Səfəvi–Osmanlı müharibəsi (1730–1736)

Vikipediya, azad ensiklopediya
(Səfəvi-Osmanlı müharibəsi (1730-1732) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Səfəvi-Osmanlı müharibəsi (1730-1736)
Tarix 17301736
Yeri Qafqaz, Mesopotamiya, Qərbi İran
Səbəbi İtirilmiş Səfəvi torplaqlarının geri qaytarılması
Nəticəsi Nadirin qələbəsi
Ərazi dəyişikliyi Osmanlı ordusu Qərbi İrandan çıxarıldı. Keçmiş Səfəvi ərazisi bərpa edildi. Ruslar da Qafqazdan geri çəkildi.
Münaqişə tərəfləri

Səfəvilər İmperiyası

Osmanlı İmperiyası
Krım xanlığı


Ləzgilər

Komandan(lar)

II Təhmasib (Nadir xan tərəfindən devrilib)
III Şah Abbas (Nadir xanın vassalı)
Nadir xan (faktiki Şah)

I Mahmud
Topal Osman Paşa
Həkimoğlu Əli paşa
Köprülü Abdullah paşa
Əhməd paşa

Səfəvi-Osmanlı müharibəsi (1730-1736) — 1730-1736-cı illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə.

XVIII əsrin 30-cu illərinə yaxın Səfəvi İranı ərazisinin böyük bir hissəsi əfqan işğalçılarından təmizləndi. İlk öncə Nadir Astrabad və Mazandaranı tutmuş türkmənləri əzərək Xəzər dənizinə şah hökuməti üçün çıxış açdı. 1728-1729-cu illərdə əfqanları irandan vurub çıxardı. Şah Təhmasibin İsfahana qayıtması üçün yol açılmış oldu.[1] Bununla belə, Qərbi İran, Cənubi Azərbaycan, Xəzərsahili vilayətlər istisna edilməklə, demək olar ki, bütün Cənubi Qafqaz hələ də Osmanlı işğalçılarının əlində idi. Nadir xanın yüksəlişi ilə yenidən dirçəlmiş İran dövləti qarşısında Osmanlı ordusu ilə mübarizə vəzifəsi dururdu.

Nadir İsfahanda əfqan hakimiyyətinə son verdikdən sonra II Təhmasibin də Osmanlı dövlətinə qarşı tutumu dəyişdi. Belə ki, Osmanlı dövlətinin təyin etdiyi Həmədan hakimi Abdurrahman Paşaya göndərdiyi məktubda Osmanlı dövlətindən ələ keçirilən torpaqları dərhal geri verməsini, əks təqdirdə müharibəyə başlayacağını bildirdi. Bundan başqa Şamlı Rzaqulu xanı İstanbula göndərərək elçi vasitəsilə Qərbi İranda ələ keçirilən torpaqların sülh yolu ilə geri qaytarılmasını  tələb etdi. 1729-cu ilin iyun ayında İstanbula gələn Rzaqulu xan Osmanlı dövləti tərəfindən xoşluqla qarşılandı. Rzaqulu xan işğal olunmuş ərazilərin qaytarılması və İranın Türkiyədən çəkdiyi xərclər müqabilində illik ödənc verməsi barədə müqavilə bağlanmasına nail oldu.[2] Lakin görüşmələr zamanı Nadir xanın Həmədana yürüş etdiyi xəbəri yayılır. Rzaqulu xan hər bir vəchlə bu xəbəri yalanlayaraq vaxt qazanmağa çalışsa da Osmanlı hökuməti elçinin bu cəhdlərini başa düşür.[3] Artıq 1730-cu il İran üçün Türkiyəyə qarşı hərbi əməliyyata başlamaq əlverişli şərait yaranmışdı. Əvvəla, bu dövrdə baş vermiş çevriliş nəticəsində III Sultan Əhməd taxtdan salınmışdı və Türkiyənin hakim dairələri daxili vəziyyətin nizama salınması ilə məşğul idi. İkincisi, Rusiya İrana hüsn-rəğbət bəsləyirdi. Şəraiti düzgün qiymətləndirən İran dövləti Osmanlı imperiyasına qarşı hərbi əməliyyatlara yenidən başladı.[4]

