Uğurlu Məhəmməd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Uğurlu Məhəmməd
Şəxsi məlumatlar
Doğum tarixi 1442
Vəfat tarixi 1477
Vəfat yeri
Atası Uzun Həsən
Həyat yoldaşı
Uşağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uğurlu Məhəmməd (14421477, Ərzincan) — Ağqoyunlu sultanı Uzun Həsənin oğlu, Ağqoyunlu şahzadəsi.

1442-ci ildə dünyaya gəldi.[1][2] Atası Ağqoyunlu sultanı Uzun Həsən, anası isə kürd əsilli Əgil hakimi Dövlətşah bəy Bulduqaninin qızıdır. Uşaqlıq və gənclik illəri barədə yetərli məlumat yoxdur. Haqqındakı ilk məlumat isə 1458 tarixli Gürcüstan səfərinin ardından Qarahisar qalasının fəth edilməsi və Uğurlu Məhəmmədin bura hakim təyin edilməsiylə bağlıdır.[3][4] Qısa müddət sonra Şahzadə Bəyazid əmrindəki Osmanlı ordusu Qarahisara hücum tərtibləsə də, mərkəzdən göndərilən dəstək qüvvələrlə Uğurlu Məhəmməd qalanı müdafiə etdi.[5] Çox keçmədən Fars vilayəti valisi təyin olundu.[6]

Hərbi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Ağqoyunlu-Osmanlı münasibətlərini gərginləşdirən Trabzon məsələsinin daha da önəm qazanmasının ardından 1459-cu ildə Uğurlu Məhəmməd Sivas yaxınlığındakı Qoyluhisar qalasının fəth edilməsiylə vəzifələndirildi. İlk başda qala təslim alınsa da, Uğurlu Məhəmmədin fəthin ardından Qarahisara çəkilməsi səbəbilə 20 minlik Osmanlı ordusu qalanı yenidən ələ keçirdi.[7]

1462-ci ildə Həsənkeyfin fəthində iştirak edən Uğurlu Məhəmməd ardından Qaraqoyunlularla mübarizəyə başladı. 1467-ci ildə baş tutan Muş döyüşünün ardından Qaraqoyunlu mülkləri sırayla ələ keçirilməyə başlandı. İlk başda tabe olduğunu bildirən ancaq mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçıran Qaraqoyunluların Bağdad valisi Alpavut Məhəmməd bəyin üzərinə göndərilən Uğurlu Məhəmməd 2 minlik birliklə bölgəyə gəlsə də, buna müvəffəq ola bilmədi. Atasına bölgədə güclü müqavimətlə qarşılaşdığını və Anadoludan öncə Bağdadın fəth edilməsinin mühüm olduğunu bildirdi.[1]

1468-ci ildə atasının əmriylə Cuşin bölgəsinə göndərilən Uğurlu Məhəmməd Cahanşahın qətlindən sonra taxt mübarizəsi aparan Həsənəli mirzə və onu dəstəkləyən Əbu Səid Teymuriylə mübarizəyə başladı. Nəticədə onları dəstəkləyən yerli Çaxırlı/Cakirli tayfasının böyük bir qismi qılıncdan keçirildi. Yerli dəstəyini itirən Həsənəli mirzə isə həmin il baş tutan Xoy döyüşündə məğlub edildi və nəticədə Qaraqoyunlu dövləti süqut etdi.[8] Döyüş meydanından qaçan Həsənəli mirzəni təqib edən Uğurlu Məhəmməd 1469-cu ilin aprelində Həmədan yaxınlığında onu ələ keçirərək öldürdü.[2][4]

Həmədandan Şiraz istiqamətinə göndərilən Uğurlu Məhəmmədin növbəti vəzifəsi isə atasının vəzirlərindən Pirəli bəy Baharlıyla birləşərək hakimiyyət iddiasına qalxan və daha əvvəl Səncəq döyüşündə ələ keçirilərək Uzun Həsən tərəfindən kor edilən Yusif mirzənin zərərsizləşdirilməsi oldu. Luristanda bir çox talan və hərbi qənimət qazanan Yusif mirzə məğlub edildi və qaçdığı Şiraz şəhərində ələ keçirilərək 22 oktyabr 1469-cu ildə Uğurlu Məhəmməd tərəfindən öldürüldü.[9] Bu vəzifəsinin ardından İsfahan valisi təyin edilən Uğurlu Məhəmməd qısa zamanda vəzifə yerinə yola çıxdı.[10] Burada uzun zamandır səfərlərdə olan ordusunu təkmilləşdirdi və yerli əhalinin ehtiyaclarını qarşıladı.[8]

