Abbas Atamalıbəyov
Abbas Atamalıbəyov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 fevral 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 1971 |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Abbas bəy Seyfulla bəy oğlu Atamalıbəyov (26 fevral 1895, Tiflis – 1971, Klivlend, Ohayo) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Abbas bəy Atamalıbəyov 1895-ci ilin 26 fevral tarixində Tiflisdə dünyaya göz açmışdır. İlk təhsilini Tiflisdə almışdır. Topçu zabit olmaq istəyən Atamalıbəyovun görmə qabiliyyəti zəif olduğundan onu hərbi məktəbə qəbul etməmişdilər. 1914-cü ildə Peterburq Politexnik İnstitutunun dəniz mühəndisliyi fakültəsinə qəbul olunmuşdur.[1] ABŞ-yə köçdükdən sonra 1971-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Ölümündən bir az əvvəl fransızca yazmağa başladığı xatirələri yarımçıq qalmışdır.[2]
Ailəsi
[redaktə | mənbəni redaktə et]- atası — Seyfulla bəy Atamalıbəyov (kökcə şamaxılı polkovnik (sonralar general))
- anası — Mələk xanım İbrahimbəyova
Abbas bəy İbrahim ağa Vəkilovun qızı Reyhan xanım Vəkilova ilə ailə qurmuş, Qalib adlı oğlu dünyaya gəlmişdir. Oğlu Qalib Atamalıbəyov (1924) ABŞ-də yaşayırdı.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Sankt-Peterburqda dəniz donanması mühəndisliyi ixtisası üzrə ali təhsil alarkən Rusiyada sosialist inqilabı baş verdi. O zaman sosial inqilabçılar partiyasının üzvü idi. Bu dövrdə o sağ eserlərə qoşulmuş, müsəlman həmyerlilər komitəsinin sədri seçilmişdi. Rusiyada inqilabi hərəkatda yaxından iştirak etmiş, hərc-mərclik yarandığından Qafqaza dönmüş, eserlər partiyasında siyasi fəaliyyətini davam etdirmişdir. Atamalıbəyov Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sosialistlər fraksiyası üzvü idi. Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini gəmiqayırma sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Abbas bəy Atamalıbəyov 1919-cu ildə Xarici İşlər Naziri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında M. Məhərrəmovu əvəz etmək üçün ezam edilmiş və o nümayəndə heyətinin tərkibində katib kimi fəaliyyət göstərmişdir. Heyətin digər üzvləri arasında Mir Yaqub Mehdiyev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Əkbərağa Şeyxülislamov da var idi. Aprel işğalından (1920) sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–25 illər üçün məlumatında Atamalıbəyovun təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]O, ABŞ Prezidenti Vudro Vilsonla görüşmüşdü. Onlar konfransda Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasına nail olmuşdular. Lakin, təssüf ki, Cenevrədə Millətlər Liqasında müstəqil Azərbaycanı de-yure tanımaq haqda tələbləri qəbul olunmamışdır. O vaxt artıq bolşeviklər ölkəyə daxil olmuş və nümayəndə heyəti daha heç bir şey edə bilməmişdi. Bundan sonra A. Atamalıbəyovun həyatı asan olmamışdır. Təbii ki, o mühəndislik təhsilini dayandırmaq məcburiyyətində qalmışdır. Azərbaycana dönə bilməyən A. Atamalıbəyov Parisdə qiymətli daşlar üzrə ekspert kimi işləməyə başlamışdır. Lakin, buna baxmayaraq, siyasi fəallığını davam etdirirdi. Siyasi fəaliyyətini davam etdirmiş Atamalıbəyov mühacirət dairələrində tanınan siyasətçilərdən olmuşdur. Fransa hökumətinin SSRİ-yə qarşı siyasətinin mühacirlər üçün yaratdığı əlverişli imkanlardan istifadə edərək Parisdə Siyasi Elmlər Məktəbini bitirmişdir. Azərbaycan mühacirətində Məhəmməd Əmin Rəsulzadəyə müxalif olan qrupa mənsub idi. Qərargahı Cenevrədə olan Millətlər Cəmiyyətinin siyasi tədbir və müzakirələrində vaxtaşırı iştirak etmişdir. 1934-cü il Əlimərdan bəy Topçubaşovun vəfatından sonra Parisdə cəmləşən Azərbaycan mühacirətinin rəhbəri idi. Əməkdaşlıq etdiyi "Revyu de Prometey", "O" jurnallarında Cənubi Qafqaza dair məqalələri dərc olunmuşdur. Fransa almanlar tərəfindən işğal olunduqdan sonra Berlində yaşamış, orada Qırmızı Xaç Komitəsində çalışmış, azərbaycanlı əsirləri xilas etmək üçün böyük işlər görmüşdür. Siyasi fəaliyyətini burada da davam etdirən Atamalıbəyov Azərbaycan legionu ilə Hitlerin ordu qərargahı arasında əlaqə saxlayan üç nəfərdən ibarət qrupa (Ə. Fətəlibəyli-Düdənginski və F. Əmircanla birlikdə) daxil olmuşdur. 1944-cü ilin oktyabrında Qafqaz Şurasının yaradılmasının təşəbbüsçülərindən olmuş, Şuranın 1947-ci ildə Lozannada keçirilən toplantısında iştirak etmişdir. Sonralar bir müddət Çilidə, MƏR-də, 1967-ci ildən isə ABŞ-də yaşamışdır. Ömrünün sonunadək Azərbaycanın istiqlalı uğrunda mübarizə aparmış, vətəninə qovuşacağına inamını itirməmişdir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-25.
- ↑ 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 126–127
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Abbas Atamalıbəyov
- Abbas Atamalıbəyov Həyatı Arxivləşdirilib 2020-08-04 at the Wayback Machine
- "Əbədi ezamiyyət" – Abbas bəy Atamalıbəyov
- Bakıdan Klivlendə uzanan ömür yolu
- İstiqlal yolunun şanlı mühacidləri — Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri
- XALQ CÜMHURİYYƏTİ PARLAMENTİ ÜZVÜNÜN OĞLU ABŞ-də RESPUBLİKA GÜNÜNÜ QEYD ETMİŞDİR
- 26 fevralda doğulanlar
- 1895-ci ildə doğulanlar
- Tbilisidə doğulanlar
- 1971-ci ildə vəfat edənlər
- Klivlenddə vəfat edənlər
- Sankt-Peterburq Politexnik Universitetinin məzunları
- Paris Universitetinin məzunları
- Siyasi Araşdırmalar İnstitutunun məzunları (Paris)
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Atamalıbəyovlar
- Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri
- Sankt-Peterburqda təhsil almış azərbaycanlılar
- Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri
- Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri
- Azərbaycan siyasətçiləri
- Azərbaycanlı siyasətçilər
- Azərbaycanlı siyasi mühacirlər
- Milli Birlik Məclisinin üzvləri
- Azərbaycan memuarçıları