Səntur
Səntur | |
---|---|
Hornbostel–Zaks təsnifatı | 314.122-4 |
Audio nümunəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Səntur — toxmaqla çalınan alətdir. Toxmaqla çalındığına görə, həm simli, həm də zərb musiqi aləti sayılır. İranda bu alətin bir qədər kiçik - diatanik növü indi də istifadə olunur. Azərbaycanda isə XIX əsrə qədər istifadə olunub. Sənturun ən qədim növü Şumer mədəniyyətinə qədər gedib çatır.[1]
Yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Sənturun bu alətlərdən başlıca fərqi onun iki yüngül ağac toxmaqla (mizrabla) çalınmasıdır. Ona görə də səntur həm də zərb musiqi aləti sayılır.
Etimologiya
[redaktə | mənbəni redaktə et]Səntur haqqında R. Yektabəy yazır: "Bu çalğı aləti çox qədim olub, "Tövrat"da "psanterin", "zəbur" adlandırılır. Səntur kəlməsi bunun başqa bir şəklidir" [2].
Tarixçə
[redaktə | mənbəni redaktə et]Əfsanəyə görə, Davud peyğəmbər bir sıra musiqi alətlərinin, o cümlədən sənturun yaradıcısı olmuşdur. Yatıq sazların müxtəlif növləri, əsasən, Şərq və Qərb ölkələrində geniş yayılmışdır. Ən qədim və sadə nümunələrinə Tuva və Xakas xalqları arasında rast gəlmək olar. Bu növ alətlər ruslarda "qusli", belarus və moldovalılarda "simbal", çuvaşlarda "kyesli", tatarlarda "quslya", estonlarda "kannel", gürcülərdə "santuri", özbəklərdə "çəng" və s. adlar daşıyır. Avropalılar çağdaş sənturu “dulçimer” adlandırırlar. “Dolçe“ kəlməsi "şirin" mənasında, “melos“ isə "melodiyalı, nəğməli" mənasındadır.
Nizami Gəncəvi öz əsərində, Davuda “Zəbur”u tərif edərək, fikrini belə ifadə etmişdir.
Könlümün evini nurunla bəzət!
Sənin tərifinə dilimi öyrət!
Davud tək könlümü təzələ hər an,
Qalsın Zəmburumun şöhrəti haman [3].
Xaqani Şirvani isə zəmburun xoş avazını belə tərənnüm etmişdir.
Nurdan yaranmışdır nitqi nəfəsi
“Zəbur” nəğməsidir şirin nəğməsi [4].
1920-ci ildə Azərbaycanda bolşevik mədəniyyətinin gücləndiyi bir dövrdə onlarla mədəni-tarixi abidələr uçurulub, dağıdıldı. Kechmişlə əlaqədar nə var idisə, hər şey demək olar ki, şübhə altına alındı. Chalğı alətlərinin şahı olan tarın çalınması qadağan olunanların sırasına düşdü. O cümlədən də xalq arasında ara-sıra təsadüf edilən bir sıra alətlərin unudulması sürətləndi. Məhz santur da beləcə unuduldu.
Ella Zonis "Klassik fars musiqisi" əsrlərində K. Zaksın fikrinə əsaslanaraq bildirir ki, «Orta Şərq musiqi alətlərinin əksəriyyətində zidd olaraq, sitranın (santurun) heç bir növü antik dövrə aid edilə bilməz». Müəllif hesab edir ki, səntur ilk dəfə XI əsrin İran şairi Mənuçöhr tərəfindən musiqi alətlərində çalan müxtəlif quş növlərinin təsvir edildiyi poemada meydana çıxmışdır. Alətin özü isə Səfiəddin Urməvinin "Kitab əl-ədvar" əsərinə qədər təsvir edilməmişdir. Əsərdə verilən şəkildə santur dzübucaqlı olub, "nüzxə" adlandırılmışdır.[5]
Növləri
[redaktə | mənbəni redaktə et]Coğrafiyasına görə, 4 cür olur:
- Azərbaycan sənturu
- İran sənturu
- Türk sənturu
- Kəşmir sənturu [6].
Osmanlı türklərində 2 növ səntur mövcuddur: alafranqa və türk sənturları. Quruluşuna, çalğı tərzinə, səs düzümünə və başqa cəhətlərinə görə sənturun bu növləri bir-birinə çox yaxındır.
Xərəklərin sayına görə, iki cür sənturlar olur:
- doqquz xərəkli
- on iki xərəkli.
72-simli səntur cəmi 18 xərəklidir: yəni hər tərəfində 9 xərək mövcuddur və onların hər birinin üzərindən dörd sim keçir. Bu quruluşda aləti doqquzxərəkli səntur adlandırırlar. Hər dörd sim bir xərəkdə köklənir və eyni səs verir. Balkan ölkələrində orkestrlərdə bu sənturdan istifadə edilir.
Son zamanlar doqquz xərəkdən artıq sənturlar da hazırlanır. Bu xərəklərin sayı on ikiyə çatır. On iki xərəkli sənturların üstünlüyü çoxdur: səs imkanı daha genişdir, səsi gur olur və köklərini asanlıqla dəyişdirmək olur. 9-xərəkli sənturun səs düzümü üç oktavadır, 12-xərəklininsə üç yarım (yəni do notundan sol notuna qədər). Hər iki növ sənturu orkestrda birgə ifa etmək olur. Amma əlləri qısa adamlara on iki xərəkli sənturda ifa etmək çətin gəlir, çünki onların əlləri yuxarı simlərə çatmır.[7]
Səvəndər - yastı sandıqca şəklində, təknəsi üzərində 16-dan 24-ə qədər polad simi olan zərbli, simli musiqi aləti. Zahiri görünüşü etibarı ilə santura çox bənzəyir. Səvəndəri də santur kimi iki nazik çubuqla simlərin üzərinə vuraraq səsləndirirlər [8].
