Quba xalçaçılıq məktəbi

Vikipediya, azad ensiklopediya
C Mirəli2001 (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 16:41, 25 fevral 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Quba xalçaçılıq məktəbiQonaqkəndDəvəçi rayonları daxil olmaqla 35-ə yaxın ornament kompozisiyalı xalçaları əhatə edir. Quba ərazisində çoxlu müxtəlif tayfalar yerləşən tarixi bölgədir. Hazırda burada müxtəlif dillərdə – Azərbaycan, ləzgi, tat, xınalıq, cek, buduq, qırız və başqa dillərdə danışan xalqlar yaşayır. Quba xalçaları geniş naxış müxtəlfliyi, bəzən qonşu kəndlərdə toxunmasına baxmayaraq naxış müxtəliflikləri ilə fərqlənirlər. Onların ornamentlərinin böyük əksəriyyəti üslüblaşdırılmış coğrafi və bitki motivləri ilə xarakterizə olunur.

Onlardan "Qırız", "Qımıl", "Qonaqkənd", "Şahnəzərli" və digər xalçaları göstərmək olar. İlk baxışdan Quba xalçalarında ornamentin müxtəlif xüsusiyyətlərini görmək olar. Ancaq diqqətlə baxdıqdan sonra əmin olmaq olar ki, kompozisiyanını bütün bəzəkləri ciddi vahid mənaya tabedirlər.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Quba-Xaçmaz regionu həmçinin dünyada tanınan məşhur Quba xalçaçılıq məktəbinin mərkəzidir.

Azərbaycanın şimal-şərgində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə — Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar.

Dağətəyi hissədə xalça istehsalı – Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi kəndlərində, ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan xalçalar da daxildir.

Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları "Qədim-Minarə xalçası", "Qımıl xalçası", "Alpan xalçası", "Qollu-çiçi xalçası", "Pirəbədil xalçası", "Hacıqayıb xalçası", "Qırız xalçası", "Cek xalçası" və s.-dir.

Bu kompozisiyada əsasən orta hissə şaquli istiqamətdə əsas üçbucaq üzrə ardıcıl yerləşən medalyon naxışlar və kətəbədən ibarətdir. Onların ətrafını dağınıq şəkildə çoxlu müxtəlif formalı böyük və balaca elementlər təşkil edir. Bu elementlərə müxtəlif kompozisiya malik nəinki Quba, həmçinin Şirvan, Bakı, hətta Qazax xalçalarında da rast gəlmək olar. Belə kompozisianın orta hissəsi "açıq yerli" hesab olunur, yəni bağlı olmayan fon. "Quba" xalçalarının haşiyə formalı naxışları müxtəlif zolaqlardan – orta haşiyə, kiçik haşiyə və mədaxildən ibarətdir. Bu haşiyənin əsas bəzəyini təşkil edən elementi xalçaçılıar "tonqal" adlandırırlar ki, bu da ocaq deməkdir. Belə fərz etmək olar ki, bu ad bir zamanlar mövcud olan atəşpərəslik etiqadı ilə bağlıdır. "Quba" xalçalarının orta hissəsinin fonu əksər hallarda, tünd göy və yaxud tünd mavi rəngdə olur.

Bu xalça kompozisiyanını əsasını qırmızı fona malik orta hissədə şaquli şəkildə yerləşən üç böyük səkkizguşəli medalyon təşkil edir. Bu medalyonların rəngi, forması və ölçüsü eynidir. O həm də ümumi haşiyələrdən birini təşkil edir. Medolyonların ortasında çoxda böyük olmayan naxışlarla (mədaxil və koşacaq) haşiyələnmiş səkkizguşə yerləşir. Orta hissə səkkiz xəttdən ibarət olan ümumi haşiyə ilə əhatə olunmuşdur.