Müharibənin başlaması

[redaktə | mənbəni redaktə et]

Nəhavənd və Həmədanın geri alınması

[redaktə | mənbəni redaktə et]
Məlayir döyüşü zamanı orduların düzülüşü

İstanbula göndərilən elçidən xəbər ala bilməyən  Nadir xan 1730-cu ilin martında Şirazdan Əcəm İraqına doğru hərəkətə başlayır. Nadir xanın ordusu Şuştər, Dezful, Xürrəmabaddan keçərək Bürucirdə gəlir. Bundan sonra o ordusunun bir hissəsini Kirmanşaha göndərib, 6000 min nəfərlik digər qismi ilə Nəhavənd üzərinə yürüşə başlayır. Bir günlük yürüşdən sonra 1730-cu ilin iyul ayında Nəhavənd ələ keçirilirdi. Şəhər hakimi əsir götürüldü. Bu zaman Həmədan hakimi Əbdürrəhman paşa Van valisi Timurtaş paşa komandanlığında bir dəstəni Nadir xan üzərinə göndərdi. Tərəflər Məlayir adlanan ərzaidə qarşı qarşıya gəlir və Nadir Osmanlı ordusunu darmadağın edir. Nəticə də Osmanlı ordusu 7 iyul 1730-cu ildə şəhəri tərk edərək Bağdada çəkilir.[3]

Döyüşdən sonra Həmədan şəhərinə açılan yol

Kirmanşah və Təbriz üzərinə yürüşlər

[redaktə | mənbəni redaktə et]

Ordunun bir qismini Hüseynqulu xan Zəngənə rəhbərliyində Kirmanşah üzərinə göndərən Nadir xan onun məğubiyyət xəbərini eşidib böyük bir dəstə ilə Kirmanşaha doğru hərəkətə başlayır. Lakin Kirman hakimi Həsən Paşa Həmədan  və Nəhavəndin ələ keçirilməsi xəbərini alıb şəhəri çoxdan tərk etmişdi. Beləliklə Nadir heç bir müqavimət görmədən şəhərə daxil olur.

Osmanlı ordusunun Azərbaycandakı əsas dayaq nöqtələrindən biri Təbriz idi. İran ordusunun başında duran Nadir xan Əfşar qoşunlarını məhz oraya yönəltdi. Təbrizə hərəkət edərkən İran sərbazı Təbriz qarnizonuna yardıma gedən Osmanlı hissələrini məğlub etdilər. Osmanlı ordusu İrəvana tərəf geri çəkildi.

Tezliklə Nadir Təbrizə yaxınlaşdı. Ağır döyüşlər başlandı. Çoxsaylı düşmənin zərbələrinə tab gətirməyən Osmanlı qarnizornu şəhərə çəkildi və 6 gün ərzində İran ordusunun fasiləsiz hücumlarını dəf etdi. Lakin Osmanlı baş vəzirinin göstərişi ilə Təbriz tərk olundu. 1730-cu ilin sentyabrında İran ordusu Osmanlı qarnizonunun yerləşdiyi Ərdəbilə doğru hərəkət etmək qərarına gəldi. Bu xəbəri eşidən Osmanlı paşası kömək üçün həmin dövrdə Xəzərsahili vilayətlərdə yerləşən rus ordusuna müraciət etdi.[4]

Rus komandanlığının vasitəçiliyi nəticəsində Osmanlı hissələrlə heç bir itki vermədən Ərdəbili tərk edərək rusların hakimiyyəti altında olan Astarada sığınacaq tapdılar. Sonra isə Şirvandan keçərək Türkiyəyə yola düşdülər. İran ordusu isə heç bir müqavimətə rast gəlmədən Ərdəbili tutdu. Lakin hadisələrin gözlənilmədən dəyişməsi Nadirin Türkiyəyə qarşı uğurlu mübarizəsinə mane oldu. Xorasanda şah hökumətinə qarşı üsyan qalxdı və Nadir üsyanı yatırmaq üçün oraya yola düşməyə məcbur oldu.