Quruluşu
[redaktə | mənbəni redaktə et]9 xərəkli diatonik səntur (və ya İran sənturu ) hazırda İranda, Cənubi Azərbaycan ərazisində geniş yayılmışdır. 9 xərəkli dedikdə, alətin bir tərəfinin xərəkləri nəzərdə tutulur; əslində, alətin 18 xərəyi (9-9) vardır. Azərbaycan sənturu isə xromatik səsdüzümünə malikdir, bu da ifaçılıq baxımından geniş imkanlar verir [9].
Digər növü 24 xərəkli sənturdur (12-12). Bu səntur isə şərti olaraq xromatik alət növünə aid edilir. İranda bu alətin irihəcmli həmnövlərinə bəm sənturlarına rast gəlinir. Səntur xarici görünüşünə görə trapesiyaşəkilli taxta qutuya oxşayır. Alət çərçivədən, üst və alt taxta qapaqlardan ibarətdir. Bütün hissələri seçmə növ qoz ağacından hazırlanır. Aşıq və simgirlər metaldan olur. Alt taxtası 7 mm, üst hissəsi isə 5 mm qalınlığında bütöv bir lövhədən ibarətdir.
12 xərəkli sənturun ümumi uzunluğu 892 mm, eni 315 mm, hündürlüyü 69 mm-dir. Simlər metaldan olur. Hər bir xərəkdən 4 eyni kökdə sim keçir. Simlərin ümumi sayı 96-dır. Səntur transpozisiya olunmayan alət sayılır. İfaçılar arasında, əsasən, üç adda alət işlədilir: sol, lya və si köklü sənturlar.
12 xərəkli sənturun diapazonu böyük oktavanın "mi" səsindən ikinci oktavanın "lya #" səsinə kimidir. 9 xərəkli sənturun diapazonu kiçik oktavanın "rpi" səsindən birinci oktavanın "re" səsinə kimidir.[10]
A. Şabani sənturun quruluşu barədə yazır: “Xərəklərin altında (yəni sənturun boş qutusunun içində) iki cərgə şaquli taxta olur ki, alətin səsinin gurluğu onların sayından asılıdır. Sənturu iki uzun taxta çəkiclərlə çalırlar. Çəkiclər tut, yaxud şümşad ağacından hazırlanır. Çakiclərin uzunluğu təqribən 20 sm olur. Onların ucu aypara şəklində, arxası isə yumru olur. Ifa zamanı onu orta, şahadət və baş barmaqla tuturlar.
Səntur düzəltməkdə xüsusi məharəti olan mərhum Əbülhəsən Səba doqquz xərəkli səntur hazırlamaq üçün çoxlu tövsiyələr etmişdir və doqquz xərəkdən artıq xərəkli səntur düzəldilməsi ilə razı deyildir. Onun yetirmələri də həmin fikirdədirlər. Ağayi Hüseyn Dehli (Iran musiqi ustadlarındandır) milli musiqi orkestrlərində bu alətdən istifadə etməsi üçün əvəzolunmaz bir işə başladı. Onun rəhbərliyi altında Tehran Konservatoriyasında iki növ sənturlar düzəldilmişdir: xromatik və dəm səsli.
Hazırlanma qaydası
[redaktə | mənbəni redaktə et]Çağdaş İranda sənturun hazırlanma qaydası belədir. Səntur qoz ağacından hazırlanır. Böyük tərəfinin uzunluğu 90 sm, kiçik tərəfininsə 36 sm, eni 38 sm, hündürlüyü 17 sm olur. Alətin üst üzünün qalınlığı 6 sm, alt üzünün qalınlığı isə 9 sm-dir. Səsin gur olması üçün üç səslik açılır. 72 sim iki cərgədən keçərək qarşıdakı yetmiş iki qulaqcığa bağlanır. Simlərin qalınlığı eyni olur. Səsin zil, ya bəm olması simin uzunluğu ilə bağlıdır, ancaq qulaqcıqlarla simləri sıxıb və yaxud boşaltmaqla səsin zil ya bəm səslənməsinə nail olmaq olur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Qədim musiqi alətlərimiz zəngin mədəni tariximizi əks etdirir". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-30.
- ↑ Fuad Əzimli. Musiqi alətlərimizin adları. Bakı, Təfəkkür, 2004, s. 127.
- ↑ Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı, 1983, s. 376.
- ↑ Xəqanı Şirvani. Seçilmiş əsərləri. Bakı, 1987, s. 41.
- ↑ Məcnun Kərimov. Azərbaycan qədim simli musiqi alətləri: Səntur. Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine "Musiqi dünyası" jurnalı.
- ↑ Abbasqulu Nəcəfzadə. Çalğı alətlərimiz Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Bakı, 2004.
- ↑ "Təranə Əliyeva. Azərbaycan qanunu və dünyanın yatıq simli alətləri. "Musiqi dünyası" jurnalı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-31.
- ↑ "Muğam Ensiklopediyası - Sevəndər". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-31.
- ↑ Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine. Bakı, 2004.
- ↑ "Azərbaycan ənənəvi musiqi atlası - Səntur". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.