"Alpan" xalçaları adını Susayçay çayının yaxınlığında yerləşən Alpan kəndindən götürüb. Bu xalçanını kompozisiyası Susay və Sabat kəndlərində yayılmışdır, XIX əsrin ikinci yarısından başlayaraq isə o, həmçinin Qusar rayonunun xalçaçılıq məntəqələrində geniş yayılmağa başlayır. Mütəxəssislər bu xalçanı "Quba", "Dağıstan" da adlandırırlar. Bu naxışların böyük hissəsi üslublaşdırılaraq, həndəsi və bitki motivləri ilə səciyyələnir. Quba xalçalarında medalyonların formaları digər bölgələrin xalçalarına nisbətən daha mürəkkəbdir. Bu xalça kompozisiyasının əsasını medalyon naxışlar və onun ətrafında dioqanal xətt üzrə "xərçəng" elementi təşkil edir. Alpan kəndinin xalça ustaları orta ölçülü oymaları "çarhovuz", yəni hovuz, onun üzərində yerləşən kiçik elementləri isə "ördək" adlandırırlar. Orta hissənin boş yerlərində isə müxtəlif formaya malik, üslublaşdırılmış həndəsi və bitki elementləri yerləşdirilir. Xalçalar əsasən tünd yaşıl, sarı rəngdə toxunur. Yüksək növ sıxlığı və naxışların nəfisliyi ilə seçilir.

Xırdagülçiçi

[redaktə | mənbəni redaktə et]

"Xırdagülçiçi" xalçası Qubanın xalçatoxuma məntəqələrində istehsal olunur. Xalçanın orta sahəsi xırda elementlərdən təşkil olunduğu üçün bu xalçanın adını yerli xalçaçılar "Xırdagülçiçi" qoyublar (xırdagül tərjümədə xırda çiçəklər adlanır). Orta sahənin ümumi kompozisiyasını şaquli və üfiqi üçlük boyunca qısa məsafədə yerləşən rapportlar təşkil edir. Bu rapportlar özündə bir neçə doldurucu, əlaqələndirici və köməkçi elementləri birləşdirir. Xalq arasında "Başmaq" adlanan, həqiqətdə isə üslüblaşdırılmış yarpaq elementi kompozisiyanın əsas elementini təşkil edir. Qalan elementlər isə hər biri özlüyündə rapportun başlanğıc və ya mərkəzi funksiyasını yerinə yetirir. Xalça bir orta haşiyə, iki haşiyə və caqadan ibarət haşiyə ilə köbələnib.

Alçagülçiçi

[redaktə | mənbəni redaktə et]

Bu xalça Quba rayonunun Dərəçiçi kəndinə məxsusdur. Xalça ustaları bu xalçanı "Alçagülçiçi" adlandırıblar. Sənətşünaslar və mütəxəsislər arasında bu xalça "Çiçi" kimi tanınır. Naburda, Şamaxıda, Alçimanda, Şirvanda toxunan xalçalar yerli texnologiya və rəssamlığın təsirinə məruz qalaraq "Şirvan-çiçi" adlanırlar. "Alçagülçiçi" xalçasının kompozisiyasının orta hissəsi Ancaq "Alçagülçiçi" elementləri ilə doldurulub. Xalçanın uzunu və eni boyu təkrarlanan bu elementlər sıra əmələ gətirir. Haşiyə zolağı müxtəlif enlilikdə olan cərgələrdən, həmçinin "caga", "mədaxil", "zəncirə"dən ibarətdir.

Həndəsi və bitki motivləri ilə səjiyyələnən ornamentlərin böyük əksəriyyəti üslublaşdırılıb, əla növ sıxlığı və zərifliyi ilə seçilir. Rəsmin platik çevikliyi, forma və rəngin emosinal inikası vasitəsilə bəzədilən xalçalarda həyatın sevinc hissi verilir. Rəssamlıq məharəti vahid harmonik zərurətə tabe olan dekorativ ifadə vasitələri, ritm, simmetriya və dəqiq tamamlanmış kompozisiya quruluşu ilə daha qabarıq özünü büruzə verir.