Şah II Təhmasibin hücum əməliyyatları

[redaktə | mənbəni redaktə et]

Nadirin üsyanı yatırmaqla məşğul olmasından istifadə edən II Şah Təhmasib öz sarsılmış nüfuzunu bərpa etmək məqsədilə Osmanlılara qarşı hərbi əməliyyatlan davam etdirmək qərarına gəldi. 1731-ci ildə İran ordusu İrəvana tərəf hərəkət etdi. Lakin Üçmüədzində əldə olunan ilkin müvəffəqiyyətə baxmayaraq, Şah Təhmasibin ordusu məğlubiyyətə uğradı. Hətta şahın özü də az qala əsir düşəcəkdi. Aprelin ilk günlərindən II Təhmasib özünün məğlub edilmiş ordusu ilə Təbrizə qayıtmağa məcbur oldu. Həmin dövrün arxiv sənədlərində deyilirdi ki, "orduda aclıq hökm sürürdü və onun çoxlu adamı, atı və qatırı məhv olmuşdu".[4]

Osmanlı komandanlığı İran ordusu tərəfındən elə keçirilmiş torpaqları qaytarmaq qərarına gəldi. Türk qoşunu Təbrizə tərəf hərəkət etdi. Öz növbəsində Surxay xan 1731-ci il aprelin 24-də Əli paşadan Təbrizə getmək və Gəncədən buraya göndərilən türk ordusu ilə birləşmək haqqında əmr aldı. Osmanlı ordusu Cənubi Azərbaycan və İranda qələbə çalaraq ölkənin içərilərinə doğru uğurla hərəkət etdi. II Şah Təhmasib düşməni dayandırmaq üçün öz ordunu Həmədana göndərdi. Elə buradaca tərəflər arasında döyüş baş verdi. Sentyabrın 16-da baş verən və Kurican adlanan döyüşdə II Təhmasibin ordusu məğlubiyyətə uğradı. Kurican kəndində baş verən döyüşlə bağlı L.Lokhart yazır ki, «İran süvariləri türk atlılarının sıralarını 3 dəfə yarırlar, elə təsəvvür yaranır ki, Təhmasib çox asanlıqla qələbə əldə edəcək. Lakin yeniçərilər iranlıların piyadalarını, hansılar ki, hərbi cəhətdən daha səriştəsiz idilər, məğlub edərək, sonradan atlıları dəf edirlər. Təhmasib 3000 adamı ilə az qala təslim olmaq üzrə olur, lakin çətinliklə qaçıb aradan çıxa bilir. Onun minlərlə əsgəri öz həyatını itirir, sağ qalanlar isə o qədər ruhdan düşür ki, məyus halda evlərinə dağılışırlar. Türklər Təhmasibin silah-sursatını, o cümlədən artilleriyasını ələ keçirirlər»[2]

Kirmanşah müqaviləsi

[redaktə | mənbəni redaktə et]
Kirmanşah şəhəri

Beləliklə, İsfahana gedən yol Osmanlı ordusunun üzünə açılmış oldu. Lakin Əhməd paşa İran paytaxtını ələ keçirmək üçün lazımi qədər qüvvəsi olmadığını anlayaraq, tutulmuş ərazini talan etməklə kifayətləndi. Ağır məğlubiyyət qarşısında qalan II Şah Təhmasib Osmanlı Türkiyəsindən sülh sazişi bağlamağı xahiş etdi. İsfahandan uzaqda yerləşən Nadir bu xəbəri eşidib təcili olaraq II Təhmasibə məktub göndərdi və Türkiyə ilə sülh bağlamasını, torpaq güzəştə getməməsini tələb etdi. Lakin 1732-ci il yanvarın 16-da Kirmanşah şəhərində İranla Türkiyə arasında sülh bağlandı və şah ləngimədən onu təsdiq etdi. Həmin müqavilənin şərtlərinə görə, İrəvan, Gəncə, Tiflis, Şamaxı şəhərləri ilə birlikdə Şirvan vilayəti, habelə Dağıstan Türkiyənin ixtiyarında qalır, Təbriz və Kirmanşah İrana qaytarılırdı. Araz çayı göstərilən dövlətlər arasında sərhəd olmalı idi. Təbriz şaha qaytarılsa da, Nadirin qazandığı bütün uğurlar heçə endirildi.

