korlandı. Buna baxmayaraq imperator Ədirnəyə elçi göndərərək hələ müddəti bitməmiş Vasvar sülhünün vaxtını uzatmaq istəyirdi. Əslində IV Mehmed də sülh tərəfdarı idi. Ancaq 30 ildir ki, Avstriya ilə düşmən olan Fransa bu sülhün bağlanmasına razı deyildi. Nəticədə Mərzifonlu Mustafa Paşa ordunun da dəstəyini alaraq bu sülh təklifini qəbul etmədi. Ardından başda padşahın lələsi Vanlı Mehmed Əfəndi olmaqla məscidlərdəki söhbətlərdə əhalini təhrik edərək səfərə hazırlamış, bununla da Sultan Mehmedi səfərə razı salmışdır. Avstriya elçisi şeyxülislamdan “Aman diləyənə hücum edilməz” şəklində fətva alsa da, çarə etmədi.
Aparılan müzakirələrdə IV Mehmedin Belqradda qalması və Qara Mustafa Paşanın sərdar-ı əkrəm olaraq Yanıqqala qalasına hücum etməsi qərarlaşdırıldı. Bir çox mənbəyə görə, Osmanlı ordusunun o günədək ən böyük vəziyyəti idi. Əlavə qüvvələrlə birlikdə 350 min döyüşçü və 150 min arxa cəbhə xidmətçisi olduğu söylənsə də, bu rəqəmin şişirdilmiş olduğu görülür. Silahdar Mehmed ağa bu şəxslərin bir qisminin qənimət məqsədi ilə gələn adi əhali olduğunu söyləyir. İstolni Belqradda aparılan ikinci məşvərətdə rəisül-katib Mustafa Paşanın təhriki ilə bu qədər güclü bir ordunun Yanıqqala kimi zəif bir qala yox, sədrəzəmə şöhrət qazandıracaq olan Vyana şəhərini mühasirəyə alması qərarlaşdırıldı. Gedən müzakirələrdə Krım xanı Murad Gəray və Budin bəylərbəyi Uzun İbrahim Paşa istisna olmaqla sədrəzəmə heç kim qarşı çıxmamışdı. Bu səbəblə Mustafa Paşa Krım xanına və İbrahim Paşaya düşmən olmuşdu.
Sədrəzəm Mustafa Paşa 14 iyul 1683 tarixində Vyana qalası önlərinə gələndə imperator I Leopold Vyana şəhərinin mühafizəsini fon Starhembergə tapşıraraq Avstriyanın mərkəzi bölgəsindəki Lenzə çəkildi. Avstriya ordusunun rəhbəri isə əvvəllər Lehistan krallığına namizəd göstərilən V Karl oldu. Belqradda olan və Osmanlı ordusunun Vyanaya irəliləməsindən xəbərsiz olan IV Mehmed, “Kastımız Yanık ve Komorn idi. Beç Kalesi dilde yoktu. Paşa ne acib saygısızlık edip bu sevdâya düşmüş. Hoş imdi Hak Teâlâ âsan getire. Lâkin mukaddem bildireydi rızâ vermezdim” (Məqsədimiz Yanıqqala və Komorn idi. Vyana qalası dildə belə yox idi. Paşa nə əcəb ki, hörmətsiz edib bu xəyala qapılıb. İş bu yerdədir, Allah işlərini rəvan gətirsin. Lakin əvvəlcədən bildirsəydi, icazə verməzdim.) deyərək heyrətləndiyini bildirmişdir.
Təslim təklifinin qəbul edilməməsinin ardından Vyana qalası mühasirəyə alındı. Ancaq bu mühasirə əvvəlcədən planlaşdırılmadığı üçün böyük mühasirə topları gətirilməmişdi. Bu səbəblə Avstriyalıların top atəşləri daha güclü oldu və mühasirə müddəti uzandı. Sərdar-ı əkrəm qalanın döyüşlə deyil, təslim yoluyla alınmasını istəyirdi. Mühasirənin 2 ay davam etməsinin ardından ordudakı əsgərlər bezmişdi. Avstriyanın yardım almasına baxmayaraq Osmanlı ordusunda qida problem yaranmağa başlamışdı. Bunun ardından Mustafa Paşanın əmriylə Yanıqqala yaxınlığında gözləyən Uzun İbrahim Paşa da mühasirəyə qatıldı. Vəziyyətin getdikcə çətinləşdiyini anlayan sərdar-ı əkrəm 26 avqustda baş tutan hücumda qalanın bir hissəsini məhv etdi. Ancaq o əsnada Lehistan kralının böyük bir orduyla gəlməsini xəbər alan Mustafa Paşa onların qarşısını almaq üçün Krım xanı Murad Gərayı vəzifələndirdi. Ancaq Murad Gəray sədrəzəmlə olan düşmənliyi səbəbilə yaxınlaşan polyak qoşunlarının qarşısını almadı. Gedən müzakirələrdə bütün paşaların düşmənlə döyüşməsi, qala önlərindəki əsgərlərin isə mühasirəni davam etdirməsi qərarlaşdırıldı. Lehistan kralı Jan Sobienskinin rəhbərliyi ilə 100 minlik ordu Osmanlı ordusunu geridən mühasirəyə aldı. Mərzifonlu Mustafa Paşa buna cavab olaraq Qara Mehmed Paşa və Uzun İbrahim Paşanı arxa cəbhənin müdafiəsi ilə vəzifələndirdi. Ancaq polyak ordusunun Dunay çayını keçməsinə baxmayaraq Krım qüvvələri buna qarışmırdı.