Bu xalça Dərəçiçi kəndinə məxsusdur. Xalça ustadları və mütəxəssisləri arasında bu xalça həm də "Çiçi" adı ilə məşhurdur. Nabur, Şamaxı, Alçiman, Şirvan kimi məntəqələrdə istehsal olunan xalçalar yerli dəyişikliklərə məruz qalaraq "Şirvan-çiçi" adı ilə tanınmağa başlayıblar.

Orta sahə kompozisiyası əsasən "Sırt-çiçi" elementləriylə doldurulub. Xalçanın eni və uzunu boyu təkrarlanan bu elementlər cərgələr əmələ gətirir. Köbə xətti "jaqa", "mədaxil", "zəncirə" kimi müxtəlif enə malik zolaqlardan ibarətir.

"Qolluçiçi" xalçaları Azərbaycanın şimal-şərqindəki xalçaçılıq məntəqələrində geniş yayılıb. Təqribən XVIII əsrin dördünjü rübündə Azərbaycan incəsənətinə daxil olan xalçanını kompozisiyası tək öz tərtibatı ilə deyil, həm də bəzək elementlərinin orijinallığı ilə seçilir. 200 il ərzində bu kompozisiya müxtəlif ad və müxtəlif formlarda mövcud olub. Buna sübut olaraq onu göstərmək olar ki, "Qolluçiçi" xalçası XIX əsrdə Qarabağda "Maşin" adı ilə geniş yayılmışdır. Orta hissəsinin kompozisiyası bir-birinin üstündə çarpazlaşmış bir neçə medalyondan ibarətdir. Onların tərtibat prinsipi – diaqonal istiqamətli dörd böyük qolun çarpazlaşmasıdır. Bu adlar "Xətai" kompozisiyasının əsasını təşkil edən "qol" (böyük budaqlar) təsviri ilə bağlıdır, belə ki, yuxarıda adları çəkilən xalçalar bu kompozisiyaya aiddir.

1856-cı ilə aid Qubada toxunmuş "Bico" xalçası. ABŞ, Nyu-york, Bruklin muzeyi-İslam Dünyası İncəsənət kolleksiyası
border=none Əsas məqalə: Bico xalçaları

Bu xalçalar Quba xalçaçılarının toxuduğu ən məşhur incəsənət əsərlərindən sayılır. Bico xalçaları Şirvan bölgəsində yerləşən, Azərbaycanın ən məşhur xalçatoxuma məntəqələrindən olan Bico kəndinin (indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxildir) adı ilə bağlıdır. Qərb mütəxəssisləri Quba-Bico xalçalarının Şirvan xalçaçılıq məktəbinə daxil olan qədim Bico xalçalarının çeşniləri üzərində toxunmasını qeyd edirlər. Bir çox hallarda "Qubada toxunmuş Bico xalçası" kimi də tanıdılır. 18–19-cu əsrlərdə toxunmuş və "Quba-Bico" adlandırılan xalçalar indi dünyanın bir çox muzeylərində saxlanılır. Ehtimal olunur ki, bədii ornament və incəsənət baxımından təkcə Şirvanda deyil, bütün Qafqazda ən məşhur xalçalar sayılan Bico xalçaları Şirvanın bir çox xalçatoxuma məntəqələri ilə yanaşı Quba xalçaçılıq məntəqələrinə də təsirsiz ötüşməmişdir. 18–19-cu əsrlərdə toxunmuş "Quba-Bico" xalçaları indi dünyanın bir çox muzeylərində saxlanılır.

"Qımıl" XIV–XV əsrdə Qəbələdə yaranıb, XVIII əsrdən başlayaraq isə o, Qubada və Quba rayonunun bəzi xalçaçılıq məntəqələrində yayılmağa başlayıb. Bunun nəticəsində, bu xalça Qımıl kəndindən uzaqlaşaraq başqa xalçaçılıq məntəqələrində tərtib olunaraq, tədricən öz mədəni məziyyətlərini itirməyə və təhriflərə məruz qalmağa başladı. Orta hissənin mərkəzində uzunsov çoxgüşəli medalyon yerləşir. Əvvəllər "xonça" adlandırılan bu medalyon, XIX əsrin II yarısında xalçaçılar arasında "podnos" adı kimi geniş yayılmışdı. Yuxarıda göstərilən medolyonun yuxarı və aşağı tərəfindən kompozisiyaya məxsus dörd böyük çoxguşəli elementlər yerləşir. Xalçaçılar bu elementi "şam" adlandırırlar (şam, fənər). "Qımıl"ın orta hissəsi bir sıra məişət və bəzək əşyalarının üslublaşdırılmış təsvirindən ibarətdir.