Şah II Təhmasibin taxtdan endirilməsi

[redaktə | mənbəni redaktə et]

Xorasandan qayıdan Nadir xan şah Təhmasibin Türkiyə ilə son müqaviləsini tanımaq istəməyib onun qüvvədən düşmüş hesab olduğunu bildirdi. 1732-ci ilin avqustunda ordu komandanlarına arxalanaraq II Təhmasibi taxtdan devirdi. Nadirin göstərişi ilə saraydan Məşhədə sürgün edilən şahın gözləri çıxarıldı. Bir daha Nadirin işlərinə qarışmaması üçün səkkiz aylıq oğlu III Abbas adı ilə “şah” elan edildi. Uşağın adına xütbə oxunub sikkə kəsildi.[1] Tam əl-qolu açılan Nadir xan bütün dövlət İşlərini öz əlinə alıb, faktiki olaraq İran dövlətinin tam səlahiyyətli hökmdarı oldu.[4]

Osmanlılara qarşı yeni müharibənin başlaması

[redaktə | mənbəni redaktə et]

Nadir ilk növbədə II Təhmasiblə Osmanlı komandanlığı arasında bağlanmış 1732-ci il müqaviləsinin şərtlərini ləğv etdi. O, 1723-cü ildən bəri işğal etdiyi bütün torpaqları Səfəvilərə qaytarmağı Osmanlıdan təkid və qətiyyətlə tələb etdi. Osmanlının bu tələbi yerinə yetirməkdən imtina etməsi Nadirin başçılığı altında Səfəvi qoşunlarının Osmanlı ordusuna qarşı güclü hərbi əməliyyatlara başlamasına səbəb oldu. Ölkənin şərqində GılzayAbdal təhlükəsini aradan qaldırıb, bu bölgənin təhlükəsizliyini təmin edən Nadirin HəmədanTəbrizin alınmasıyla Osmanlı dövlətinə qarşı qazandığı uğurlar onu olduqca güclü bir mövqeyə gətirmişdi. Təhmasib devrildikdən sonra dövlətin bütün işlərinin ixtiyarı Nadirin əlinə keçirsə də, o, Osmanlılara qarşı müharibəni Bəxtiyari diyarında baş verən qiyam səbəbindən dərhal başlaya bilmir. 1732-ci il 19 oktyabrda Bəxtiyari diyarına yürüşə çıxan Nadir yalnız 10 dekabrda qısa mühasirə nəticəsində Osmanlıların tərk etdikləri Kirmanşahdan Osmanlı sərhəddinə hərəkət edir. Samirə, Xilə, Kərbəla, Nəcəf və digər yerlər zəbt edilir. Nadirin ordusu Bağdada doğru irəliləyir.

Bağdad üzərinə yürüşlər

[redaktə | mənbəni redaktə et]

Nadirin Bağdada yönəlməsinin ən əsas səbəblərindən biri İraq ərazisində yerləşən Bağdad, Mosul, Hələb şəhərlərindən keçən, oradan isə Avropaya qədər uzanan Aralıq dənizi ətrafı ticarət yollarını , o cümlədən Osmanlı dövləti ilə Səfəvilər arasında böyük bir önəmə sahib olan Hac ticarət yollarını öz nəzarətinə keçirmək istəyi idi. Bundan başqa şiəliyin müqəddəs ziyarətgah yerlərini yenidən Səfəvi dövlətinin tərkibinə daxil etmək istəyi də bu səfərin əsas məqsədlərindən biri idi. 1733-cü ilin yanvar ayında başlayan yürüş zamanı Nadir əsgərlərinin bir hissəsini İmamı Əzəmin qəbrini qorumaq üçün təyin etdikdən sonra 2500 nəfərlik digər bir dəstə ilə Dəclə çayının qərbinə keçdi. Ertəsi gün 1500 nəfərlik başqa bir dəstə Nadirin ordusuna qoşuldu və Bağdada doğru hərəkətə başladılar. Səfər zamanı Samirə, Xilə, Kərbəla, Nəcəf və digər yerlər zəbt olundu. Bu şəhərlərin ələ keçirilməsi ilə Bağdadın ətrafla əlaqəsi kəsildi. Lakin Nadirin bu yürüşü istənilən nəticəni verə bilmədi. Bağdad türk ordusu tərəfindən yaxşı müdafiə olunurdu. Bundan başqa Nadirin ordusunda hücum üçün nəzərdə tutulan iri toplardan yoxidi. Bağdad şəhəri 88 gün mühasirəyə alınsa da bu əməliyyatlar heç bir nəticə vermədi. Nadir ordusunun ¾ -nü itirdi.[5]