Əbu Səid Teymurinin ölümünün ardından Ağqoyunluların dəstəyilə oğlu Məhəmməd Yadigar taxta çıxmışdı. Ancaq qısa müddət ərzində Sultan Hüseyn Bayqara tərəfindən öldürüldü. Buna cavab olaraq Uzun Həsənin əmriylə Astrabada yollanan Uğurlu Məhəmməd Heratın fəthiylə vəzifələndirildi. Ancaq Ağqoyunluların bölgəyə gəlişini xəbər tutan Sultan Hüseyn Bayqara dərhal elçi göndərərək tabeliyini bildirdi. Tərəflər arasında sülhün təmin olunmasıyla Uğurlu Məhəmməd yenidən İsfahana qayıtdı.[2]

Osmanlılarla mübarizə

[redaktə | vikimətni redaktə et]

Ertəsi il (1472) Uzun Həsən tərəfindən Ağqoyunlulara qarşı Osmanlıları dəstəkləyən Məmlüklər üzərinə göndərilən Uğurlu Məhəmməd Fərat çayını keçərək Birəcik qalasını talan etdi və Sivasa çəkildi. Ancaq bölgəyə gələn Məmlük komandanı Yaşbeq tərəfindən məğlub edildi və tarixçi İbn İyasın yazdığına görə, Birəcik mühasirəsi əsnasında Uzun Həsənin oğullarından biri ağır yaralandı, bir digəri isə gözündən yaralandı. Burada qeyd olunan digər Ağqoyunlu şahzadəsinin kimliyi isə bilinmir.[11] Nəticədə Birəcikdən geri çəkilən Uğurlu Məhəmməd əmrindəki Bektaş oğlu Ömər bəylə birlikdə ola biləcək hər hansısa Osmanlı hücumuna qarşı tədbir görməklə vəzifələndirildi.[5] 1473-cü ilin iyulunda tərəflər Ərzincan yaxınlığında qarşı-qarşıya gəldilər. 4 avqustda baş tutan döyüşdə Osmanlı ordusu məğlub edildi və orduya rəhbərlik Xas Murad Paşa qaçarkən Fərat çayında boğularaq öldü.[12] Döyüş zamanı ordunun böyük bir qismi qılıncdan keçirildi və Turhanoğlu Ömər bəy, Aydınoğlu Hacı bəy, Molla Fənarinin oğlu Əhməd Çələbi kimi mühüm əmirlər əsir alındı. Bu qələbənin ardından şöhrət qazanan Uğurlu Məhəmməd Osmanlı ordusunun təqib edilməsini təklif etsə də, Uzun Həsən tərəfindən geri çağırıldı.[13]

Bir neçə gün sonra - 11 avqust 1473-cü ildə baş tutan Otluqbeli müharibəsində ordunun sol qolunda olan Uğurlu Məhəmməd ehtiyyat birlik olaraq Tərcan dağı ətəklərində möhkəmləndi. Ancaq Venesiyanın vəd etdiyi alovlu silahların gətirilməməsi nəticəsində Ağqoyunlular müharibədə məğllub oldular. Qardaşı Zeynal mirzənin öldürülməsiylə ordunun sağ qolu dağıldı və bütün Osmanlı birliyi Tərcan dağında gözləyən Uğurlu Məhəmmədin üzərinə hücuma keçdi. Atası Uzun Həsənin də döyüş meydanından qaçmasının ardından Uğurlu Məhəmməd geri çəkilməyə məcbur oldu.[14]