Quba qrupuna daxil olan məşhur "Qaraqaşlı" xalçası Dəvəçi rayonunun Hacı-Qaraqaşlı, Çay-Qaraqaşlı, Susanlı-Qaraqaşlı kəndlərində istehsal olunur. Bu adla da o, tanınır. Orta sahədə şaquli üçbucaq boyu kiçik medalyonlar yerləşib. Ustad mütəxəssislər və xalça ustaları bu medalyonların "musiqi alətləri"nin təsviri olduğunu hesab edirlər. Medalyonlar arasında müxtəlif növlü elementlərə rast gəlmək olar. Xalq arasında onları "quşbaşı" adlandırırlar. "Qaraqaşlı" xalçanın orta sahəsi adətən tünd göy və ya tünd qırmızı rəngdə olur. Nadir hallarda tünd mavi və ya ağ fona malik xalçalara rast gəlmək olar. Həndəsi və bitki motivləri ilə səjiyyələnən ornamentlərin böyük əksəriyyəti üslublaşdırılıb, əla növ sıxlığı və zərifliyi ilə seçilir.

"Şahnəzərli" xalçaları öz adını "Şahnəzərli" kəndinini adından götürüb. Bu tip xalçalar özündə 35 kompozisiya cəmləşdirib. İhtehsal mərkəzinin "Şahnəzərli", Məlhəm, Göylərə, Qonaqkənd kəndləri olmasına baxmayaraq, onu həmçinin Quba, Şamaxı və Ağsu rayonunun kəndlərində də toxuyurlar. Xalçanın orta sahəsinin kompozisiyası əsasən şaquli üçbucaq boyu yerləşən bir neçə gellərdən ibarətdir. Orta sahədə bu xalçaya xas olan 2 qubpa və 2 başlıq yeləşib; biri aşağıda birinci gelin əvvəlində, ikincisi yuxarıda axırıncı gelin sonunda yerləşir. Olduqca üslublaşdırılmış bu qubpalar medalyonları tamamlamaqla yanaşı, orta sahənin kompozisiyasını tam bitkin şəklə salır və onu təkmilləşdirir, həmçinin gelləri daha yaxşı qruplaşdırır. Azərbaycanda, həmçinin Orta Asiyada xalq xalça toxuyanları və sənətkarlar kompozisiyadan asılı olmayaraq, bir çox medalyona malik istənilən xalçanı, "Güllü" adlandırırlar. Böyük əksəriyyəti səkkizguşəli forması olan və çox böyük olmayan kvadratlarla bəzədilmiş bu medalyonlar öz sadəliyi və rəngarəngliyi ilə Qazax, Qarabağ və Cənubi Azərbaycan xalçalarından nəzərə çarpacaq dərəcədə fərqlənirlər. Olduqca üslublaşdırılmış "qubpa"lar kompozisiyanı tamamlayır və təkmilləşdirir, həmçinin daha yaxşı qruplaşdırır. Əla növ sıxlıq, zəngin bəzək ornamentləri, toxunuşun zərifliyi bu xalça qruplarının səciyyəvi xüsusiyyətləridir.

Herat Pirəbədil

[redaktə | mənbəni redaktə et]

Tarixən bu xalça XV əsrdə Əfqanıstanın Herat şəhərində yaranıb. Sonralar başqa adlarla Azərbaycanın rayonlarında yayılmağı başlayıb. Əsasən Qarabağda "Balıq" adıyla tanınır.