Kərkük döyüşü

[redaktə | mənbəni redaktə et]
Kərkük döyüşü

Dücum döyüşü adlanan bu mübarizədən sonra Nadir Mendeliyə gələrək yeni döyüşün hazırlıqlarına başladı. O bu məğlubiyyətin Təhmasibi tatdan endirmiş bir liderin İrandakı nüfuzuna xələl gətirə biləcəyindən narahat idi. Buna görə də həm Dücumdakı məğlubiyyətin qisasnı almaq həm də Topal Əhməd paşa rəhbərliyindəki Osmanlı qoşunu ilə yenidən qarşılaşmaq məqsədilə HƏmədan şəhərinə- Osmanlı sərhəddinə doğru yürüşə başladı.  Laylan düzündə baş verən döyüşdə (digər adı ilə Kərkük döyüşü) (24 oktyabr, 1733) Nadir taktiki fəndlər sayəsində qələbə çaldı. Topal Əhməd öldürülərək başı kəsildi. Osmanlı ordusu 20 min nəfər itki ilə üzləşdi. Bu qalibiyyətdən sonra Şəhrizor, KərkükDerna şəhərlərini ələ keçirən Nadir ordusunun bir qismini yenidən Bağdad üzərinə göndərib özü isə Təbrizi geri almaq üçün şimala doğru hərəkətə başladı. Lakin yolda Timur paşanın geri çəkildiyini və Təriz şəhərinin Səfəvi ordusu tərəfindən tutulduğu xəbərini eşidib, Bağdada qayıtdı.[3] Bağdad valisi Əhməd paşa mübarizənin mənasız olduğunu başa düşüb Nadirə sülh təklif etdi. Beləliklə, 1733-cü ildə Bağdad şəhərində Nadir və başda Əhməd paşa olmaqla Osmanlı komandanlığı arasında hərbi əməliyyatları dayandırmaq haqqında müqavilə imzalandı. Bağdad müqaviləsinin şərtlərinə görə, Türkiyə tərəfi, son on ildə işğal etdiyi bütün torpaqları İrana qaytarmağı öhdəsinə götürdü. Müqavilədə iki dövlət arasındakı sərhədi 1639-cu il Osmanlı-Səfəvi müqaviləsinə uyğun müəyyənləşdirmək nəzərdə tutulurdu. Lakin Osmanlı hökuməti müqaviləni təsdiq etməkdən hoyun qaçırdı. Bununla əlaqədar iki dövlət arasında döyüşlər yenidən başlandı[2].

Nadirin Şimali Azərbaycana yürüşü

[redaktə | mənbəni redaktə et]