Otluqbeli müharibəsindəki məğlubiyyət və Uzun Həsənin Gürcüstan səfərindən xəstələnərək geri dönməsinin ardından vəliəh olaraq görülən böyük qardaşı Xəlil mirzəylə taxt mübarizəsinə başladı. Vəliəhdin anası Səlcuqşah bəyimin Uzun Həsəni oğluna qarşı təhrik etməsi nəticəsində Uğurlu Məhəmməd 1474-cü ildə Şiraz valiliyindən alınaraq Bağdada göndərildi.[8] Ancaq bu dəfə can qorxusuna düşən Uğurlu Məhəmməd Bağdada çatar-çatmaz, o əsnada Sultaniyə yaxınlığında olan atasına qarşı üsyana başladı. Həmin ilin avqustunda atasına qarşı Hələb valisindən dəstək istədi və ordan göndərilən dəstək birliklərlə atasının ordusuna hücum etdi. Ancaq bu hücumda məğlub oldu və ağır yaralandı. Ata-oğul arasında barışığı təsis etməsi üçün şahzadənin anası sentyabr ayında Hələbə gəldi və Hələb valisiylə danışıqlar apardı. Daha sonra ögey qardaşı Maqsud mirzəylə Qəsri-Şirində görüşən Uğurlu Məhəmməd onun yardımıyla Şiraza hücum etdi və buradakı əhalidən xərac topladı. Atası Uzun Həsənin böyük oğlu Xəlil mirzəylə birlikdə bölgəyə gəlməsi xəbərini alan Uğurlu Məhəmməd bu dəfə Amasiya sancaqbəyi olan Osmanlı şahzadəsi Şahzadə Bəyazidə elçilər göndərərək yardım istədi. Əvvəlcə ailəsini Sivasa göndərən Uğurlu Məhəmməd daha sonra əmrindəki 300 nəfərlə birlikdə şəhərə daxil oldu. Bir müddət burada qalan Uğurlu Məhəmməd Osmanlı sultanı II Mehmedin dəvətiylə İstanbula yollandı. Burada olduqca mehriban qarşılanan Uğurlu Məhəmmədə hədiyyələr verildi. Hətta II Mehmed qızlarından Gövhərxan Sultanı onunla evləndirdi.

Əmrinə verilən Osmanlı əsgərləriylə birlikdə yenidən Sivasa göndərilən Uğurlu Məhəmməd, atasının yayılan yalançı ölüm xəbərlərini eşidər-eşitməz İstanbula məlumat vermədən Təbrizə doğru yola düşdü. Ancaq Ərzincana gəldiyi əsnada bu xəbərlərin yalan olduğunu anladı və burada atasının ordusuyla qarşılaşdı. 1477-ci ilin yayında Ərzincan yaxınlığında baş tutan döyüşdə oxla vurularaq öldürüldü.[15] Başı kəsilən şahzadənin bədəni Ərzincanda dəfn edildi və üzərində türbə inşa olundu.[16]