Bu xalça adını Pirəbədil kəndindən götürüb. Yerli xalça toxuyunlar bu xalçanı "Burma", "Qırman" bəzən isə "Qayçı" adlandırırlar. Bəzi xalça ustaları, həmçinin sənəşünaslar onu "Miqradi" və ya "Qroy" adlandırırlar ki, bu da "menroy" (qayçı) ərəb sözünün şəkli dəyişilmiş forması olur. Orta sahənin sol və sağ tərəfindən yalnız bu tip xalçalara xas olan və qayçını xatırladan element yerləşir. "Pirəbədil" xalçaları digər Azərbaycan xalçalarından daha qədim tarixə malikdir. Əsas elementləri sol-sağ tərəflərdə igidlik və ərlik rəmzi olan "qayçı" və "buynuz" təsviri, orta sahənin mərkəzində "hindtoyuğu", onun kənarlarında isə meyvə ağaclarının yarpaqları və səkkizguşəli gel təsvir olunur. Bu xalçaların böyük əksəriyyətinin orta sahəsi adətən tünd göy, bəzən isə tünd qırmızı olur.

"Zeyvə" xalçası öz adını Qubanın cənub-şərqində yerləşən Zeyvə kəndindən götürüb. Xarici mənbələrdə o, "Şirvan" adı ilə qeyd olununr. Xalq arasında bu xalça "Qədim Zeyva" kimi tanınır. Xalçanın orta sahəsinin kompozisiyası əsas etibarilə mərkəzi üçbucaqda növbəli yerləşən bir neçə geldən ibarət olur. Forma və mənşəyinə görə Zeyva xalçasının əsas elementini təşkil edən bu medalyonlar tərtib olunduqları punktir xətlərinə görə orta əsrlərə aid etmək olar. Müxtəlif növlərdə yaradılmış belə gellərə təkcə Qafqaz xalqlarının dekorativ incəsənətində deyil, həmçinin Pribaltikada da rast gəlmək olar. Bura xalçaçılıq və toxuma üçün daha xarakterikdir. Bu gellərin ətrafında "səkkizbucaqlı", "qarmaqlı", "alma" adlanan müxtəlif doldurucu elementlər assimetrik şəkildə səpələnib. Adətən orta sahənin rəngi tünd qırmızı, tünd göy, açıq qəhvəyi rəngdə olur.

Quba qrupunun Quba-Şirvan tipinə daxil olan və "Əlixanlı" adını daşıyan xalça adını Siyəzən rayonunda yerləşən Əlixanlı kəndindən götürüb. Bu xalça həmçinin Azərbaycanın şimal-şərqində, o cümlədən Dəvəçi rayonunun xalça toxuma məntəqələrində istehsal olunur.

A. Bakıxanov "Gülüstani İrəm" əsərində Əlixanlı kəndinin adını "Alqon" divarı ilə əlaqələndirir və hesab edir ki, o, həqiqətən də "Alqonlu" adlanır. Müəllif bunu belə açıqlayır: İsfəndiyar bu divarı tikib (bizim eradan əvvəl VI əsr), Ənuşirəvan (IV əsr) onu bərpa edir. "Əlixanlı" xalçasının orta sahəsinin kompozisiyası əsasən mərkəzi şaquli üçbucaqda ardıcıl yerləşən bir neçə böyük geldən ibarətdir. Gellərin forması əyri xətlərlə, dişlərlə yerinə yetirilib. "Əlixanlı" xalçasının orta hissəsində bir, iki nadir hallarda isə üç gel üfiqi şəkildə yerləşir. "Əlixanlı" xalçası qırıq xətlərlə düzəldilimiş bəzəklərin mürəkkəb motivlərindən ibarətdir və ornament orta əsr sənətkarlarının incəsənət fəaliyyətinin nümunələrindəndir.

"Qonaqkənd" xalçaları XVIII–XIX əsrdə istehsal olunub. tədricən öz zahiri görünüşünü dəyişərək, ilkin əsası olan Xorasan xalçalarından tamamilə fərqlənirlər.