Əhməd paşa ilə bağladığı (19 dekabr, 1733) müqavilənin ratifikasiya olunmadığını və zəbt olunmuş ərazilərin geri qaytarılmadığını görən Nadir 14 iyun 1734-cü ildə türk sərhəddinə doğru hərəkətə başlayır. Nadirin öz marşrutunu dəyişib, Şirvana doğru irəliləməsinin «əsas, bəlkə də yeganə» səbəbi kimi, L.Lokhart, gürcü tarixçisi Vaxuşt Baqrationiyə istinadən «yola düşməzdən əvvəl Rusiyadakı İran casusundan rus hökumətinin Gürcüstanın eks hakimi Vaxtanq və onun oğlu Bakara Dərbəndə hərəkət etmək, buradan da Şamaxıya hərəkət edib, oranı zəbt və Kartlini Rusiya üçün işğal etmək əmri verdiyi barədə xəbər almasını» göstərir F.Əliyev isə yazır ki, «Şirvanda Surxayın və ümumiyyətlə, Zaqafqaziyada türklərin hökmranlığına son qoymaq üçün Nadirqulu xan 14 iyun, 1734 tarixdə Əfqanıstandan Azərbaycana doğru yeni yürüşə başladı. Demək olar ki, bütün Cənubi Azərbaycanı Osmanlı ordusunda təmizləyən Nadir Cənubi Qafqazda, ilk növbədə isə, Türkiyənin formal himayəsi altında özünü sərbəst aparan Surxay xanın hakimlik etdiyi Şirvanda Osmanlı hökmranlığına son qoymaq qərarına gəldi. İran ordusunun yaxınlaşdığını eşidən Surxay xan Şamaxını tərk edib Dağıstana çəkildi. Bir zülmkardan xilas olub, digər yadelli işğalçı əsarətinə düşmək istəməyən şamaxılılar əllərində silah doğma şəhərlərinin müdafiəsinə qalxdılar. Lakin iki aylıq mühasirədən sonra sayca üstün olan düşmən qələbə çaldı və şəhərə soxuldu. 1734-cü ilin sonunda Şamaxını ələ keçirdikdən sonra Nadir əhalilinin gələcəkdə gözlənilən müqavimətini qırmaq üçün şəhəri yerlə yeksan etməyi, onun sakinlərini isə sonralar "Yeni Şamaxı" adı ilə şəhərə çevrilən Ağsuya köçürməyi əmr etdi. Şamaxının işğalından sonra İran ordusu Surxay xanın gizləndiyi Qazıqumuxa doğru hərəkət etdi. Müqavimət göstərmək imkanı olmayan Surxay xan özünü qaçmaqla xilas etdi. Qazıqumux İran ordusu tərəfindən qarət edilib dağıdıldı.

Nadir öz ordusunu buradan Gəncəyə doğru apardı. Türklərdən və Krım tatarlarından ibarət olan Əli paşa və Krım sultanı Gərayın başçılıq etdiyi Gəncə qarnizonu ciddi müqavimət göstərirdi. Mühasirə 4 ay davam etdi. Lakin Gəncə ətrafında uzun müddət dayanmaq Nadirin Cənubi Qafqazda Osmanlı qoşunu ilə mübarizə planlarını poza bilərdi. Həm də Osmanlı ordusunun Cənubi Qafqazın qərbində fəallaşması haqqında xəbərlər gəlirdi. Nadir Gəncədə Osmanlı qarnizonunu və xüsusilə hələ də rus ordusunun əlində olan Xəzərsahili vilayətləri buraxıb qərbə tərəf hərəkət etmək istəmirdi. Gəncənin mühasirəsi elə bir çətinlik törətmirdi. Çünki mühasirədə olan türk qarnizonu heç yerdən kömək və ərzaq ala bilməzdi. Vəziyyət o vaxt pisləşə bilərdi ki, Nadirin olmamasından istifadə edən Xəzər sahilindəki rus hakimiyyət dairələri Osmanlı qarnizonuna yardım göstərsinlər. Məhz buna görə də Nadir rus ordusunun Xəzərsahili vilayətlərdən getməsi haqqında Rusiya dövləti ilə çoxdan başlanmış danışıqları başa çatdırmaq qərarına gəldi. Beləliklə, 1735-ci il martın 21-də Gəncə ətrafında Rusiya və İran dövlətlərinin nümayəndələri arasında sonralar "Gəncə müqaviləsi" adını almış müqavilə imzalandı. Bu müqavilənin şərtlərinə əsasən, rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk edir, burada əvvəlki inzibati idarə bərpa olunurdu.