Birləşmiş qüvvələrlə gedən döyüş 12 sentyabr günü başladı. Osmanlı ordusunun mərkəzində sərdar-ı əkrəm, sağında Uzun İbrahim Paşa, solunda Murad Gəray və Sarı Hüseyn Paşa yer almışdı. Müharibə əsnasında əvvəlcə Uzun İbrahim Paşanın qüvvələri darmadağın edildi. Hüseyn Paşanın qüvvələri güclü olsa da, Krım ordusundan gözlənilən yardım gəlmədiyi üçün bu cinah da zəiflədi. Ardından Jan Sobienski birbaşa mərkəzə hücum etdi. Qara Mustafa Paşa 5-6 saat davam edən bu hücumdan, sağ və sol cinahların dağılmasından sonra geri çəkildi. Ardından qalanın mühasirəsində iştirak edən 30 min nəfər cəbhədən geri çağırıldı. Məğlub olan ordu Yanıqqalaya çəkildi. Geridə 300 döyüş topu, 15 min çadır, saysız-hesabsız döyüş sursatı, ordu xəzinəsi və s. buraxıldı. Geri çəkilən Mərzifonlu Mustafa Paşa ilk iş olaraq mühasirədən hamıdan tez ayrılan Uzun İbrahim Paşanı və digər günahkarları edam etdirdi. Ardından Budinə gələrək vəziyyəti bərpa etmək istədi. Sərhəd bölgəsindəki qalalara əlavə qüvvələr göndərdi. Bu əsnada Komorn və Esterqon qalalarına edilən hücumların qarşısını almaq üçün Qara Mehmed Paşa idarəsindəki 30 minlik ordu vəzifələndirildi (5 oktyabr 1683). Ancaq gedən döyüşlərdə dəyərli ordu rəhbərlərinin şəhid olması ordudakı motivasiyanı daha da azaltdı. Gördüyü tədbirlərlə qısa zamanda ordunu tənzimləyən sədrəzəm Murad Gərayı xanlıqdan alaraq yerinə II Hacı Gərayı gətirdi. Budində 3 həftə qaldıqdan sonra qışı keçirmək üçün Belqrada qayıtdı. Bu əsnada Kanija və Zigetvar qalalarına əlavə qüvvələr yollansa da, Ciyərdələn və Esterqon qalaları ələ keçirildi.
İnadkarlığı və sərtliyi ilə Mərzifonlu Qara Mustafa Paşanın sadəcə orduda yox, eyni zamanda sarayda da güclü düşmənləri vardı. Bunlardan ən güclü Qızlar ağası Yusif ağa və baş miraxur Sarı Süleyman ağa idi. Öz yetişdirməsi olan və səfərdən öncə sədarət naibi təyin etdiyi Qara İbrahim Paşa da sədrəzəmlik arzusuyla Mustafa Paşaya rəqib olmuşdu. Vyana məğlubiyyəti Mustafa Paşanın rəqiblərinə fürsət qazandırdı. Rəqiblərinin səyi ilə sədrəzəminə düşmən olan Sultan Mehmed Mustafa Paşanın edamı üçün fərman göndərdi. Halbuki, Mustafa Paşanın məqsədi qışı Belqradda qalıb, növbəti il ordunu toplayaraq yenidən Avstriyaya səfərə çıxmaq idi. 25 dekabr 1683 tarixində edam edilən Mustafa Paşanın cənazəsi Belqradda olan sarayın qarşısındakı məscidin həyətinə dəfn edilmiş, kəsik başı isə Ədirnəyə göndərilmiş, ardından buradakı Saruca Paşa məscidinin həyətinə dəfn olunmuşdur.