"Qonaqkənd" xalçasının əsas kompozisiyasını orta sahənin mərkəzində yerləşən böyük medalyon təşkil edir. Medalyonun içərisində mərkəzdə səkkiz kiçik xaç yerləşir. Medalyonlar primitiv kənd təsərrüfatı alətlərini xatırladan həndəsi xətlərin elementləri ilə naxışlanmışdır. Bu xalça nəzərəçarpacaq dərəcədə öz ilkin formasından uzaqlaşaraq, Azərbaycanın milli xalçaları sırasına daxil olub. XVIII əsrdə, əsasən XX əsrin II yarısında yarmarkaların genişlənməsilə əlaqədar olaraq bu xalçanın kompozisiyası böyük ölçüdə olan xovsuz xalçalarda istifadə olunmağa başladı.

"Qədim minarə" kompozisiyasının orta sahəsi olan "zəncirə"nin "Darağı" adlanan hissəsi mərkəzi üçbucağın sağ və sol tərəflərinə istiqamətlənərk, bir neçə yeni dördbucaqlı və düzbucaqlı təsvir yaradır. Bu yeni kvadrat və düzbucaqlının səthi əksər hallarda, qara, qırmızı və ağ rəngli balaca kvadratların şəbəkəsi ilə örtülmüş olur. Orta fon tünd-göy və ya qırmızı rəngdə olur.

"Uqax" xalçaları Qubanın yaxınlığında yerləşən Uqax kəndinin adını daşıyır. "Uqax" xalçasının orta sahəsinin kompozisiyası aralarında çox qısa məsafə olan raportlardan və bir formatda olan bitki elementlərindən ibarətdir. Xalq arasında "taxanq" kimi tanınır (üzüm yarpağı) və xalçanın əsas elementi olub, rapportların başlanğıcı və mərkəzini qeyd edən xətlərin, yəni kvadrat şəbəkələri yaradan xətlərin kəsişməsində yerləşir. Uzununa və eninə raportların sayı nə qədər çox olsa, yəni xalçanın ölçüsü nə qədər böyük olsa, onun incəsənət baxımından dəyəri bir o qədər aşağı olar. "Uqax" xalçasının xətt həşiyəsinin motivləri əslən tətbiqi dekorotiv incəsənətin müxtəlif sahələrdə naxışlardan mənimsənilmiş bitki ornamentlərindən götürülüb. Xalça toxuyanlar arasında "çiçəkli" adlandırılan orta haşiyəni həmçinin Qarabağ xalçası olan "Nəlbəkigül"-də görmək olar. Bu xalçanını çiçək xüsusiyyətlərindən danışarkən qeyd etmək lazımdır ki, onun fonu tünd qəhvəyi və ya yaşıl olur.

"Erfi" xalçası Erfi kəndinin adını daşıyır. O həmçinin Nohurdüzü, Qayadalı, Dark, Talış, Xırt, Qarabulaq kəndində istehsal olunur. Bəzi mütəxəssislər hesab edirlər ki, qocaman ustaların həmçinin "Heyməgah" adlandırdıqları (çadır qurulan yer) bu, "Şirvan" xalçasıdır. "Erfi" xalçasının orta sahə kompozisiyasını təşkil edən elementlər çox böyük olmayan şaquli üçbüjaqda yerləşirlər. Orta hissəsinin dekoru əsas etibarilə hər biri müstəqil üfiqi xətt təşkil edən, müxtəlif formalı 2 əsas elementdən ibarətdir. birinci cərgə "Saçaqlılar" qrupuna daxil olan elementlərdən ibarətdir, bu elementlərə adətən "Şirvan" qrupundakı xalçalarda rast gəlinir. İkinji cərgəyə xalçanın əsas geli (medolyonu) hesab edilən və xalq arasında "çadır" adlanan element daxildir. Bu elementlər hələ qədim zamanlardan bir çox Azərbaycan xalçalarında saxlanılıb. Onlar hər iki cərgədən bir təkrar olunur. Əsas elementlər isə hər cərgədən bir təkrar olunur. Haşiyə bəzəkləri əsasən 3 zolaqda – kətəbənin yanları boyu yerləşən orta haşiyə "kətəbə" və kiçik haşiyə "çaxmağı"dan ibarətdir. Bu kiçik haşiyəni XVI əsr İtalyan rəssamı Lorenso Lotonun (1480–1556) "Ailə" şəklində görmək olar. Haşiyə zolaqlarının rəngi orta sahənin rənginə əsasən dəyişir. "Erfi" xalçasını incəsənət baxımıdan incələyərkən belə bir nəticəyə gəlmək olar ki, orta sahənin kompozisiyası adətən köçəri tayfalara xas olan xovsuz xalçalardan mənimsənilib.