Müharibənin başa çatması

[redaktə | mənbəni redaktə et]
Osmanlı ordusunda döyüşən Krım tatarı

Böyük qüvvə sərf etmədən Xəzərsahili vilayətləri ələ keçirən Nadir xan Cənubi Qafqazda Osmanlı ağalığına qarşı həlledici döyüşlərə başladı. May ayının 6-da Gəncəni tərk edərək Alaköyə doğru hərəkət etdi. 24 may 1735-ci ildə 12 min nəfərlik ordu ilə Qars şəhəri yaxınlığında öz mövqeyini aldı.[6] Digər tərəfdən Osmanlı sərəsgəri Abdullah paşa bu xəbəri eşidərək Van valisi Teymur paşadan yardım istədi. O 30 minlik qoşunla Nadir üzərinə yerisə də Qars ətrafı ilk döyüşdə məğlub edildi. Osmanlı ordusu Ərzuruma doğru geri çəkildi. Nadirin ordusu şəhəri mühasirəyə alsa da, ələ keçirə bilmədi. Çox keçmədən mühasirəni yarımçıq qoyub İrəvana doğru yola düşdü. Nadirin Qars qalasından uzaqlaşdığı xəbərini eşidən sərəsgər Abdullah Paşa 18 iyun 1735-də 80 minlik qoşunla onun üzərinə hücuma keçdi. Nəticədə İrəvan şəhəri yaxınlığında Arpaçay adlanan yerdə baş verən döyüşdə də Nadir xanın ordusu qalib gəldi. Döyüşdə sərəsgər Abdullah paşa öldürüldü, Osmanlı ordusu isə böyük itki verdi. Arpaçay döyüşündən sonra Gəncə, Tiflis, İrəvan şəhərləri Nadir xan ordusu tərəfindən tamamilə ələ keçirildi. Bundan sonra ikinci Qars yürüşünə hazırlıq görməyə başladı. Daha sonra Nadir yenidən Qarsa doğru  hərəkət edib , bir ay buranı mühasirədə saxladı, şəhərin su kəməri kəsildi, Arpa caydan Ərzuruma qədər vilayətlər talan edildi . Lokhart yazır:

«Nadirin Anadoluya olan iddialarından, habelə Rusiyanın hərəkətlərindən narahat olan Osmanlılar Səfəvilərə sülh şərtlərini təklif edir. Nadir nəinki bütün İran vilayətləri və şəhərlərini... qaytarır, hətta müharibənin Türkiyə ərazisinə keçməsinə nail olur»

İranla danışıq aparmaq səlahiyyəti almış Əhməd paşa Nadirin yanına elçi göndərib İrəvanı təslim etməklə, sülh bağlamağı təklif edir. Lord Kinnoul öz raportunda məlumat verirdi ki, «Nadir Qarsı mühasirədə saxladığından bu qalanın da təhvil verilməsini, İran ərazilərinin Türkiyə tərəfindən işğal edildiyi vaxtdan indiyədək vurulan zərərə görə təzminat ödənilməsini tələb edir». Lakin o, tezliklə Qarsa olan iddiasından əl çəkir, Əhməd paşa İrəvanı təslim edir və şəhərin qapıları 3 oktyabrda iranlıların üzünə açılır. Məlum olduğu kimi, Rusiya Xəzərboyunu «İran, Rusiya ilə ittifaqda Türkiyəyə qarşı mübarizəni davam etdirəcəyi və onunla separat sülh bağlamayacağı şərtilə razılığa gəlmişdi (Gəncə müqaviləsi, 1735). Lakin bu şərt Nadir tərəfindən ...pozulur; 1736-cı ildə Ərzurumda Türkiyə ilə sülh bağlanır...»

  1. 1 2 Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
  2. 1 2 3 Dadaşova, Rəhimə. Səfəvilərin son dövrü (ingilis dilli tarixşünaslıqda). Bakı: Nurlan nəşriyyat. 2003.
  3. 1 2 3 Ateş, Abdurrahman. AVŞARLI NADİR ŞAH VE DÖNEMİNDE OSMANLI-İRAN MÜCADELELERİ. Isparta. 2001.
  4. 1 2 3 4 Azərbaycan Tarixi III cild. Bakı: Elm nəşriyyatı. 2005.
  5. Yıldırım, Alper. I. MAHMUD DEVRİ OSMANLI-İRAN İLİŞKİLERİ. Eskişehir: Eskişehir Osmangazi Üniversitesi. 2017.
  6. "The Army of Nader Shah" (PDF). 2016-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-22.
  • Azərbaycan Tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. "Elm". 2007. 592 səh. + 56 səh. illüstrasiya.
  • R.İ.Dadaşova. Səfəvilərin son dövrü (ingilisdilli tarixşünaslıqda). Bakı. «Nurlan». 2003. 393 səh.
  • J. R. Perry, “The Last Safavids, 1722-1773”. Iran IX. 1971.
  • S.Əliyarlı. Azərbaycan tarixi ( Uzaq keçmişdən 1870-ci ilə qədər). Bakı. «Azərbaycan». 1996. 869 səh