Birinci evliliyindən dünyaya gələn Maktulzadə Əli Paşa sonralar II Mustafanın qızı Safiyə Sultanla evlənmişdir. Qızı Fatma xanım isə Qara İbrahim Paşa ilə evləndi və Nevşəhərli İbrahim Paşanın kürəkəni olan kaptan-ı dərya Qaymaq Mustafa Paşanın anasıdır. Mərzifonlu Mustafa Paşanın Ümmü-Gülsüm Sultanla olan evliliyindən isə Mihrişah xanım Sultan adlı bir qızı dünyaya gəlmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Hacı Ali Efendi, Târîh-i Kamaniçe (haz. Ayşe Hande Can, yüksek lisans tezi, 2003), Mimar Sinan Üniversitesi Sosyal Bilimler Enstitüsü;
- Behcetî Hüseyin, Mi‘râcü’z-zafer, Süleymaniye Ktp., Esad Efendi, nr. 2368;
- Vuslatî, Gazânâme-i Çehrin (nşr. Mustafa İsen), Ankara 2003;
- Ahmed Ağa, Viyana Kuşatması Günlüğü (trc. Esat Nermi), İstanbul 1970;
- Abdurrahman Abdi Paşa, Vekāyi‘nâme, TSMK, Koğuşlar, nr. 915, tür.yer.;
- Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât, 1656-1684 (nşr. Abdülkadir Özcan), Ankara 1995, s. 32, 55, 66, 74, 77, 86, 92 vd., 135, 139 vd., 147, 159-164, 166-167, 168, 194, 715, 722;
- Hadîkatü’l-vüzerâ, s. 109-110; D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1979, III, 32 vd., 78, 377, 392;
- Silâhdar, Târih, I, 223, 230, 393, 562, 652 vd.;
- Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 604;
- Râşid, Târih, I, 27, 334, 337-338, 342, 344, 408-414, 416-433;
- Îsâzâde Tarihi (nşr. Ziya Yılmazer), Ankara 1996, s. 152-153, 184, 222;
- A. Galland, İstanbul’a Ait Günlük Hâtıralar: 1672-1673 (trc. Nahit Sırrı Örik), Ankara 1998, II, 129 vd.;
- Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 171-172, 173, 227;
- a.mlf., Vefeyât-ı Selâtîn, s. 71-72;
- Sefînetü’l-vüzerâ, s. 38;
- Hammer, GOR, VI, 519, 740;
- a.mlf., Büyük Osmanlı Tarihi (trc. Vecdi Bürün), İstanbul 1990, VI, 276-279, 311-313, 315-316, 343-367;
- Mustafa Nuri Paşa, Netâyicü’l-vukūât (nşr. Mehmed Gālib Bey), İstanbul 1327, II, 79-83;
- Cevat Üstün, Viyana Seferi: 1683, Ankara 1941;
- Danişmend, Kronoloji2, III, 445-457;
- Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 428-429, 430-459;
- Gökbilgin, Edirne ve Paşa Livâsı, s. 58;
- R. F. Kreutel, Kara Mustafa Paşa von Wien, Vienne 1955; Rycaut, tür.yer.;
- Oral Onur, Edirne Türk Tarihi Vesikalarından Kitabeler, İstanbul 1972, s. 25-26, 131;
- Merzifonlu Kara Mustafa Paşa Uluslararası Sempozyumu (haz. Zeki Dilek v.dğr.), Ankara 2001;
- Mehmed Ârif, “İkinci Viyana Seferi Hakkında”, TOEM, III/16 (1328/1912), s. 994-1016;
- Halil Edhem, “Kara Mustafa Paşa’nın Şopron Şehri Ahalisine Beyannâmesi”, a.e., III/15 (1328/1912), s. 924-937;
- Ahmed Refik, “Kara Mustafa Paşa ve Tököli İmre”, İkdam, sy. 11286, İstanbul 29.09.1928;
- Ömer Faruk Akün, “Merzifonlu Kara Mustafa Paşa ve Mîrâhur Sarı Süleyman Ağa Mücadelesi ile İlgili Bir Konuşma Zabtı”, TM, XIX (1980), s. 3 vd.;
- Mustafa Turan, “İkinci Viyana Muhasarası: Osmanlı Devleti’nde Siyasî, İdârî ve Askerî Çözülme”, AÜ Osmanlı Tarihi Araştırma ve Uygulama Merkezi Dergisi: OTAM, sy. 9, Ankara 1998, s. 389 vd.;
- Münir Aktepe, “Mustafa Paşa, Merzifonlu”, İA, VIII, 736-738;
- C. J. Heywood, “Kara Mustafa Paѕћa, Merzifonlu”, EI² (Fr.), IV, 613-616;
- Mustafa Uzun, “Abdülbâki Ârif Efendi”, DİA, I, 196, 197;
- Abdülkadir Özcan, “Casus”, a.e., VII, 168.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Merzifonlu Kara Mustafa Paşa // Faceted Application of Subject Terminology.
- ↑ 1 2 Merzifonlu Kara Mustafa Pasa // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Kara Mustafa Paşa // Çex Milli Hakimiyyət Məlumat bazası.