"Qırız" xalçasının orta sahəsinin kompozisiyası əsasən mərkəzi şaquli hissədə yerləşən bir neçə böyük gellərdən ibarətdir. Bu xalçaların gelləri formasına görə "xonçanı" və ya "tabaqı" xatırladır. Sağ və sol tərəfdə ustaların "güllü yaylıq" adlandırdıqları rombaoxşar elementlər yerləşdirilib. Gellərin mərkəzində xalq arasında "aypara" adlandırılan və toy nişanının təsviri sayılan element vardır. Gellərin arasında yerləşdirilmiş sırğa cütlərinin, bir sıraya düzülmüş quşların təsvirləri və müxtəlif formalı başqa elementlər "Qırız" xalçaları üçün xarakterdir.

border=none Əsas məqalə: Cek xalçaları

Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan "Cek" xalçalarının mərkəzləşmiş məntəqəsi Cek kəndi hesab olunur. "Cek" xalçaları Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir. Əsasən ceklilər tərəfindən toxunmuşdur.

Quba qrupunun Quba-Şirvan tipinə daxil olan bu xalça Quba rayonunun Dərəçiçi kəndinə məxsusdur. Nabur, Şamaxı, Alçiman, Şirvan xalçatoxuma məntəqələrində istehsal olunan xalçalar burada yerli texnoloci və rəssamlıq təsirinə məruz qalmışlar. "Butalı" xalçanın orta sahə kompozisiyası əsasən "buta" elementləri ilə doldurulub. Xalçanın uzununa və eninə boyu təkrarlanan bu elementlər cərgə yaradır. Haşiyə xətti müxtəlif ölçülü zolaqlardan, o cümlədən "jaqa", "mədaxil", "zəncirə"dən ibarətdir. Ornament üslüblaşdırılb və əla növ sıxlığı, zərifliyi, bəzəkləri ilə seçilir. Rəsmin plastiki çevikliyi, forma və rəngin emosinal ifadəsi vasitəsilə naxışlanmış xalçada həyatın sevinc hissi verilir. Rəssamlıq məharəti vahid harmoniya zərurətinə tabe olan dekorativ ifadə vasitələri, ritm, simmetriya, tam aydın kompozisiya quruluşu ilə tətbiq olunur.

Bu xalça Dərəçiçi kəndinə məxsusdur. Orta sahə təkcə "gül" elementləri ilə doldurulur. Xalçanın uzunu və eni boyunca təkrarlanan bu elementlər cərgə əmələ gətirir. Haşiyə zolağı müxtəlif ölçülü zolaqlardan, o cümlədən "jiqa", "mədaxil", "zəncirədən" ibarətdir.

Quba xalçaçılıq məktəbindən nümumələr
Himil xalçası. Quba xalçaçılıq məktəbi. 1902-ci il. Uzundərə xalçası, 2 aprel, 2004-cü ildə Sotbi auksionunda satılmışdır . Quba xalçaçılıq məktəbi. XIX əsrin ortaları. Qəbələ xalçası. Quba xalçaçılıq məktəbi, XIX əsr. Cek xalçası. Quba xalçaçılıq məktəbi, XIX əsr.[1][2]
  1. Лятиф Керимов, "Азербайджанский ковер" (Том II), Баку, "Гянджлик", 1983, ст. 189–190, табл. 28. (rus.)  (ing.)
  2. http://www.carpets.dgu.ru/img/sm/dzhek.jpg[ölü keçid] dzhek.jpg (rus.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]