  • Adı bilinməyən bir xanımı, Hüseyn mirzənin anasıdır. Ərinin öldürülməsinin ardından oğlu Hüseyn mirzəylə birlikdə Qahirəyə qaçdı və Məmlük sultanı Qayıtbəyə sığındı. Oğlunun ölümündən sonrakı həyatı bilinmir.
  • Adı bilinməyən bir xanımı, dayısı II Əmir İsa Bulduqaninin qızı, Mahmud mirzənin anasıdır.
  • Gövhər Sultan
  • Mahmud mirzə (ö. 1491) — atasının ölümünün ardından Ağqoyunlu mülkündə qaldı və mühüm ordu mənsubu oldu. 1491-ci ildə çıxardığı üsyanla İraq və Fars vilayətində özünü sultan elan etdi. Ancaq Baysunqur mirzəylə mübarizədə məğlub edildi və döyüş meydanından qaçaraq gizləndiyi dəyirmanda ələ keçirildi. Bürucird yaxınlığında edam olundu.
  • Hüseyn mirzə (ö. 1492, Qahirə) — atasının ölümünün ardından anasıyla birlikdə Qahirəyə qaçdı və Məmlük sultanı Qayıtbəyə sığındı. Burada bilinməyən bir səbəblə vəfat etdi.
  • Sultanzadə Gödək Əhməd
  • Adı bilinməyən bir qızı, Cahangir mirzənin nəvəsi Hüseyn Əlixani mirzəylə evləndirildi.[17]
  • Karakoyunlu ve Akkoyunlu Devletlerinde Hanedan Üyelerinin katli, Eda Geyik. Yüksek Lisans Tezi. TC Kastamonu Üniversitesi. Kastamonu-2021
  1. 1 2 John E. Woods. (1999). The Aqqoyunlu: Clan, Confederation, Empire. Salt Lake City: The University of Utah Press
  2. 1 2 3 Ebu Bekr-i Tihrani. (2001). Kitab-ı Diyarbekriyye (Çev. Mürsel Öztürk). Ankara: Türk Tarih Kurumu Basımevi
  3. Behrâmnejâd, M. (2019). Karakoyunlular Akkoyunlular: İran ve Anadolu’da Türkmen Hanedanları. (Çev. Serdar Gündoğdu-Ali İçer). İstanbul: Kronik Kitap
  4. 1 2 Həsən Bəy Rumlu. (2017). Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). (Çev. Oqtay Əfəndiyev-Namiq Musalı)
  5. 1 2 Şerafettin Turan, “Fâtih Mehmed-Uzun Hasan Mücadelesi ve Venedik”, Ankara Üniversitesi Tarih Araştırmaları Dergisi, C.3, S.3-4, Ankara 1965, s.109
  6. Altan Çetin, “Yahya Kazvinî’nin Lubb et-Tevârihinde Akkoyunlularla Alakalı Bilgiler”, Belleten, C.71, S.260, Ankara 2007, s.56
  7. Turan, Ş. (1965). Fatih Mehmed-Uzun Hasan Mücadeleleri ve Venedik. Ankara Üniversitesi Tarih araştırmaları Dergisi, 3(4-5), 63-138.
  8. 1 2 3 Paydaş, K. (2012). Osmanlılara Sığınmış Önemli Bir Ak-Koyunlu Şehzadesi: Uğurlu Mehmed Bey. Türk dünyası Araştırmaları Dergisi, 199(100), 41-53
  9. Muḥaddis̲, Mīr Hāshim (1982). Tārīkh-i Qizilbāshān [History of Qizilbashes] (in Persian). Tehrān : Bihnām. p. 18
  10. İlhan Erdem-Kazım Paydaş, Ak-Koyunlu Devleti Tarihi: Siyaset-Teşkilat-Kültür, Birleşik Yayınevi, Ankara 2007, s.104
  11. Tülay Koyuncuoğlu, “İbn İyâs'ın "Bedâi' ez-Zuhûr fî Vekâi' ed-Duhûr" Adlı Eserindeki Ramazanoğulları Beyliği ve Akkoyunlular ile İlgili Kayıtlar”, Ege Üniversitesi Sosyal Bilimler Enstitüsü, Basılmamış Yüksek Lisans Tezi, İzmir 2004, s.1
  12. Tursun Bey, Fatih’in Tarihi (Tarih-i Ebu’l Feth), (Yay. Haz: Ahmet Tezbaşar), Tercüman Yayınları, İstanbul, s.140-141
  13. Tufan Gündüz, Seyyahların Gözüyle Sultanlar ve Savaşlar, Yeditepe Yayınları, İstanbul 2017, s.52-53
  14. Hoca Sâdeddin Efendi, Tacü’t-Tevârih C.3, (Çeviren: İsmet Parmaksızoğlu), İstanbul 1979, s.131
  15. Tufan Gündüz, Uzun Hasan ve Fatih Mücadelesi Döneminde Doğu’da Venedik Elçileri, Yeditepe Yayınevi, İstanbul: 2016, s.92-93
  16. MİROĞLU, İsmet. (1993). "Akkoyunlu Beylerinden Ferruhşad Bey’in Vakfiyesi". Türk Tarih Belgeleri Dergisi, Ankara, səh 152
  17. Bitlisli Şerefhan, Şerefname I, (Çev. M. Emin Bozarslan), Deng Yayınları, Diyarbakır 1997, s.186