Qaraqoyunlu mahalı
Qaraqoyunlu (Darlıq) dərəsi və ya Qaraqoyunlu mahalı — Qərbi Azərbaycanın, gözəl guşələrindən biri olaraq Ermənistan SSR-in İcevan (Karvansaray) və Mixaylovka – Çəmbərək (Krasnoselo) rayonunun ərazisində yerləşir.
Hazırda bu ərazi Ermənistanın Tavuş mərzi və Geğarkunik mərzi adlanan vilayətlərinin tərkibindədir.
Haqqında
[redaktə | mənbəni redaktə et]Qaraqoyunlu hərtərəfli inkişaf etmiş bölgələrdən biri idi. Harada yerləşməsindən asılı olmayaraq, kəndlərin hamısına yol çəkilmiş, təzə evlər tikilmişdi. 1960-cı ildə Qaraqoyunlu dərəsinin kəndlərində, demək olar ki, bir dənə də olsun köhnə ev qalmamışdı.
Elektrik işığı ilə ən tez təmin olunan kəndlər Çaykənd və Gölkənd kəndləri olmuşdur. 1951–1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilmişdir. Az bir müddətdən sonra isə bütün kəndlər mərkəzləşmiş qaydada elektriklə təmin edilmişdir.
Kəndlərin hamısında müvafiq avadanlıqlarla təchiz edilmiş və xüsusi zövqlə tikilmiş gözəl məktəb binaları var idi. Həmin məktəblərdə peşəkar müəllimlər çalışırdı. Şagirdlərdə və valideynlərdə təhsilə böyük maraq var idi. Hər il məzunların bir çoxu müxtəlif ali məktəblərə daxil olurdu. Bu məzunların bir hissəsi təhsillərini davam etdirib, elmlər namizədi və elmlər doktoru elmi dərəcəsinə layiq görülüb, alim olurdular.
Təsadüfi deyil ki, 1988-ci ildə ancaq kənddə yaşayanları nəzərə alsaq, cəmi 300 ailədən ibarət olan Salah və Əmirxeyir kəndlərində doğulmuş olan 11 elmlər doktoru, 29 elmlər namizədi var idi. Bu rəqəm hər 7–8 ailəyə bir alim düşdüyünü göstərir. Bu, çox yerlərdə rast gəlinməyən, kifayət qədər yüksək göstərici idi.
Qaraqoyunlu dərəsi ziyalılar yurdu kimi də məşhurdur. Təbiətcə çox zəngin olan bu kiçik torpaq Bala Əfəndiyev (1937-ci ilin repressiya qurbanlarındandır) kimi görkəmli dövlət xadimi, tanınmış filosoflar Həmid Əfəndiyev, Asif Ata, Azərbaycan Milli Elmlər Akademiyasında çalışmış tarix elmləri doktoru Həmid Əliyev kimi böyük alimlər, Rəşid Nəsiboğlu kimi bəstəkar, Misir Mərdanov kimi nazir, Vüsal Həsənov kimi gənc və istedadlı hərbi diplomat, İsmət Əliyev və Natiq Əliyev kimi generallar, böyük və kiçikliyindən asılı olmayaraq, elmin bütün sahələri üzrə sayılan alimlər, minlərlə ali təhsilli mütəxəssislər yetirmişdir. Qaraqoyunlu dərəsində elə bir ailə tapılmazdı ki, orada böyüyən ən azı bir nəfər ali təhsilli olmasın.
Ən böyük kənd Gölkənd kəndi olmasına baxmayaraq, həmin bölgədə inzibati mərkəz rolunu Çaykənd kəndi oynamışdır. Çünki Çaykənd kəndi Qaraqoyunlu dərəsinin yerləşdiyi ərazinin, təxminən, mərkəzində və rayonlararası magistral yolun üstündə məskən salmışdır.
Ancaq Gölkənd kənd orta məktəbi (Qərbi Azərbaycanın "Kiçik Akademiya"sı hesab olunur) çox güclü təhsil ocağı olmuşdur. 10–11 illik məktəb bu kənddə olduğu üçün, qonşu kəndlərdən 8-ci sinifdən sonra bu məktəbdə təhsillərini davam etmişlər. Misir Mərdanov da öz təhsilini bu kənddə davam etdirmişdir.
İlk dini və dünyəvi məktəblər də Çaykənd kəndində olmuşdur. Əvvəlcə ibtidai, sonra yeddillik olan, daha sonra isə orta məktəb açılmış və 1988-ci ilin məlum hadisələrinə qədər fəaliyyət göstərmişdir.
1903-cü ildə Əmirxeyirdə anadan olmuş Şəmşəd Sarı oğlu Əliyev, 1907-ci ildə Əmirxeyirdə anadan olmuş Alı Qələndər oğlu Alıyev, 1908-ci ildə yenə də Əmirxeyirdə doğulmuş, İrəvan Pedaqoji Texnikumunu, Bakıda ali məktəbi bitirərək, ali məktəbdə işləmiş Reyis Niftalı oğlu Məmmədov, 1908-ci ildə çaykənddə dünyaya göz açmış, Sumqayıt Boru Prokat Zavodunda işləmiş və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş Murad Mahmud oğlu Zeynalov və başqaları ilk təhsillərini Çaykənd kənd orta məktəbində almışlar.
Çaykənd kənd orta məktəbinin tarixi haqqında ən dəyərli və dəqiq məlumatları Ermənistanda və Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz, hər iki respublikada çox yüksək vəzifələrdə çalışmış, sonralar bir çoxları kimi repressiyanın qurbanı olaraq sürgün edilmiş və 1938-ci ildə sürgündə dünyasını dəyişmiş məşhur partiya və dövlət xadimi Bala İbrahim oğlu Əfəndiyevin fəaliyyətinə həsr edilmiş kitablardan götürmək mümkün olmuşdur.
T. Miralayevin Bala Əfəndiyev haqqında yazdığı və 1972-ci ildə "Ayastan" nəşriyyatı tərəfindən İrəvanda nəşr etdirdiyi "Bala Əfəndiyev" adlı bioqrafik oçerkdən aşağıdakılar məlum olur.
Bala Əfəndiyev 1893-cü ildə Gəncə quberniyasının Qazax qəzasının Çəmbərək (indiki Krasnoselo) rayonunun Çaykənd kəndində anadan olmuşdur. O, hələ dünyaya göz açmamış atası İbrahim kişi dünyasını dəyişmiş, əmisi molla Məhəmməd və atalığı Ənməd Hacı Əli oğlu Balanı elə öz kəndlərində molla məktəbinə göndərmişdir. Ancaq balaca Balada elm və sənətə olan böyük həvəsi görmüş, ona 1907-ci ildə təzə açılmış rus məktəbinin hazırlıq siniflərində təhsil almağı məsləhət görmüşlər. Bala Əfəndiyev həmin hazırlıq siniflərində təhsilini davam etdirmişdir.
Bu tarixi fakt göstərir ki, Çaykənd kəndində ilk məktəb 1907-ci ildən bir neçə il əvvəl açılmışdır.
Qaraqoyunluların təkidi və tələbi ilə Çaykənd orta məktəbinə Bala Əfəndiyevin adı verilmiş və məktəbin qarşısında onun büstü qoyulmuşdur.
Onu da qeyd etmək yerinə düşər ki, Bala Əfəndiyevin əmisi qızı və eyni zamanda həyat yoldaşı, 1906-cı ildə Çaykənd kəndində anadan olmuş Fatma xanım da ilk təhsilini Çaykənd kəndində almışdır.
Çaykənd orta məktəbinin məşhur məzunları haqqında ən geniş məlumatlar uzun müddət həmin məktəbin direktoru işləmiş, dəyərli ziyalılardan və ağsaqqallardan biri olan Qurban Yusif oğlu Süleymanovun yazıb nəşr etdirdiyi "Əzəli Oğuz yurdum — Doğma Çaykəndim" adlı kitabında göstərilmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qaraqoyunlu dərəsi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur.1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansaray, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselo), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Qaraqoyunlu dərəsinin kəndləri
[redaktə | mənbəni redaktə et]- Ağkilsə
- Alaçıqqaya
- Bəriabad
- Cıvıxlı
- Çaykənd
- Əmirxeyir
- Gölkənd
- Haqqıxlı
- Qaraqaya
- Mürteyil
- Polad
- Salah
- Yanıqpəyə
Tanınmış şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]- Eldar Qocayev — Azərbaycan Texniki Universitetinin Fizika kafedrasının müdiri , Fizika — Riyaziyyat elmlər doktoru , professor
- Misir Mərdanov — Azərbaycan Respublikasının keçmiş təhsil naziri
- Nizami Qocayev — Polkovnik Nizami Qocayev
- Tanrıverdi Mustafayev — "Bakı Elektrikşəbəkə ASC"nin Mətbuat xidmətinin rəhbəri, biologiya elmləri namizədi.
- Vüsal Şükür oğlu Həsənov — Qaraqoyunlu dərəsinin ilk hərbi diplomatı, şair-publisist
- Bəkir Həsənov — 1939-cu il represiya qurbanı
- Qara Namazov
- General leytenant İsmət Əliyev
- General mayor Natiq Əliyev
- Babək Göyüş
- Hüseyn Hüseynov
- Tofiq Hüseynov
- Ramazan Abbasov — Azərbaycan milli futbol komandasının keçmiş oyunçusu
- Rəşid Nəsiboğlu -bəstəkar, Azərbaycanda ilk mahnı teatrı sayılan "İRS" milli çalğı alətləri ansamlının yaradıcısı və bədii rəhbəri.
- Nəsib Əfəndiyev-yazıçı
- Vasif Nəsiboğlu-türkoloq alim, yazıçı.
Gölkənd alimlərindən bəziləri:
- Kərimov Şövkət Manaf oğlu — Filologiya üzrə fəlsəfə doktoru.
- Tanrıverdi Mustafayev — "Bakı Elektrikşəbəkə ASC"nin Mətbuat xidmətinin rəhbəri, biologiya elmləri namizədi.
- Qocayev Vəli Muğan oğlu — Azərbaycan ali texniki məktəblərində fizika kursunun məzmunu, tədris metodikası və onun təkmilləşdirilməsi istiqamətləri, pedaqogika üzrə elm. doktoru
- Allahverdiyev Həsən Bəkir oğlu — iqtisadiyyat üzrə elmlər doktoru, professor, 2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
- İsgəndərov Qayıbverdi Bəşir oğlu — əczaçılıq elmləri doktoru, professor
- Əliyev Sabir Cahan oğlu — Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru , tibb elmləri doktoru, professor (Gölkənd kənd orta məktəbini qızıl medalla bitirmişdir).
- Yəhya Hacıyev — Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti.
- Məmməd Məmmədov(Qaraqoyunlu) — "Ümumi coğrafiya" adlı kitabın müəllifi (Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir) , Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir.
- Rüstəmov Qəhrəman Dağıstan oğlu (Gölkənd)- Həkim, Azərbaycan Tibb Universtetnin müəllimi Tibb elimlər doktoru
Gölkənd kəndindən Qarabağ müharibəsində şəhid olmuş və itkin düşənlərdən bəziləri:
- Rizvan Pirnəzərov — şəhid
- Dinar Mustafayev — şəhid
- Xaqani Qocayev — şəhid
- Zamin Əfəndiyev — itkin
- Quluyev İkram Məsim oğlu — itkin
- Elçin Mustafazadə — şəhid
- Ruslan Məmmədov — şəhid
- Nurlan Mustafayev (kapitan) — şəhid
- Əhmədzadə Rüfət Əbülfət oğlu — şəhid
Mənbə
[redaktə | mənbəni redaktə et]- Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
- B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
- Qaraqoyunlu dərəsinin saytı